Zəlzələ zamanı nə etmək lazımdır?

Zəlzələlər şərti olaraq 12 ballıq şkala ilə hesablanır. Gücü 5 baldan yüksək olan zəlzələlər təhlükəli hesab olunur.

Zəlzələ zamanı qapalı məkanda olanlar nə etməlidir?

Mümkün hallarda binanı tərk edin. Ətrafdakı binalardan kənarda, təhlükəsiz bir yerdə dayandığınızdan əmin olun. Əgər açıq sahəyə çıxmaq mümkün deyilsə, təhlükəsiz bir yerdə gizlənin, çarpayı və ya stolun altında da gizlənmək olar. Zəlzələ zamanı pəncərələrin yanında və yuxarı mərtəbələrin künc otaqlarında olmaq təhlükəlidir. Qaz, elektrik, müxtəlif isitmə sistemlərini və suyu mərkəzdən bağlayın. Kibrit yandırmayın və liftdən istifadə etməyin. Pəncərə və ya eyvandan tullanmaq istəyənlərə mane olun. Terrasa və ya eyvana çıxmayın.

Məktəblərdə şagirdlər partaların altında gizlənməli və əlləri ilə başlarını örtməlidir. İctimai binadasınızsa təmkinli olun, insan izdihamından, pilləkənlərdən və qapılardan uzaq durun. Nəzərə alın ki, həyəcan siqnalının işə düşməsi elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Zəlzələ zamanı yolda olan insanlar necə hərəkət etməlidir?

Yol fənərləri, naqillər və binalardan uzaqlaşın. Tüstü boruları, fasad plitələri, qırılmış pəncərə şüşələrdən özünüzü qoruyun. Başınızı əlləriniz və ya çantanızla örtün.Yeraltı keçidlərdən istifadə etməyin. Əgər bu təbii fəlakət zamanı siz ictimai nəqliyyatdasınızsa, dayanacaqda dərhal nəqliyyat vasitəsini tərk edin.

Zəlzələ zamanı hərəkət edən avtomobildə olanlar necə davranmalıdır?

Təhlükəsiz yol hərəkəti imkan verərsə, dayanın.Təkanlar qurtarmayınca, nəqliyyat vasitəsindən çıxmayın. Binaların, ağacların, estakadaların və elektrik naqillərinin yanında nəqliyyat vasitəsini saxlamayın. Zəlzələ qurtardıqdan sonra ehtiyatlı olun. Zəlzələ nəticəsində zədələnə biləcək yollardan, körpülərdən və maili enişlərdən uzaq olun.

Dağıntılar altında qaldıqda nə etmək lazımdır?

Qapalı yerə düşümsünüzsə, bu bütün hallara – uçqun, sürüşmə, zəlzələyə aiddir, yadda saxlayın ki, fikir aydınlığını saxlamaq üçün özünüzü itirməməlisiniz. Yeməksiz və susuz uzun müddət qalmaq mümkündür. Özünüzü ələ alın və fikrinizi bir yerə cəmləməyə çalışın. Od yandırmayın. Hərəkət etməyin. Ağzınızı əl dəsmalınız və ya geyiminizlə bağlayın. Harada olduğunuzu, çıxış yolunun, yaxınlıqda digər insanların olub-olmadığını müəyyən etməyə çalışın. Xilasedicilərin sizin olduğunuz yeri müəyyən etmələri üçün boru və ya divara vurun. Təhlükəli miqdarda toz udmamaq üçün yalnız əlacsız qaldıqda qışqırın. Əgər dağıntılar altında sıxılırsınızsa, gücünüzü qoruyub saxlamaq və iti əşyalarla yaralanmamaq üçün onları astaca kənarlaşdırmağa çalışın.

Zəlzələdən sonra özünü necə aparmalı?

Od qalamayın, bu təhlükəli ola bilər. Dərhal ətrafınızı gözdən keçirin, dağıntılar altında yardıma ehtiyacı olan insanlar ola bilər. Zərurət olmadıqda telefonunuzu məşğul etməyin. Su sistemini yoxlamadan suyu açmayın. Sənaye qəzaları və yanğınlar təbii fəlakətlərin adi fəsadlarıdır – hazır olun. Uşaqların qayğısına qalın: onlara xüsusi nəzarət lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR