Nazirlik əlilliyi olan bir qrup şəxsi istirahət mərkəzinə göndərib

Nazirlik əlilliyi olan bir qrup şəxsi istirahət mərkəzinə göndərib
15:17 15 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il üçün də əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlayıb və bu təbəqədən olan 100 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əlilliyi olan şəxslərin istirahətə göndərilməsi nazirliyin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.
Proqramda bu il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi də yer alıb. Əvvəlki illərdə də bu istiqamətdə məqsədyönlü işlər aparılıb. Bu il isə 1100 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərində mənalı istirahətinin təşkil edilməsi planlaşdırılır.
Həmin proqramda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində müalicə olunmalarına köməkliyin göstərilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasına, onlara bərabər imkanların yaradılmasına yönələn layihələrin həyata keçirilməsi, onlar arasında idman tədbirlərinin təşkil edilməsi və s. tədbirlər də nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/nazirlik-elilliyi-olan-bir-qrup-sexsi-istirahet-merkezine-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR