“Ərdoğan-Tramp görüşü ABŞ prezidenti üçün hakimiyyəti dövründə ən çətin görüş olacaq”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün amerikalı həmkarı Donald Trampla nəzərdə tutulan görüşünü şərh edən “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül bildirib.
“Çünki, masada çox çətin mövzular var. 15 iyul hərbi çevriliş cəhdinə ABŞ kəşfiyyatının dəstəyi var. Bundan başqa, FETÖ terror təşkilatı ABŞ tərəfindən qorunur. Türkiyə prezidentinə sui-qəsd də daxil olmaqla, ABŞ kəşfiyyatının nəzarətində həyata keçirilən bir layihə var. O dairələr hələ də qorunur və hələ də Türkiyəni təhdid edirlər. PKK/PYD-yə verilən və açıq şəkildə Türkiyənin gələcəyini hədəf alan silahlar var. Hər nə qədər bir-birindən ayrı baxsaq da, 15 iyulda həm FETÖ-yə, həm PKK-ya verilən təlimatlar var”, - yazar qeyd edib.
İ.Karagül bildirir ki, Türkiyə ABŞ-la yola davam etməyə meylli olsa da, iki ölkənin əlaqələrində tarixin ən çətin dövr yaşanır. Yazar hesab edir ki, Türkiyə Vaşinqtonun hər dəliliyinə təslim olmayacaq:
“ABŞ qarşısında belə bir Türkiyə olmayacaq. Ölkəsini, sərhədlərini, ərazi bütövlüyünü və təhlükəsizliyini ABŞ və ya ittifaq münasibətlərinə girov verəcək bir Türkiyə olmayacaq. Bu gün PKK/PYD-ni silahlandıranlar sabah Türkiyəni bu təşkilatlarla uzlaşma meydanına itələməyə çalışacaqlar”.
Yazar qeyd edir ki, Türkiyə artıq PKK və FETÖ ilə yolundan dönəcək bir ölkə deyil:
“Ya birlikdə hərəkət edərik, ya da öz yolumuzla gedərik. Təşkilatlar vasitəsilə qorxudaraq diz çökdürmək, zəiflətmək, yenidən asılılıq vəziyyətinə salmaq... Bu dövr bizim üçün bağlanıb. ABŞ Türkiyəni təhdid etməkdən vaz keçməlidir”.
Ömər Dağlı