Əməkdar artist: "Atamı erkən itirmişəm..." - FOTO

Əməkdar artist: "Atamı erkən itirmişəm..." - FOTO
21:05 16 May 2017
Ölkə mətbuatı
A- A+

Dosye: Fəridə Kamal qızı Məmmədova (soprano) 29 sentyabr 1976-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994-2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır.1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: R.Mustafayevin "Vaqif" operasında Xuraman, M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, J.Bizenin "Karmen" operasında Mikaela, V.Mosartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordilici və Qrafinya, C.Verdinin "İl Trovatore" və "Don Karlos" operalarında Leonora və Yelizaveta, R.Leonkavallonın "I Pagliacci" operasında Nedda, C.Puççini "Il Tabarro" ("Plaş")və "Gianni Schicchi" operalarında Giorgetta və La Ciesca, P.I.Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza və s.

F.Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansamblları ilə çıxış edir. Onun repertuarı barokko dövründən tutmuş muasir bəstəkarlarınin əsərlərinə kimi opera və kamera musiqisini əhatə edir. F. Məmmədova Almaniya, Fransa, İsveçrə, Avstriya, Hollandiya, Belçika, Çexiya, Türkiyə, Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Monqolustan və s. ölkələrdə konsert proqramları ilə müvəffəqiyyətlə çıxış etmiş, orada keçirilən nüfuzlu beynəlxalq musiqi festivallarının (Beethovenfest - Bonn, young-euro-classic- Berlin, Culturescapes - İsvecrə, Türksoy Opera günləri, Aspendos festivalı - Türkiyə, Vilnius Mama jazz - Litva, Roaring hooves - Monqolustan, Musiqi alətlər teatrı, Prokofyev FEST - Moskva, Barsova və Maksakova adına Opera festivalı - Həştarxan və s.) iştirakçısı olmuşdur. Azərbaycanda keçirilən Qəbələ festivalında, Qara Qarayev müasir musiqi, M.Rostropoviç adına, Üzeyir Hacıbəyli adına, "Zamanla üz-üzə", "İpək yolu" və s. festivallarda dəfələrlə uğurla çıxış edib. Yaradıcılığında kamera musiqisinə də kifayət qədər yer ayırır. Tanınmış cazmen Salman Qəmbərovla birlikdə musiqi tarixində ilk və hələlik yeganə təcrübə olan caz musiqisiylə klassik musiqinin sintezindən ibarət "Lieder Leaders" layihəsini ərsəyə gətirib. Almaniyada, İsveçrədə, Litvada və Bakıda böyük maraqla qarşılanan layihə özündə Şubert, Maler, Bramsın bəstələrinin klassik vokal ifalarının cazla həmahəngliyinə nail olmaqdan ibarət bütövlükdə 11 kompozisiyadan təşkil olunmuş mini-tamaşadır. İştirakçısı olduğu daha bir sıradan olmayan layihələrdən biri Qara Qarayev festivalı çərçivəsində "Sevgi Hekayətləri" layihəsidir. Layihə elə bir səviyyədədir ki, pianoçu Gülşən Ənnağıyeva burda sadəcə müşayiətçi deyil, həm də iştirakçıdır. Həmsöhbətimiz ideya müəllifi Rauf Fərhadov, rejissoru Rauf Məmmədov olan "Sevgi Hekayətləri" ("Gəzinti") səhnəciklərindən ibarət bu layihə ilə ötən il Moskvada Meyerxold adına Mərkəzdə və Pkokofyev festivalında çıxış edib, həm də layihənin ilkin və tam versiyası ilə. Hələlik ən son sənət uğurlarına Raxmaninov və Bramsın bəstələrindən ibarət professor Fərhad Bədəlbəyli ilə son iki ildə baş tutan konsertlərini, görkəmli dirijor Kamal Abdullayevin 90 illik yubileyinə həsr olunmuş gecəni, Şimali Osetiyanın musiqiçiləri ilə rusiyalı dirijor Valeriy Xlebnikovun idarə etdiyi konsertdə Bakıda ilk dəfə olaraq Atsamaz Makoyevin "Beslan" simfoniyasında solo soprano partiyasının ifa etməsini, Maksakova adına Həştərxan Opera Festivalına ikinci dəfə idi dəvət olunması, İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə və Mariya Kallasın xatirəsinə həsr edilmiş konsertlərdə iştirakını aid etmək olar. Azərbaycan Respublikasının əməkdar artisti və Prezident Mükafatçısıdır.

Qonaqpərvər sahibə

Fəridə Məmmədovada istedad, bacarıq, məsuliyyət, səliqə musiqi tarixi və zövqü üçün ən uğurlu vəhdətdədir - çıxış etdiyi bütün əcnəbi tədbirlərin videoyazılarını vətənə gətirməyə çalışır ki, ölkəmizi təmsil etməsi haqqındakı təsəvvür daha dolğun olsun, daha öncə ünsiyyət qurduğu, sonra isə müsahibi olduğu KİV təmsilçisi ilə görüşə onun fəaliyyəti haqqında məlumatlanaraq gəlmək kimi xüsusiyyətə malik olmaq və bunu biruzə, etiraf etmək ona olan maraq, sevgi və hörməti daha da artırır. Onun solo və ya iştirakçılarından biri olduğu konsertlər musiqi, bol təəssürat, cilalanmış zövq ziyafətini andırır. O, səhnəyə sadəcə ifaçı kimi çıxmır - qonaqpərvər sahibə kimi bütün davranışı ilə bu ziyafətdə hər kəsin özünü komfortlu hiss etməsinə, zaldan "ac" və ya "yarıtox" çıxmamasına, "klassik musiqi" adlı çox zəruri mənəvi və dolayısı ilə fiziki vitaminlə doğunlaşmasına təkrarsız şərait yaradır. Ona ilk sualım da elə bu təəssürata kökləndi:

- Sizin konsertlərinizin və ya ifalarınızın tamaşaçısı olarkən məndə hər dəfə belə təsəvvür yaranır ki, sanki repertuarı, çalğıçıları, duet ortaqlarınızı, hətta səhnə tərtibatını özünüz seçmisiniz... Bu nə dərəcədə doğru təəssüratdır?

- (gülərək) Təəssüf ki, bu, belə deyil. Sözsüz, mən əməkdaşlıq etdiyim bütün kollektivlərdən və ifaçılardan razıyam, hamı ilə yaradıcı və şəxsi münasibətlərim ən yaxşı səviyyədədir. Sizin təəssüratınız yalnız kamera səhnəsində gerçək ola bilir - tərəf-müqabilimi, yaxud duet ortağımı özüm seçə bilirəm. Karyeramın ilk dövrlərində əlbəttə, istər proqram, istərsə də tərəf-müqabilini seçmək baxımından səhvlər olub. Amma vaxt keçdikcə səninlə bir dalğada olan ifaçını başqalarından ayıra bilirsən. Belə olmasa, birlikdə çıxış etmək son dərəcə əziyyətli olur. Tərəf-müqabilləri bir-birini hiss etməyəndə tamaşaçı, dinləyici bunu dərhal sezir. Ola bilər ki, hər ikisi peşəkardır, amma bir-biri üçün yaradıcı baxımdan anlaşıqlı deyillər. Proqrama gəlincə isə mən bir janrla, bir istiqamətlə məhdudlaşmamağa çalışıram, bunu sevmirəm. Buna görə də yaradıcı axtarışlara açıq musiqiçilərlə işləməyə üstünlük verməyə çalışıram. Barokko musiqisini də ifa edirəm, müasir musiqini də. Özü də müasir musiqi deyəndə mən XX əsrdə bəstələnmiş musiqini nəzərdə tutmuram. O dövrün bəstələrini artıq müasir hesab etməmək olar. Məncə müasir musiqi bizim müasirlərimiz tərəfindən bəstələnmiş musiqidir. Həm də ifalarımı teatr elementləri ilə zənginləşdirməyi xoşlayıram. Yəqin bu opera artisti olmağımdan irəli gəlir...

- Amma heç də bütün opera artistləri qeyri-opera çıxışlarını belə detallarla zənginləşdirmirlər...

- Mən adi opera janrının çərçivələrindən kənara çıxmağa çalışıram. Ümumiyyətlə, teatr səhnəsini çox sevirəm. Hər çıxışımı mini-tamaşaya çevirməyə üstünlük verirəm. Bəstəkarın yazdığını və özümün duyduqlarımı maksimum ifadə etməyə cəhd edirəm. Bu, çox çətindir, kamera janrında işləmək çox mürəkkəb prosesdir. Səhnəyə çıxıb sadəcə ifa etmək çox köhnəlmiş tərzdir. Əlbəttə, vokal imkanların müstəsna səviyyədə olduğu və bu zaman heç bir əlavə ifadə vasitəsinə ehtiyac qalmadığı hallar da mövcuddur. Məsələn, biz köhnəlmiş val yazılarını dinləyəndə olduğu kimi. Bu gün daha dinamik dövrdə yaşadığımız üçün ifaçıdan istedad və istək tələb olunur ki, universal olmağı bacarsın, başqa ifaçıların etmədiyini etsin, hər bir əsərə fərdi yanaşması ilə fərqlənsin. Bəziləri fikirləşirlər ki, opera ifaçısıyamsa, başqa tərzdə, başqa janrda yazılmış əsərləri ifa etməyim vacib deyil və ya hətta lazım deyil. Bizim sənətdə səsin qədrini bilmək çox vacibdir. Əgər 35 yaşına kimi repertuar düzgün tərtib olunmasa, ən gözəl səs, ən müstəsna istedad da insandan üz döndərə bilər. Bir də əlbəttə ki, fiziki sağlamlıq, eyni zamanda mənəvi sağlamlıq, yəni "ulduz" xəstəliyinə tutulmamaq, doğru yoldan çıxmamaq, mehriban, səmimi ailə üzvlərinə, dost-tanışa malik olmaq çox vacibdir. Bütün bunlar insanın fəaliyyətinin yüksələn xəttini çəkən amillərdir. Və mənim bu barədə şikayətlənməyə haqqım yoxdur...

"...mənim üçün eksperimentlərin əvəzi yoxdur...

- Əlamətlərə inanan xanıma bənzəmirsiniz... Yanılmıram ki?...

- Yox, yanılmırsınız. Əlamətlərə bir o qədər də inanan deyiləm. Hesab edirəm ki, insanın energetikası hər hansı əlamətdən daha güclüdür, hər halda belə olmalıdır. Digər tərəfdən bizim sahənin adamlarının "əvvəlcədən demək mənə düşmür, göz dəyər-filan" kimi ovqata köklənməsi gülməli olardı. Çünki bir çox artistlərin çıxışlarının proqramı birillik tərtib olunur. Onlar belə deyə bilərlər ki, bir halda bütün dünya bu proqramdan xəbərdardır.

- Ailəniz, musiqiyə marağınızın tarixçəsini bilmək maraqlı olar...

- 5 yaşımdan musiqiyə bağlanmışam. Təəssüf ki, atam Kamal Məmmədovu erkən itirmişəm, güclə xatırlayıram. O, Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrının (indiki Musiqili Teatrı - red.) dirijoru idi. Yəqin teatrı musiqi qədər sevməyim buradan qaynaqlanır. Anam qərara gəlib ki, mən atamın məşğul olduğu sahəyə gedim. Amma belə qərar olmasaydı da yəqin ki, mən mütləq musiqini seçəcəkdim. Çünki musiqinin bütün təzahürlərini ağlım kəsəndən sevmişəm. Musiqi mənim ikinci nəfəsimdir. Lap uşaqlıqdan onu belə qəbul etmişəm. Heç vaxt özümü başqa sahədə təsəvvür etməmişəm. İlk musiqi təhsilimi Bülbül adına orta ixtisas məktəbinin fortepiano sinfində almışam. Anam musiqiçi olmadığına görə mənim musiqi istedadımda əmin deyildi. Mən özüm isə özümə tam əmin idim - bilirdim yalnız musiqi ilə məşğul olacağam. Amma qarşıma görkəmli musiqiçi olmaq məqsədi qoymamışdım. Sadəcə özümə inamlı idim ki, doğru seçim etmişəm. Müəllimlər səsimin yüksək tonallığını həmişə qeyd edirdilər. Beşinci sinifdə isə vokal imkanlarım özünü daha qabarıq biruzə verməyə başladı. Və elə o zaman vokalçı, opera artisti olmaq qərarına gəldim. Özümü bu tərzdə ifadə etmək çox ürəyimcə idi. Kitabxanadan opera klavirlərini götürüb məşğul olurdum. 10 yaşımda müstəqil olaraq italyan və fransız dillərini öyrənməyə başlamışdım. Müxtəlif partiyaları əzbərləyirdim. Televiziyada, radioda bir dənə də olsun opera tamaşasını ötürmürdüm. Anam təbii ki, mənim vokalçı olmaq qərarımı ehtiyatla qarşıladı. Tanış musiqiçilərdən imkanlarımı yoxlamağı xahiş etdi. Sonuncu üz tutduğumuz musiqiçi Rauf Atakişiyev idi. O da təsdiq etdi ki, çox yaxşı vokal imkanlarım var. Və mütləq bu sənətin dalınca getməliyəm. Təbii ki, bütün bu təqdirlər məni daha da ruhlandırırdı. Beləliklə, istisna qaydada konservatoriyaya (Bakı Musiqi Akademiyası -red.) qəbul odum - Təhsil Nazirliyinin xüsusi qərarı ilə həm fortepiano, həm də vokal şöbəsində pulsuz təhsil almağa başladım. Fortepiano müəllimim Həqiqət Məhərrəmova, vokal müəllimim isə Xuraman Qasımova idi. Hər iki fakültəni qırmızı diplomla bitirdim. Yeri gəlmişkən, Bülbül adına məktəbi də qırmızı diplomla bitirmişdim. Məzun olana qədər artıq karyeram start götürmüşdü, ölkəmizi xaricdə də təmsil etmişdim.

Konservatoriyanı bitirəndən sonra Tiflisə, Nodar Andquladzedən əlavə vokal dərsləri almağa getdim. Aramızda çox gözəl yaradıcı əlaqə yaranmışdı. Təəssüf ki, o, dünyasını dəyişdi. Nodar Andquladzenin sayəsində Gürcüstan mənimçün ikinci vətənimə çevrildi. Bu görkəmli musiqiçi ilə tanışlıq, Tiflisin ab-havası mənə çox şey verdi. Bundan sonra Almaniyada oldum. Vokal bilik və bacarıqlarımı almaniyalı mütəxəssislərin sayəsində daha da artırdım.

2-ci kursdan isə Opera və Balet Teatrının solisti ştatına qəbul edilmişdim. Bunun təşəbbüskarı Süleyman Ələsgərov olmuşdu. O mənada ki, özünün "Solğun çiçəklər" operasında Pəri partiyasına ifaçı axtaranda seçimi mənim üzərimdə saxlamışdı, çünki ifalarıma bələd idi. Musiqi ictimaiyyətinin digər nümayəndələri kimi, o da məni ifamı ilk dəfə Bəstəkarlar İttifaqının plenumunda eşitmişdi. O zaman musiqiçilərimiz etiraf etmişdilər ki, vokal sənətində yeni ad kəşf etdilər. Artıq bundan sonra mürəkkəb əsərləri mənə həvalə etməyə başladılar. 1997-cı il aprelin 6-da "Solğun çiçəklər" operasının premyerasından sonra Opera və Balet Teatrına solisti oldum. Elə həmin dövrdə müasir musiqiyə marağım yarandı. Müxtəlif layihələrə dəvətlər almağa başladım. Müasir bəstələri ifa etmək isə xüsusi yanaşma tələb edən yaradıcı prosesdir. Xüsusən əgər o vaxtadək belə musiqiylə təmasın olmayıbsa. Bu cür bəstələri ifa edəndə gərək öyrəndiklərini unudasan, sırf öz bacarığına güvənəsən. Beləliklə, hələ tələbə ikən beynəlxalq layihələrə cəlb olundum. Fərəc Qarayevlə tanış oldum. Faktiki olaraq, onun sayəsində bu sahədəki mövqeyim möhkəmləndi. Və bu gün mən Azərbaycanda müasir musiqini ifa edən, demək olar ki, yeganə vokalçı kimi təqdim edə bilərəm. üstəgəl barokko musiqisini həmişə sevmişəm. Bu da fərqli tərz tələb edən musiqidir. Əgər klassik operada uca səslə, səsin bütün imkanlarını ortaya qoyaraq ifa etməlisənsə, barokko musiqisini təqdim edəndə vibrasiyaya yol verməməlisən, amma həm də emosional olmalısan, eyni zamanda sanki bir musiqi alətisayaq ifa etməlisən. Bu, tam fərqli texnikadır. Gərək səsini tənzimləməyi bacarasan. Bu vaxta qədər ya heç ifa olunmamış, ya da az ifa olunmuş bəstələrin ifası məni çox cəlb edir. Bir də mənim üçün eksperimentlərin əvəzi yoxdur. Sevirəm ki, tamaşaçı məni səhnədə görəndə dərhal tanımasın, başqalaşdığımın fərqinə varsın.

- Aktyorlar film, və ya tamaşalarını seyr etməyi o qədər də sevmirlər. Vokalçılarda necədir - özünüzə qulaq asmaqla aranız necədir?...

- Həm sevirəm, həm də yox. Çox tənqidi yanaşıram ifalarıma. Amma təbii ki, ifrat tənqidə varmıram. Başqa sözlə, özümün uğurlu tapıntılarımı və səhvlərimi obyektiv qiymətləndirməyə çalışıram. İfrat tənqid çox pis cəhətdir. Belə olanda insan yeni bir iş görməkdən qorxa, çəkinə bilər. 30-35 yaşına kimi biz opera artistləri repertuarımızı elə qurmalıyıq ki, səsimiz əziyyət çəkməsin. Mütəmadi texniki bacarığımızı cilalamalıyıq. Vacibdir ki, səsin sənə hələ uzun illər xidmət etsin. Özümdə səhv tapanda elə bilirəm ki, bu səhvi hamı görür. Bəzən də elə olur ki, bir müddət əvvəl xoşuma gəlməyən ifam indi xoşuma gəlir, və ya əksinə.

...özünə arzusu...

- Bir gənc qadın kimi musiqidən qeyri hansısa maraq və hobbiləriniz varmı?

- Vaxtımın bütün hissəsini musiqiyə həsr edirəm. Dilləri öyrənməyə marağım bu gün azalmayıb. İngilis, fransız, italyan, alman dillərini kifayət qədər bilirəm. Asudə vaxtım olan kimi əcnəbi dildə nəsə oxumağa, nəyisə tərcümə etməyə çalışıram. Səfirliklərlə sıx əməkdaşlıq edirəm. Gənc vokalçıların əksəriyyəti ifa etdikləri xarici əsərlərin tərcüməsini bilmirlər. Gənc həmkarlarımı partiyaların orijinal mətninin mənasına bələd olmağı tövsiyə edirəm.Tərcümə etməyi, məntiqi mənaları tapmağı sevirəm. Qədim tarixlə, ezoterika, astrologiya ilə maraqlanıram. Hobbimə aid onu deyə bilərəm ki, artıq yeddi ildi ki, standart və Latın Amerika bal rəqsləri ilə məşğul oluram. Bu, səhnədə olanda daha plastik, daha sərbəst olmağa çox kömək edir.

- Tamaşaçılarınızın, dinləyicilərinizin səviyyəsində nələri müşahidə etməkdəsiniz?

- Əcnəbilərin çoxluğu... Bu sənətlə maraqlananlar arasında həm də gənclərin çoxalması sevindiricidir. Hər konsertdən sonra dost-tanış dairəm genişlənir, növbəti konsertin yerini və vaxtını öyrənmək istəyənlərin sayı artır. Bu, son dərəcə xoşdur. Xüsusən nəzərə alsaq ki, onların arasında o konsertlərə təsadüfən düşən və bundan sonra klassik musiqini həmişəlik sevən insanlar az olmur. Bu müşahidələrim təsdiq edir ki, tamaşaçı kütləsini tərbiyə etmək lazımdır.

- Şəxsi həyatınıza belə yaşam tərzinin, bu cür təfəkkürün təsiri nədən ibarətdir?...

- Təsiri odur ki, ildən ilə daha müstəqil oluram. Yanımda kiminsə olmasına dözümüm, səbrim azalır. Çox azadlıqsevənəm. Kiminsə təzyiqinə dözə bilmərəm. Kiminsə ömür-gün yoldaşı olmaq o demək deyil ki, onun şəxsi məkanına icazəsiz daxil ola bilərsən. Bax, belə mətləbi anlayan bir həyat yoldaşını özümə arzulayıram. Həyat yolunu mənimlə paralel addımlasın. Nə mən ona təzyiq edim, nə də o mənə. Biz sənət adamları çox həssas olduğumuz görə belə məqamlara daha artıq fikir veririk...

- Arzunuza çatmağı arzulayıram...

- Çox sağ olun...

Samirə Behbudqızı

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/545023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR