Bakıda kirayə mənzillər sürətlə bahalaşır

Paytaxtda kirayə mənzil bazarında bahalaşma müşahidə olunur.

Metbuat.az xəbər verir ki, ötən ildən etibarən Bakı şəhərinin kirayə mənzil bazarında yerindən asılı olaraq, evlərin qiymətində təxminən 50-100 manat bahalaşma müşahidə olunur.

Əvvəllər Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu stansiyaları istiqamətində hər bir şəraiti olan 2 otaqlı evlər 300 manata kirayəyə verilirdisə, indi bu qiymətlər 350-400 manata qədər bahalaşıb. Hətta köhnə binalarda 250-350 manata verilən 1-2 otaqlı mənzillərin kirayə qiyməti indi 400-450 manat arasında dəyişir. İndiyə qədər 600-1200 manat və daha baha təklif edilən kirayə mənzillər isə əksinə ucuzlaşıb. Buna səbəb həmin qiymətlərə icarədar tapılmamasıdır.

Məsələ ilə bağlı Metbuat.az –a açıqlama verən iqtisadçı Natiq Cəfərli bunları deyib:

“Son 2 ildə kirayə mənzil bazarında ucuzlaşma müşahidə olunurdu. Rayonların sosial-iqtisadi inkişafı ilə əlaqədar həyata keçirilən layihələrə görə bölgələrdən paytaxta gələnlər geri qayıtmağa başladı. Həmin zaman Bakıda tikinti təxminən 40% azalmışdı. Tikintidə çalışanların əksəriyyəti regionlardan gələnlər idi. Onların geri dönməsi kirayə mənzil bazarının ucuzlaşmasına və təkliflərin artmasına səbəb oldu. Amma regionlarda iş tapmayan insanlar bir müddət sonra məcburən yenidən paytaxta üz tutdu. Bu isə Bakıda mənzil bazarında kirayə qiymətlərinin sabitləşməsi və az da olsa artmasına səbəb olub. Qiymətə təsir edən digər faktor isə ölkəyə gələn turistlərlə bağlıdır. Günlük və yaxud həftəlik mənzil kirayələrinin artması, əsasən də şəhərin mərkəzində, mərkəzə yaxın hissəsində bu seqmentdə xarici turistlərə xidmət etmək istəyi bu seqmentdən olan evlərin bazardan çıxmasına və kirayə bazarında təklifin azalmasına səbəb olub. Yəni, daha az mənzil təklif olunmağa səbəb olub. Təklif azaldıqda isə qiymətdə müəyyən artım müşahidə olunur. Əgər regionlar inkişaf etsə, orada normal iş şəraiti olsa, insanların regiona dönüşü qiymətlərin sabitləşməsinə, bir müddət isə ucuzlaşmasına səbəb ola bilər”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR