Azərbaycanda 88 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda 88 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
11:07 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ İyunun 13-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərraca ümumilikdə 88 əmlak çıxarılıb.
Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgəlrədə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişli rayonunda yerləşən “Yardımçı Təsərrüfat”dır. Adı çəkilən əmlak 450 min manata təklif olunur. Bu əmlakın ümumi faydalı sahəsi 533 kv.m, torpaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Bundan başqa “Şəmkir yun tədarükü məntəqəsi” də torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 63 min kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 350 min manatdır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 23-ü Bakıda, 1-i Kürdəmirdə, 3-ü Gəncədə, 1-i Ağstafada yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 17-242 kv.m arasında dəyişir.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Azinterservis”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq”, “Tərtər Konserv” kimi müəssisələr var.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-88-dovlet-emlaki-ozellesdirmeye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR