Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: Əbdürrəhim bəy Haqverdiyev

Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: Əbdürrəhim bəy Haqverdiyev
10:13 17 May 2017
Ölkə mətbuatı
A- A+

Təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin qəflət yuxusundan oyanmasına güclü təsir göstərmiş “Molla Nəsrəddin” jurnalının özü və onun əsasında yaranan ədəbi məktəb və bu məktəbin nümayəndələri yüz illik tarixi dövrü aşaraq müasirliyini, aktuallığını bu gün də saxlamaqdadır. “Molla Nəsrəddin” ədəbi məktəbinin tanınmış nümayəndələri sırasında Əbdürrəhim bəy Haqverdiyevin də adı xalqımız və mütəxəssislər tərəfindən böyük ehtiramla çəkilir.

1870-ci il mayın 17-də Şuşada anadan olan Əbdürrəhim Əsəd bəy oğlu Haqverdiyev Şuşa və Tiflis realnı məktəblərində təhsil alıb. Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.

Görkəmli ədəbiyyatşünas Firudin Hüseynov yazır ki, “Molla Nəsrəddin” jurnalının azərbaycançılıq ideyasının daşıyıcıları – Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi və başqalarının durduğu cərgədə Əbdürrəhim bəy Haqverdiyevin öz yeri, öz xidmətləri vardır” .

Əbdürrəhim bəy Haqverdiyevin yaşadığı dövrdə milli özünüdərk, Vətənin istiqlalı, millətin oyanıb öz haqqını tələb etməsi, ana dilinin yad təsirlərdən qorunması, gözəl milli adət-ənənələrə sədaqət kimi amillərə diqqət artırdı. Şübhəsiz ki, Əbdürrəhim bəy Haqverdiyevin də bədii yaradıcılığı bu amillərdən qaynaqlanırdı. Azərbaycan reallığının böyük simalarından və “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri kimi Əbdürrəhim bəy Haqverdiyevin bədii yaradıcılığı xalqı ilə dərdləşmək və onu böyük tərəqqiyə, təkamülə yetirmək vasitəsi olub. Vətənini istiqlala qovuşdurmaq, millətini tərəqqiyə çatdırmaq, ana dilinin gözəlliyini qorumaq arzularının gerçəkləşməsi üçün Əbdürrəhim bəy Haqverdiyev bir tərəfdən bədii nəsrin, dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın və xüsusilə “Molla Nəsrəddin” tribunasından məharətlə istifadə edib.

Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində, bütövlükdə bədii nəsrində Cəlil Məmmədquluzadənin təsiri hiss olunmaqdadır. İstər “Molla Nəsrəddin” səhifələrində, istərsə də nəsr yaradıcılığında Əbdürrəhim bəy Haqverdiyev tipik obrazlar yaradır və həmin obrazları özünü dərk etməyə, istiqlalını qazanmağa, inkişafa hazırlayır. O, Azərbaycan milli koloritindən , milli məişətindən çıxış edərək ya bunu bəyənir, təbliğ edir, ya da köhnəliyi tənqid edib yeni dünyaya, yeniliyi duymağa çağırır. Bu mənada ədibin portret yaradıcılığı üzərində dayanmaq olar. Məsələn, ədib tipik bir azərbaycanlını Filologiya elmləri doktoru Təhsin Mütəllibovun qeyd etdiyi kimi, “Şeyx Şəbanı elə canlı və real rəsm etmişdir ki, biz onu nə vaxtsa, haradasa görmüş kimi çox yaxından tanıyırıq. Şeyx Şəbanın azərbaycanlı xarakterini... bütün aydınlığı ilə görə bilirik”.

Yazıçının digər əsərlərində yaratdığı ağ çuxalı, ağ arxalıqlı, Buxara papaqlı, gümüş kəmərli, baməzə təbiətli, məğrur Mirzə Səfər, qarasaçlı, qaragözlü və “qara telli” Haqq Mövcud, əynində qədim sazəndələrimizin milli geyimi olan sənət fədaisi tarzən Cavad, habelə ədibin zəngin həyat müşahidəsi və fantaziyasının köməyi ilə nəzərimizdə canlandıra bildiyi onlarla belə surətlər xalqımızın ictimai tarixindən, keçmiş məişət tərzindən, etnoqrafik əlvanlığından nə qədər zəngin məlumat verir, öz zamanları haqqında nə qədər maraqlı hekayələr danışırlar! Biz də bu surətlərin şəxsi xarakteri ilə çox yaxından tanış olduğumuz üçün onların taleyini bütün əsər boyu böyük maraq və həyəcanla izləyir, sevinc və kədərləri ilə yaşayırıq. Məhz belə orijinal surətlər silsiləsi, xarakterlər qalereyası Əbdürrəhimbəy Haqverdiyevi bədii nəsrdə mahir portret ustası kimi şöhrətləndirib. Ədib bədii portretdən mürəkkəb insan xarakterinin tam açılmasında, psixoloji təhlildə əlverişli və qüvvətli bir vasitə kimi məharətlə istafadə etmiş, bəzən də onun ən səciyyəvi əlamətlərini məhz bu yolla aşkara çıxara bilmişdir.

Əbdürrəhim bəy Haqverdiyevin bu əsərdə yaratdığı tipik obrazlar bütöv bir xalqın mənəvi dünyasının bədii təqdimi kimi azərbaycançılıq ideyasına xidmət edir.

Bədii əsərdəki ideyanın həllində oradakı surətlərin fərdi və ictimai taleləri, arzu və idealları, əməlləri başlıca vasitədir. Müəllif fikri adətən əsərdəki surətlərin simasında öz əksini və ifadəsini tapmış olur. Sənətkar əsərinin ideyasını özü üçün konkretləşdirdiyi kimi, həmin ideyanın bilavasitə “icraçıları” olan surətləri də canlı bir insan kimi konkret və aydın şəkildə görməyi və göstərməyi bacarmalıdır. Çünki bədii əsərlər müxtəlif taleli, müxtəlif xarakterli insanların həyatına dair ibrətli lövhələrdən, insanlıq haqqında sənətkar ideallarının bədii təcəssümündən ibarətdir. Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığın bu keyfiyyətlərini özündə yaşadan sənətkardır.

Lakin xüsusi qeyd edək ki, ədibin jurnalda fəaliyyəti öz mövzuları, həm də problemlərin qoyuluşu ilə birbaşa azərbaycançılıqla bağlıdır. Əbdürrəhim bəy Haqverdiyev dövrü, zamanı, hadisələrin məcrasını çox gözəl anlayan bir ziyalı kimi redaksiyasına qədəm qoyduğu “Molla Nəsrəddin” jurnalının tribunasından maksimum istifadə etməyi qərarlaşdırmışdı.

Bütövlükdə, mollanəsrəddinçilərin gücü onların böyük ictimai idealları ilə bağlı olduğu kimi, bu yazıçının da yaradıcılıq taleyi xalqa bağlıdır. Onun ictimai idealları sırasında Azərbaycanın azadlığı və müstəqilliyi, xalqın mənəvi inkişafı, milli adət-ənənələrin, ana dilinin qorunması ön sıralarda dururdu. Əbdürrəhim bəy Haqverdiyev öz xalqının potensial gücünə bələd idi. Çünki o, öz xalqını və torpağını, onun qədim mədəniyyətini, tarixini, ədəbiyyatını çox yaxşı bilən, bütün qabiliyyətini, istedadını, milli tərəqqi və intibah yolunda əsirgəməyən vətəndaş sənətkar olub...

Böyük ədib Cəlil Məmmədquluzadənin şah əsəri olan “Molla Nəsrəddin”in əməkdaşları sırasında xalqı yaxşı anlayan və onun dərdlərinə əlac axtaran bir ədib kimi Əbdürrəhim bəy Haqverdiyev sözü özünə silah seçmişdi. Jurnalın yaradıcısı və ideya rəhbəri Cəlil Məmmədquluzadə “Xatiratım”da yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Bu “ağsaqqal yoldaşın” yaradıcılıq işində ən çox söykəndiyi ədiblər sırasında Əbdürrəhim bəy Haqverdiyev xüsusi yer tutur. Molla Nəsrəddin”in müqtədir nasirlərindən, bədii gülüş ustası Əbdürrəhim bəy Haqverdiyev Xortdan, Ceyranəli, Mozalan bəy imzalarını qəbul etmişdi. Onun Azərbaycan xalqının kamilləşməsi, pis adət və ənənələrdən uzaqlaşması məqsədi ilə qələmə aldığı “Cəhənnəm məktubları”, “Marallarım” silsiləsindən satirik hekayələri, “Mozalan bəyin səyahətnaməsi” kimi əsərləri jurnalın səhifələrində işıq üzü görüb.

Əbdürrəhim bəy Haqverdiyevin jurnalda dərc olunan “Xortdanın cəhənnəm məktubları” öz cəsarəti, qaldırdığı problemləri, mövzu aktuallığı və nəhayət bədii sənətkarlığı ilə xüsusi seçilirdi. Onun “Molla Nəsrəddin”ə qədər də mətbu yaradıcılığı vardı. 1906-cı ildə “Həyat” qəzetində dərc etdirdiyi “Ata və oğul”, “Ayın şahidliyi” hekayələrində insanın xislətində olan naqislikləri ifşa ilə bu insanı kamilliyə çağırırdı. “Molla Nəsrəddin” kimi qüdrətli bir jurnalın fəaliyyətə başlaması isə onun bədii nəsrinə... geniş meydan açmışdır” .

Ədibin “Xortdanın cəhənnəm məktubları” povesti ictimai xarakterinə, qoyduğu problemlərə və üslubuna görə “Molla Nəsrəddin” ədəbi məktəbinin misilsiz nümunəsidir. Bu povestdə yazıçı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan mühitinin bədii portretini yaratmışdır. Povestdə mühitin doğurduğu ictimai qüsurlar, eybəcərliklər satirik üslubda ifşa olunmuşdur. “Molla Nəsrəddin” jurnalında hissə-hissə dərc olunan bu povest artıq ədibin bir sənətkar kimi estetik ideallarının göstəricisidir. Bu ideallar sırasında isə povestin təqdim etdiyi millətin kamil millət olması ilk yerdədir. Millətin oyanması, haqqı nahaqdan seçməsi, qanunsuzluqlara göz yummaması bir azərbaycançı yazıçı kimi onun təlqin etdiyi əsas qayə idi.

Əbdürrəhim bəy Haqverdiyev nəsrinin poetikasını tədqiq edən professor Təhsin Mütəllimov doğru qeyd edir ki, “bu əsərdə əsas məqsəd feodal-patriarxal Azərbaycanın ən ciddi və tipik ictimai qüsurlarını, eybəcərliklərini konkret bədii lövhələr və obrazlar vasitəsi ilə göstərmək, siyasi-ictimai uyğunsuzluqların səbəb və səbəbkarlarını izah etmək, tanıtmaqdır”. Müəllifə görə xalq bu səbəb və səbəbkarları görüb tanısa, onun sivil dünyaya qovuşması tez baş verər. XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan ziyalılığının əsas məqsədi isə azərbaycanlını sivil görmək arzusu olmuşdur. Bütün bunlar “Molla Nəsrəddin” ədəbi məktəbinin və onu təmsil edənlərin azərbaycançılıq ruhuna uyğun idi. Təsadüfi deyil ki, Əbdürrəhim bəy Haqverdiyevin hekayəçilik fəaliyyəti... xüsusən “Molla Nəsrəddin”in nəşrindən sonra başlanır.

“Xortdanın cəhənnəm məktubları” da həmin dövrün məhsuludur. Azərbaycanda özünü göstərən gerilik, varlı-yoxsul münasibətlərinin fəsadları, saxta din xadimlərinin fırıldaqları bütöv bir xalqın pis ənənələri kimi ifşa edilir. Həm də bunlar tipik portretlər qalereyası ilə təqdim olunur.

“Xortdanın cəhənnəm məktubları”nda bu üsulda yaradılmış satirik portretlərə rast gəlirik. Bu satirik portretlərdə milli xüsusiyyətlər-azərbaycançılıq keyfiyyətləri qabardılır. İstər müfəssəl olsun, istərsə müxtəsər, satirik portretlərin demək olar ki, hamısında ədibin surətə olan mənfi münasibəti, hətta kinayəsi çox aydın və qabarıq şəkildə özünü biruzə verir. Daha doğrusu, belə hallarda bədii portret həm də əlverişli ifşa vasitəsinə çevrilir. Məsələn: “Bu şəxs həm də Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boyunun gödəkliyindən başı iki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı” .

Bu təsviri oxuduqda, nəzərimizdə çox yöndəmsiz və eybəcər bir sima canlanır. Həmin surətin fiziki əcaibliyi, geyimindəki yöndəmsizliyini çox yaxşı tamamlayır. Yerişindəki və danışığındakı lovğalıq onu daha gülünc göstərir. Lakin ədib özünün mənfi münasibətini daha kəskin deməyi lazım bilir və təsvirin sonunda onu açıq rüsvay edir.

Əbdürrəhim bəy Haqverdiyev obrazın təsvirində portret detallarından istifadə etməyi çox sevir. Belə hallarda surətin zahiri görkəminin mükəmməl təsviri verilmir. Yalnız ən zəruri, səciyyəvi əlamətlərindən bəzisi nəzərə çatdırılır. Bu üsula, əsasən, ikinci, üçüncü dərəcəli surətlərin təsvirində təsadüf olunur. Məsələn: “Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə də sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen”. Xortdanın Ağdam bazarında rast gəldiyi usta Qulunun tamam tüksüz sifəti və bir sajenlik boyu oxucuda gülüş doğurur. Bu dəlləyin qarşısına çıxdığı kəndlilərin başını zorla qırxmaq adəti də nəql edilirkən o daha gülünc görünür. Beləliklə, kiçik bir parçada surətin gülünc xarakteri və görünüşü haqqında çox yığcam və dəqiq təsəvvür yaranır.

Ədibin “Molla Nəsrəddin”dəki başlıca mövzuları real həyatın və vaxtı keçmiş münasibətlərin tənqidindən ibarətdir. “Öz Vətəni olan Qarabağda, sonralar islam şərqində müşahidə etdiyi cəhaləti, haqsızlıqları kəskin satira atəşinə tutan, kəndli və əsnafın avamlığını təbii bir gülüşlə bizə söyləyən ədib böyük bir dövrü xarakterizə edən hekayələrində əlvan tiplər silsiləsi yaratmış və bunlara ümumi simvolik bir ləqəb verib “maral” adlandırmışdır”. Əsərdən kiçik bir parça da onun haqqında təəssürat yaratmağa qadirdir: “Hər yer mənim marallarımla doludur. Gözəl marallarım, göyçək marallarım... Hacı marallarım, kərbəlayi marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım...”.

Böyük tədqiqatçı alim və yazıçı Mir Cəlal və ədəbiyyatşünas Firuddin Hüseynov Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” əsəri barədə yazıblar: “Bizim heç birimiz istəmirik və istəməzdik ki, ata-babalarımız bu əsərdə göstərilən dəhşətli aləmdə yaşamış olsunlar. Madam ki, bu bir həqiqət imiş, biz cahil keçmişə, bizi gözübağlı saxlayanlara dərin nifrət edirik, qəzəblənirik. Biz ədibin hekayələrindən ayrı nəticə çıxarırıq: köhnə cəmiyyətin mirası olan o cəhalət dəhşətlərinə son qoymaq, onun qalıqlarını məhv etmək üçün camaata, lap avam camaata kömək etmək, ən uzaq və kənar guşələrdə, hətta ən geridə qalmış adamları da o köhnə həyatın cəngəlindən, qalıqlarından xilas etmək uğrunda daha inadla, daha kəskin mübarizə aparmaq lazımdır” .

Bu mübarizə isə əslində millətin azad yaşaması uğrunda böyük savaşın tərkib hissəsidir.

Əbdürrəhim bəy Haqverdiyev XX əsrin əvvəlləri Azərbaycan tənqidi realist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. Nöqsanları ifşa yolu ilə aradan qaldırmağı əsas tutan “Molla Nəsrəddin” tənqidi realizmin zirvəsində duran mətbuat orqanı kimi Əbdürrəhim bəy Haqverdiyevin də əsas tribunası idi. “Əbdürrəhim bəy Haqverdiyev müəllim ruhlu, tərbiyə verməyi sevən, əxlaq üzərində çox düşünən yazıçıdır”. Yalançı və fırıldaqçı adamların cəmiyyətə, məişətə gətirdiyi pozğunluğu ifadə edən “Qiraət” əsərində avam, sadəlöhv, eyni zamanda məsum, sədaqətli arvadını aldadıb “qiraət” öyrənmək adına aşnası Nataşanın yanına gedən və üstəlik “müctəhid” adına yazıq arvadına hazırlatdığı plovu da götürüb kef məclisinə aparan “Maşaduşka”nı (Məşədini) müəllif tipik bir surət səviyyəsinə təsadüfən qaldırmayıb. Müəllif Məşədi Qulamların bu əxlaqını ifşa edərkən elə onun öz dili ilə azərbaycanlının qanmazlıq məqamlarını da ortaya qoyur: “Allah kəssin müsəlmanın (azərbaycanlının-A.M.) evini, eşiyini, diriliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxarırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan, qudurub qaçar. Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı... Tfu... Gedirsən Nataşanın evinə, süfrə qardan ağ, çəngəl-bıçağın şəfəqindən göz qamaşır... Ağ libaslı, ağ döşlüklü qulluqçu, gözəl səliqə ilə xörəyi ortaya çıxarır. Nataşa özü paltarlarının ən lətifini geyib, gəlib əyləşir, ustolun başında... di gəl arvad ölmüş, hər nə yarar paltarı var geyir toya, hamama, yasa gedir. Evdə də adamın qabağında türkmən dilənçisi kimi dolanır. Üst-başından bozbaş iyi gəlir...”. Ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin öz əsərində misal kimi gətirdiyi bu bədii parça azərbaycanlını məişət məqamında başqa xalqlarla müqayisədə çox tipik ifadə etməkdədir.

Əbdürrəhim bəy Haqverdiyev “Molla Nəsrəddin”ə sədaqətli olduğunu jurnalın Bakı dövründə də sübut etmişdir. Həmişə Cəlil Məmmədquluzadə ilə məslək dostluğunu büruzə vermiş, jurnalın müdafiəçisi olmuşdur. Onun sovet dövründə yazdığı əsərlərinin mayasında mollanəsrəddinçilik ruhu yaşayır. Ədibin “Ağac gölgəsində”, “Ədalət qapıları”, “Köhnə dudman”, “Yoldaş Koroğlu” pyeslərində, “Söhbət”, “Diş ağrısı”, “İanə” və başqa hekayələrində Azərbaycan cəmiyyətində olan mənfi hallar kəskin tənqid olunur.

Böyük mollanəsrəddinçi ədib Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə vəfat edib.

Əbdürrəhim bəy Haqverdiyev ictimai həyatdan tutmuş məişət həyatınadək bütün məqamlarda azərbaycanlını yüksəkdə görmək arzusu ilə yazıb yaratmışdır. O, əsərlərində mollanəsrəddinçiliyə daim sadiq qalmış, Vətənin azadlığına, xalqın oyanışına, müstəqil düşünməsinə, haqqı nahaqdan seçməsinə, ana dilinin geniş yayılmasına yardımçı olmağa səy göstərib.

Allahverdi Məmmədli, Filologiya elmləri namizədi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/199092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR