FED-in gələn ay faizləri artırması ehtimalı azalır

FED-in gələn ay faizləri artırması ehtimalı azalır
14:22 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ ABŞ-ın Federal Rezerv Sisteminin (FED) gələn ay keçiriləcək iclasında uçot dərəcəsinin artırılması ehtimalı 80%-dən 70%-ə düşüb. 
"Report" xəbər verir ki, bu barədə Kanadanın "BMO Capital Markets" şirkətinin borc bazarları üzrə mütəxəssisi Aron Koli (Aaron Kohli) bildirib. 
Şirkətin araşdırmasına görə, son bir neçə gündə ilin sonuna qədər faizlərin ikinci dəfə artırılması ehtimalı isə 65%-dən 37%-ə qədər azalıb. 
CNBC agentliyinin yaydığı xəbərdə bildirilir ki, qlobal maliyyə bazarları ABŞ iqtisadiyyatının gücünün zəif olmasını əsas gətirərək  FED-in bu il iki dəfə faiz artımına gedəcəyinə inanmır. A. Koli hesab edir ki, mayın 12-də ABŞ-da açıqlanmış zəif inflyasiya göstəricisi maliyyə bazarı iştirakçılarını məyus edib. Belə ki, illik inflyasiya göstəricisi mart ayında 2,4% olduğu halda, apreldə 2,2%-ə qədər geriləyib. Maliyyə bazarı həm də ABŞ prezidenti ətrafında yaranan qalmaqallardan və iqtisadi islahatların həyata keçirilməməsindən narahatdır.
Bu ilin aprel ayında ABŞ-da sənaye məhsullarının istehsal həcmi 1% artaraq 2014-cü ilin fevralından bu günədək ən yüksək temp nümayiş etdirsə də, "Bank of America Merrill Lynch"in strateji mütəxəssisi Tanos Vamvakidis düşünür ki, bu, bazarların gözlədiyi qədər sürətli artım olmayıb.
"Report"un analitik qrupu bildirir ki, yuxarıda sadalanan səbəblərə görə ABŞ dollarının məzənnəsi əksər inkişaf etmiş ölkələrin valyutaları, xüsusən avro ilə müqayisədə ucuzlaşıb. Lakin bu proses müvəqqəti olduğu üçün qısa müddətdən sonra ABŞ iqtisadiyyatının yenidən güclü göstəricilər açıqlayacağı ehtimal edilir. Nəticədə, dolların məzənnəsi arta bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fed-in-gelen-ay-faizleri-artirmasi-ehtimali-azalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR