Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatıb
12:29 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda iştirak edib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yüksək vəzifəli şəxslərlə təmsil olunub.

Yüksək Səviyyəli Beynəlxalq Forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 1500-dən çox nümayəndə iştirak ediblər. Azərbaycan əsas məqsədi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi olan “Bir kəmər - bir yol” təşəbbüsünün “İpək yolu iqtisadi kəməri” inkişaf istiqamətinə daxildir. 2015-ci ilin dekabrında Azərbaycan Prezidentinin Çinə rəsmi səfəri çərçivəsində Azərbaycan və Çin Hökumətləri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb. Azərbaycanda tranzit potensialının reallaşdırılması istiqamətində mühüm işlər görülüb. Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi istifadəyə verilib, Kompleksin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Ən müasir texnologiyalara əsaslanan Gəmiqayırma Zavodu tikilmiş və hazırda uğurla fəaliyyət göstərir, iri gəmiçilik inkişaf etdirilir.

Bununla yanaşı, çoxsaylı digər infrastruktur layihələri həyata keçirilib, avtomobil və dəmir yolları, beynəlxalq hava limanları tikilmiş və ya yenidən qurulub. Böyük əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tərəfdaşlarla birlikdə uğurla icra olunur. Bu layihənin reallaşması Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verəcək və Çindən Avropaya daşımalar qısa müddətdə mümkün olacaq. Azərbaycan həmçinin, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında da aktiv fəaliyyət göstərən ölkələrdəndir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində “Ticarət Bağlılığı” tematik iclasının sonunda birgə bəyannamə imzalanmışdır ki, bu sənəd ticarətin və investisiyaların təşviqi ilə regionboyu ölkələrin birgə əməkdaşlığını nəzərdə tutur.

Səfər çərçivəsində İqtisadiyyat naziri Ş.Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Ofisində olmuş və Şirkətin Mərkəzi Asiya və Qafqaz regionu üzrə prezidenti Ceyms Çen ilə görüşüb. İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini qeyd edib. Qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülüb. Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə “Huawei” şirkəti ilə əməkdaşlıq mümkündür. “Huawei” şirkətinin fəaliyyəti barədə məlumat verən Ceyms Çen İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan “Huawei”nin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, şirkətin Azərbaycanda fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Görüşdə Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsi çərçivəsində “Huawei” şirkəti tərəfindən görülmüş işlərin əhəmiyyəti vurğulanıb.

Çinin “China CAMC Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Chen Yu Fang ilə keçirilmiş görüşdə sənaye sahəsində ixtisaslaşmış şirkət barədə məlumat verilib, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bildirilib ki, “China CAMC Engineering Co. Ltd.” Çin Milli Maşınqayırma Sənayesi Korporasiyasının (SİNOMACH) ən böyük 3 törəmə şirkətindən biridir, 48 ölkədə 100-dək iri sənaye layihəsi həyata keçiribr. Şirkət Azərbaycanla da sənaye sahəsində bir sıra layihələrdə əməkdaşlıq edir. Görüşdə bu layihələrə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri aidiyyəti qurumlarla görüşlər keçirib.

Səfər çərçivəsində Azərbaycanda SOCAR GPC layihəsi üzrə SOCAR, Çin Milli Neft Şirkəti (CNPC) və Çin İnkişaf Bankı arasında, eləcə də Azərbaycan və Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində anlaşma memorandumları imzalanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2755049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR