Azərbaycanda vəbaya qarşı monitorinqlər başlayıb

Azərbaycanda vəbaya qarşı monitorinqlər başlayıb
12:09 15 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər Yəmənin 14 vilayətində vəbaya yoluxma hallarının baş qaldırdığı haqda məlumatlar verilir. Yayılan xəbərlərə görə, artıq 8,5 mindən çox insan vəbaya yoluxub. Son həftə ərzində yoluxanların sayı 3 dəfəyə qədər artıb.  Yəməndə vəba epidemiyası 115 nəfərin həyatına son qoyub.

 

Bəs Azərbaycanda vəba təhlükəsi varmı?

 

Respublika Taun Əleyhinə Stansiyasının Laborator tədqiqat şöbəsinin direktor müavini Şeyda Şıxəliyeva Lent.az-a bildirib ki, Azərbaycanda vəba təhlükəsi yoxdur: “Ölkəmiz vəba üçün endemik olmadığına görə son 20-30 il ərzində heç bir vəba hadisəsi aşkarlanmayıb”.

 

Ş.Şıxəliyeva onu da qeyd edib ki, bu gündən Taun Əleyhinə Stansiya tərəfindən vəbaya qarşı monitorinqlərə start verilib: “Hər il may ayının 15-dən oktyabr ayına kimi içməli su hövzələrində, dənizlərdə, çimərliklərdə, su kranlarında və respublika ərazisində vəba üçün təhlükəli sayılan ərazilərdə monitorinqlər aparılır. Respublikanın bütün nöqtələrindən nümunələr bizim laboratoriyaya daxil olur. Bu xəstəlik yay aylarında aktivləşdiyi üçün monitorinqlərə havalar isinəndə başlanılır. Şübhəli şəxslərdən və eləcə də ərazilərdən nümunələr götürülərək laboratoriyada analizləri aparılır. Son monitorinqin nəticələrinə əsaslanaraq deyə bilərəm ki, hazırda ölkə ərazisində vəba ilə bağlı təhlükə yoxdur”.

 

Ş.Şıxəliyeva bildirib ki, vəbaya yoluxmaq təmizliyə düzgün riayət edilmədiyi hallarda baş verir: “Natəmiz su ilə çimmək, içmək, natəmiz qida ilə qidalanmaq, əlləri yumamaq, meyvə-tərəvəzləri yumadan yemək kimi hallarda vəbaya yoluxma qeydə alınır. Azərbaycanda belə bir təhlükə olmasa da vəba yayılan ölkələrdə olarkən gigiyenik qaydalara riayət etmək zəruridir”.

 

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev Lent.az-a deyib ki, IV İslam Oyunları ilə bağlı ölkəyə gələn turistlərlə bağlı hələ ki Stansiyaya şikayət daxil olmayıb: “Ümumiyyətlə, vəba təhlükəsi olan ölkələrdən gələnlər hər zaman nəzarətə götürülürlər. Hazırda ölkədə vəba təhlükəsi yoxdur”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR