Yaponiyanın imperatoru Akihito və imperatriça Mitikonun ilk nəvəsi, şahzadə Mako Aksiino tacından, titulundan və əlahəzrət ailəsinə məsxus olan bütün imtiyazlardan imtina etməyə qərar verib. O, "adi şəxs" olan sevgilisinə ərə getmək niyyətindədir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 25 yaşlı şahzadə Mako Tokiodakı Beynəlxalq Xristian Universitetini (International Christian University, İCU), 2016-cı ildə isə Britaniyadakı məşhur Lester Universitetini başa vurub.
Daha sonra şahzadə Mako Dublin və Edinburq universitetlərində doktoranturanı bitirib.
Kulturologiya doktoru olan şahzadə Mako hazırda Tokio Universiteti Muzeyində elmi işçidir.
O, 25 yaşlı sevgilisi Key Komuro ilə İCU-da oxuyarkən tanış olub. 2012-ci ildə şahzadə Mako Tokionun Ginza səmtindəki restoranlarından birində olarkən Komuro ilə rastlaşıb, bu tanışlıq sonradan sevgiyə çevrilib.
Yokohama şəhərində yaşayan K.Komuro bankda çalışır.
Şahzadə Mako sevgilisini atası, şahzadə Akisino və anası, şahzadə Kiko ilə tanış edib. Onlar nikaha razılıq veriblər.
Yaponiyadakı qanunlara və adətlərə görə, şahzadə Mako "adi vətəndaş"a ərə gedəndən sonra imperator ailəsinin mənsubuna şamil edilən bütün imtiyazlarından və titullarından məhrum olacaq.
Şahzadə Makonun atası, 51 yaşlı şahzadə Akisino Yaponiyanın vəliəhd şahzadəsi, 57 yaşlı Naruhitonun kiçik qardaşıdır.
Şahzadə Akisinonun kiçik oğlu, şahzadə Hisahitonun 10 yaşı var.
Yaponiya imperatoru, 83 yaşlı Akihito səhhətinə görə taxtdan imtina etməyi və tacı oğlu Naruhitoya verməyi düşünür.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində