Müğənni Elnarə Xəlilova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə açıq məktub yazıb.
Publika.az xəbər verir ki, o, nazirə ünvanladığı məktubda Opera və Balet Teatrının rəhbərliyindən şikayət edib.
Müğənni məktubda bunları qeyd edib:
"Cənab nazir Əbülfəs Qarayev, mən Elnarə Xəlilova Sabit qızı
Müstəqil Telekompaniya olan Space telekanalında yayımlanan
"Xanımlar və cənablar” adlı proqramın müəllifi və aparıcısıyam.
Proqramda tamaşaçıları istənilən mövzularda mütəxəssislərin yardımı
ilə maarifləndirmə istiqamətində çox mühüm işlər aparılır. Reytinq
xatirinə nə ağlamaq, nə də yersiz gülmək yoxdur. Eyni zamanda
Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği ilə meşğuluq.
Proqramda millət vəkillərindən tutmuş, səfirlər və onların
xanımları, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinə
qədər qonaqlar təşrif buyururlar.
Ötən həftə Opera və Balet Teatrında "Arşın mal alan” tamaşasına
baxmağa getdim və tamaşadan olduqca böyük zövq aldım. Deyərdim ki,
bu tamaşa Azərbaycan mədəni irsinin ən gözəl nümunələrindən
biridir. Buna görə də tamaşa bitdikdən sonra kulisdə aktyorlarla
görüşdüm və onları böyük məmnuniyyətlə proqramımızda görmək
istədiyimi bildirdim. Mayın 13-ü teatrın mətbuat xidmətinin
əməkdaşı Şükufə xanımla əlaqə saxlayıb rəhbərlik səviyyəsində
aktyorların proqramda iştirakına icazə aldım. Ondan sonra mətbuat
xidmətindən bir-bir aktyorların telefon nömrəsini alıb şəxsən özüm
onlara zəng edib verilişimə dəvət etdim. Hər kəsin razılığını
aldıqdan sonra 76 yaşlı çoxdan təqaüdə getməli olan rejissor işləri
müdiri Tamara Eyvazova mənə zəng vurub aktyorları buraxmadığını
söylədi. Səbəbini soruşduqda həmin gün saat 4-də aktyorlardan
üçünün "Sevil” operasının məşqində olmalarını dedi. Mən də öz
növbəmdə aktyorların məşqinə heç bir şəkildə mane olmayacağımı
söylədim. Belə ki, veriliş bir saatlıqdır və mən 13:00-da proqrama
başlayıb, 14:00-da onları buraxacağıma dair söz verdim. " Bu
televiziyadır, gecikmələr olur” bəhanəsi isə bizə aid deyil.
"Xanımlar və cənablar” proqramına ayrılmış günlərdə 2-3 veriliş
çəkdiyimi və bu səbəbdən də gecikmənin qeyri-mümkün olduğunu Tamara
xanıma bildirdim. Qisacası, hər nə qədər aktyorların məşqə
gecikməyəcəklərinə dair faktlar sadalasam da 76 yaşlı bu xanımın
"icazəsini” ala bilmədim. O, mənim heç bir fikrimi dinləməyərək
"aktyorlarımı proqrama buraxmıram” dedi.
Bundan sonra mən çəkilişi saat 12:00-la təyin etdim və ehtiyatda
bir əlavə saatın olmasın ona bildirdim və dedim ki, çəkiliş və
sizin məşq günü ayrı-ayrı saatlardadır. Üstəlik aktyorların saat
13:00-da artıq studiyadan çıxacağına söz verdim. Bu isə o deməkdir
ki, saat 16:00-dək aktyorların istirahət etməyə vaxtları da
qalacaq. Bununla da Tamara xanımı razı sala bilmədim. Ancaq yersiz
və səbəbsiz "yox” cavabı eşitdim. Əhvalımı pozmadım. "Sevil”
operasında oynayan hər üç aktyora vəziyyəti başa saldım və dedim
ki, sizin proqramda iştirak etməyinizə icazə vermirlər. Sonra
proqramın çəkilişi günü məşqi olmayan yerdə qalan üç aktyora
dəvətli olduqlarını bildirdim. Onlara proqramda Azərbaycan
incəsənəti, Opera və Balet Teatrının təbliği istiqamətində
söhbətlər edəcəyimizi və yeri gəldikcə tamaşalardan musiqi
nömrələri ifa edə biləcəklərini dedim. Mayın 14-də isə mənə
bildirdilər ki, Opera və Balet Teatrının teatrının rəhbərliyi iclas
edib və bütün aktyorların "Xanımlar və cənablar” proqramda iştirak
etməyini qadağan edib. Teatrın direktoru bildirib ki, hansı aktyor
proqrama getmək istəyirsə ərizəsini yazıb işdən çıxsın. Rəhbərlik
aktyorları şantaj edib.
Cənab nazir, mən sizə güvənib belə bir sual verirəm: Bu nə
dəməkdir, bunun adı nədir? Niyə təqaüd yaşlı olan teatrın məsul
işçiləri Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində həyata
keçə biləcək tədbirlərdə aktyorlara qadağa qoyurlar? Xüsusən də,
ölkəmizin bütün sahələrdə təbliğinin vacib olduğu möhtərəm İslam
oyunlarının keçirildiyi bir vaxt dahi Üzeyir bəyin irsinin, Opera
və Balet Teatrının milyonlarla televiziya tamaşaçısına ən yaxşı
tərəfdən təqdim olunması, Milli Musiqimizin dəyərlərinin təbliğ
olunması qəbahət olardı sizcə? Axı niyə təqaüd yaşına çatmış
kadrlar teatrlarda cavan aktyorların qarşısını bu cür kəsir? Bunun
adı nədir: qərəz, düşmənçilik, yoxsa paxıllıq? Mənim Sizdən başqa
sözümü deyə biləcək heç kimim yoxdur. Artıq dərəcədə xahiş edirəm,
cənab nazir, teatrlarımızın inkişafına və təbliğ olunmasına bu cür
xələl gətirən yaşını ötmüş işçilər haqqında ölçü götürəsiniz. Onlar
nəinki teatrın, hətta Azərbaycan mədəniyyətinin adına öz yersiz
prinsipləri ilə xələl gətirir, ziyan vurur”.