Tanınmış aktyor teatrı tərk etdi - "Amaliya xanım əsəbləşdi" - FOTO

Tanınmış aktyor teatrı tərk etdi - "Amaliya xanım əsəbləşdi" - FOTO
21:17 15 May 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Azad Şükürovun Milli.Az-a müsahibəsi.

- Azad müəllim, ümumiyyətlə, gününüz necə keçir? Bilirəm ki, serialdan da əlavə uzun illərdir pedaqoji fəaliyyətdəsiniz. Ailənizə, istirahətinizə vaxt ayıra bilirsinizmi?

- Günüm maraqlı və səmərəli keçsə də təbii ki, gərginlik öz işini görür. Mənim həyatım həmişə bu cür olub, ritmik və gərgin. Mənə elə gəlir ki, həm sənətimə, həm də ailəmə vaxt ayıra bilirəm. Əvvəla, tələbələrim məndən razılıq edir, ikincisi ailəmizdə əmin-amanlıqdır. Hər şey yolunda gedir. Sənətdə də az-çox uğur əldə etmişəm.

- Sənətkarlar adətən yaşa dolarkən pedaqoji fəaliyyətlə məşğul olurlar. Amma siz cavan yaşlarınızdan bu işlə məşğul olmusunuz. Təxminən neçə ildir ki, tələbələr yetişdirirsiniz?

- İncəsənət universitetini qurtarandan sonra mənim təyinatımı Lənkəran Dövlət Dram Teatrına verdilər. Təyinatımı qurtarıb yenidən universitetə gəldim. Səda Tədris teatrında işə girdim, universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başladım. Konkret olaraq ötən əsrin 90-ci illərindən mən "Səhnə danışığı" kafedrasında müəllim kimi fəaliyyət göstərirəm. Bu illər ərzində yaradıcılığımdan da qalmadım. Şuşa Teatrında, Bakı Bələdiyyə Teatrında işlədim. Mənim yaradıcılığımın çox parlaq bir dövrü Bakı Bələdiyyə Teatrı ilə bağlı oldu. İndiki vəziyyətdə sırf pedaqoji fəaliyyətlə məşğulam, bir də filmlərdə çəkilirəm.

- Gəlin etiraf edək ki, "Vicdan haqqı" serialı sizi tamaşaşılara bir daha sevdirdi.

- Bəli, sizin fikrinizlə tamamilə razıyam. Baxmayaraq ki, teatrda, filmlərdə baş rollar oynamışdım, amma "Vicdan haqqı" serialı məni tamaşaçılara başqa prizmadan tanıtdırdı. Mən orada mənfi obrazı oynayıram. Təbii ki, bu mən özüm deyiləm. Məni tanıyanlar bilirlər ki, həyatda o situasiyaya düşsəydim, hansı addımı atardım. Həm məndən obrazda nələrsə var, həm də obrazdan mənə nəsə qalır. Adətən rejissorlar seriala aktyor dəvət edəndə, baxırlar ki, onun xarakterinə uyğun gəlir, yoxsa yox. Görünür, mənim xarakterimdə o ciddilik, adət ənənəni qorumaq var. Rövşən İsax məni seriala dəvət edəndə çox sevindim. Peşəkar aktyorlar istər teatrda, istərsə də filmlərdə öz xasiyyətlərinə uyğun olmayan rolları oynamağa daha çox meylli olurlar. Bu onların yaradıcılıq imkanlarını göstərmək üçün bir fürsətdir. Tamaşaçılarım məni heç vaxt belə görməyib. Bu əslində mənim uğurumdur. Düzdür, elə tamaşaçılar var ki, üzümə deyir ki, sənə nifrət edirik.

- Azad müəllim serialda çox sərtdir. Bəs evdə necədir? Sərt, yoxsa mülayim?

- Bunu gərək mənim övladlarımdan, həyat yoldaşımdan soruşasınız. Mənə elə gəlir ki, aramız çox yaxşıdır. Çəkinmədən ürək sözlərini mənə deyirlər. Bir problem olanda yoldaşımla da oturub dərdləşirik.

- O da sənət adamıdır?

- Xeyr, o sənət adamı deyil. İxtisası coğrafiyaşünasdır, amma hal-hazırda işləmir, evdədir.

- Necə tanış olmusunuz?

- Həyat yoldaşım orta məktəbdə mənim universitetdə oxuyan tələbə yoldaşlarımdan biri ilə oxuyub. Mən də onlarda görüb, sevmişəm.

- Bu illər ərzində bir-birinizdən incik düşdüyünüz vaxtlar olubmu?

- Ailə olan yerdə söz -söhbət də, səsi qaldırmaq da olur. Onun da, mənim də gördüyüm ailə tərbiyəsi imkan verir ki, biz oturub bu konflikti birlikdə yoluna qoyaq.

- Azad müəllim yenidən qayıdaq sənət söhbətinə. Uzun illər heç bir film və serialda çəkilmədiniz. Diqqətdən kənarda qalmağınız nə ilə əlaqədar idi?

- Filmlərə çəkilməməyimin səbəbi mənim teatrla məşğul olmağım idi. Çünki mən Bakı Bələdiyyə Teatrında çalışırdım. Gecə-gündüz teatrda idim, baş rollar oynayırdım. O rolları ərsəyə gətirmək üçün çox əzab verici məşqlər edirdik. Xarici səfərlərdə olurduq. Ona görə də kinoya mən bir o qədər də doğma münasibət bəsləyə bilmirdim. Düzdür, xırda rollara çəkilirdim, amma davamlı olaraq heç bir serialda çəkilə bilmirdim. Mən heç vaxt yaradıcılıq taleyimdən narazı deyiləm.

- Deməli, Bakı Bələdiyyə Teatrını tərk etmisiniz. Bəs Amaliya xanımla münasibətiniz hal-hazırda necədir? O sizin teatrdan getməyinizi necə qəbul etdi?

- Vallah, Amaliya xanımla münasibətimiz həmişə yaxşı olub. Onun həyat yoldaşı Yusif Muxtarova Allah rəhmət etsin. Çox gözəl nitq adamı idi. Mən müəyyən bir məqam teatrda baş rolları oynayırdım. Bütün günü qastrol səfərlərində idim. Münasibətimiz elə indi də normaldır. O teatr rəhbəridir və mən də həmin teatrdan getmişəm. Təbii ki, bu münasibətdə müəyyən bir soyuqluq var. Mən də bunu normal qəbul edirəm. Ola bilər ki, arada xırda anlaşılmamazlıq da var. Mən də teatr direktoru olsam, teatrımda baş rolları oynayan aktyor teatrımdan getsə, mənim də ona münasibətim ürək açan olmaz.

- Nə deyib teatrı tərk etdiniz?

- Mən teatrdan çıxanda bütün etik qaydalara əməl etdim. May ayında məzuniyyətə çıxanda dedim ki, mən məzuniyyətdən qayıtmayacağam. Bütün kollektivin qarşısında dedim ki, nə vaxt ehtiyac olsa mən rollarımı qayıdıb oynamağa hazıram. Amaliya xanım, təbii ki, bunu bir az əsəbi qəbul etdi. Teatrdan aktyor gedər də, gələr də. Burada böyük bir faciə yoxdur. Amaliya xanım çiynində Azərbaycan Teatrı deyilən bir yükü daşıyıb. Mən ona həmişə gözəl olmağı arzu edirəm.

- Həyatınızın ən çətin gününü nə vaxt yaşamısınız?

- Həyatımın çətin günü çox olub. Mən həyatımda bir neçə dəfə hər şeyə sıfırdan başlamalı olmuşam. Vaxt olub ki, mən müəllimlik fəaliyətimdən də, teatrdan da getmişəm. Amma yenə mən dəvət olunmuşam və qaytarılmışam.

- Sonda istərdim ki, Kəmalə Müzəffərin "Vicdan haqqı" serialını tərk etməyinin səbəbini bizə deyəsiniz. Rövşən İsax hələ də bu haqda açıqlama verməyib.

- Onu hələ bilmək olmaz ki, Kəmalə xanım serialı niyə tərk edib? Ola bilər ki, seriala yenidən qayıtsın, bunu təbii ki, ssenari göstərəcək. Kəmalə xanım müasir teatrda ən istedadlı aktrisalardan biridir. Onun tələbəliyi də mənim yadımdadır. Bütün qabiliyyət və bacarığını teatra qurban vermiş bir aktrisadır. Rövşən İsax da işinin peşəkarı olan bir rejissordur. Mən bütün yaradıcı heyətə çox hörmətlə yanaşıram.

Əli Rəhimoğlu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/544039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR