"Fitch" və "Moody’s" agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb

"Fitch" və "Moody’s" agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb
20:22 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ "Fitch" və "Moody’s" beynəlxalq reytinq agentlikləri Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb.
Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.  
"Fitch" ABB-nin sağlamlaşdırılması prosesinin növbəti mərhələsində bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra reytinqini ССС səviyyəsində elan edib. "Moody’s" isə banka Caa3 reytinqini verib.
Beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib: “Bu normal praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır”.
Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. Bu planın həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti və gəlirliliyi güclənəcək. Tədbirlər başa çatdırıldıqdan sonra bankın kapital mövqeyi müəyyən edilmiş normativ səviyyəyə qayıdacaq. Nəticədə ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bütün bunları nəzərə alaraq, restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı sabah Bankın İdarə Heyətinin sədri Xalid Əhədovun geniş müsahibəsi yayılacaq.    

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fitch-ve-moody-s-agentlikleri-abb-nin-reytinqlerine-yeniden-baxib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR