Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2011-ci ildən Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in üzvüdür.

Metbuat.az xəbər verir ki, dünyanın 105-dən artıq aparıcı ölkəsinin teatrlarının üzv olduğu bu nüfuzlu qurumun hər ay elektron formatda aylıq bülleteni yayımlanır. Teatrın və onun digər ölkə teatrları ilə qarşılıqlı yaradıcılıq münasibətləri də adıçəkilən bülletendə hər ay öz əksini tapır.

Cari ilin may-iyun ayları üçün nəzərdə tutulmuş bu dəfəki bülletendə ADGTT-in beynəlxalq əlaqələrin qurulmasına göstərdiyi xüsusi diqqət əks olunub. Bundan başqa bülletendə qarşılıqlı qastrol səfərləri, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları, teatrın sözügedən oyunlara hazırlığı, göstərilən tamaşalar haqqında məlumat yer alıb.

Yazıda göstərilib ki, bu ay C.Rodarinin “Çippolino” əsəri əsasında yeni tamaşa hazırlamaq üçün Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova teatrımıza dəvət olunacaq, may ayının son günlərində Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Moskvada keçiriləcək növbəti Beynəlxalq Rejissor Laboratoriyasında iştirak edəcək.

Bu ayın bülletenində 19-21 may tarixlərində Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrının Bakı səfəri və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 3 gün qastrol tamaşası ilə (“Korolevskaya korova”) çıxış edəcəyi də yer alıb.

İyun ayının yeniliklərinə əsasən elektron dərgidə qeyd olunub ki, gələn ay teatrın yaradıcı heyəti Qazaxıstanda hər il ənənəvi keçirilən “Səhnədən salam” Beynəlxalq Teatr Festivalında İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”), Belarus Respublikasında keçiriləcək XXIV Xalq yaradıcılığı “Dostluq çələngi – 2017” (“Венок дружбы”) Beynəlxalq Teatr Festivalında P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış edəcək, 12-18 iyun tarixlərində isə teatrın hər il ənənəvi həyata keçirdiyi Azərbaycanın bölgələrinə qastrol səfəri olacaq. Teatr qastrol çərçivəsində M.F.Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası ilə çıxış edəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR