Bakı. Vüqar İmanov - Trend:
IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra növbəti hədəfim 2020-ci il Tokio Olimpiya Oyunlarında birinci yer tutmaqdır.
Bunu Trend-ə İslamiadada cüdo üzrə 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Orxan Səfərov deyib.
O bildirib ki, Bakıda əldə etdiyi nəticələrlə kifayətlənmək niyyətində deyil: "Qarşıda çoxlu vacib yarışlar var. 2016-cı il Olimpiya Oyunlarında mən beşinci olmuşdum, Tokioda isə qızıl mükafatı qazanmağı hədəfləyirəm”.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.