Nüvə üçbucağı dünyanı məhv edə bilər: Dəhşətli ssenariyə DOĞRU

Nüvə üçbucağı dünyanı məhv edə bilər: Dəhşətli ssenariyə DOĞRU
16:48 17 May 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Çinin paytaxtı Pekində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumunda dünyanın 30 ölkəsinin liderləri toplaşdı.

Hindistandan başqa, cənubi, şərqi və cənubi-şərqi Asiyasının bütün dövlətləri öz nümayəndələrini sammitə göndərdi. Baş nazir Narendra Modi, həmçinin hind məmurları və biznesmenlər onlara göndərilmiş dəvətə nümayişkaranə şəkildə əhəmiyyət vermədilər. Pekin dəqiq siqnalı almışdı: Nyu-Dehli narazıdır. Çin cənub qonşusunu razı salmayan nə edib?

“Bu, axı bizim dağlarımızdır”

Mayın 13-də Pakistan işçilərinin briqadası Qvadar limanının yaxınlığında yol hissəsinin genişləndirilməsini bitirdi. Bu yol Çin-Pakistan dəhlizinin (CPEC) son nöqtəsidir və Çinə Hind okeanına birbaşa çıxış verməlidir. Ancaq işçi briqadası hücuma məruz qaldı. Naməlum şəxslər iki motosikletlə briqadaya yaxınlaşaraq çantalarından “Kalaşnikov” avtomatlarını çıxarıblar və atəş açmağa başlayıblar. Səkkiz işçi hadisə yerində, daha ikisi isə xəstəxanaya aparılarkən öldü. Cinayətkarları saxlamaq mümkün olmadı.

Terror aktına görə məsuliyyəti Bəlucistanın Pakistandan ayrılaraq müstəqil olması uğrunda mübarizə aparan yerli separatçılar üzərinə götürdülər. Ancaq Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif dərhal elan etdi: hücumun arxasında regionun stabilliyi pozmağa və beləliklə, Çin-Pakistan iqtisadi dəhlizinin açılmasına maneə olmağa çalışan Hindistan dayanır.

Nyu-Dehli həqiqətən də CPEC-dən narazıdır. Hər şeydən əvvəl ona görə ki, dəhlizin keçdiyi ərazilərdən biri — Karakorum şossesi kimi məşhur olan 35 nömrəli milli yol 1948-ci ildə birinci Hindistan-Pakistan müharibəsi zamanı Pakistan tərəfindən tutulan Cammu və Kəşmir ştatlarının ərazisindən keçir. Dəhlizi yaratmağın başqa yolu da yox idi. Çin inşaatçıları dəhlizi keçi cığırları üzrə çəkərək əsl möcüzəni yaratdılar. CPEC dəhlizi Çin tacirlərinə Cənubi Çin dənizi və təhlükəli Malakka boğazının mübahisəli akvatoriyalarından yan keçməklə yolu iki dəfə qısaltmağa imkan verəcək.

Hindistan ötən yarım əsri xatırladaraq Pekinə 10-dan çox etiraz notası göndərib. Beynəlxalq hüquq normalarına əsasən, Pakistanla Çinin ümumi sərhədləri yoxdur və işğal edilmiş ərazidə Çin şirkətlərinin istənilən fəaliyyəti qanunsuzdur. Amma indi vəziyyət dəyişdi. Hindistan üçün strateji şosenin “Bir kəmər – bir yol” layihəsinə daxil edilməsi ona dəqiq siqnaldır: Nyu-Dehli işğal edilmiş ərazilərlə qəti vidalaşmalı olacaq. Hindistan Xarici İşlər Nazirliyi sərt bəyanat verdi ki, müstəqillik və ərazi bütövlüyü məsələləri də daxil olmaqla onun əsas maraqlarına toxunan heç bir layihənin reallaşdırılması ilə razılaşmayacaq.

Qeyd edək ki, strateji dəhlizi reallaşdıran Pakistan və Çin, həmçinin Hindistan nüvə dövlətləridir. Hazırda dünyanı narahat edən məsələlərdən biri də Çin, Hindistan və Pakistan üçbucağında yerləşən nüvə arsenalıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutunun (SIPRI) məlumatına görə, Çin nüvə başlıqlarının sayını bir il ərzində 250-dən 260-a qədər artırıb. Hindistan və Pakistan da öz növbəsində nüvə silahının hazırlanması üçün istifadə olunan zənginləşdirilmiş uranın istehsalını artırır və on il ərzində bu ölkələrin mövcud nüvə arsenalı üç dəfə arta bilər. Təxmini rəqəmlərə görə, Hindistanın 80-100, Pakistanın isə 90-110 nüvə başlığı var.

Nyu-Dehlinin sərt bəyanatı indiki məqamda olduqca təhlükəli görünür. Hindistan və Pakistanın bir-birini tez-tez nüvə silahı ilə təhdid etməsi vəziyyətin çox pis olduğunu göstərir. Son olaraq cari ilin yanvarında Pakistan hökuməti Hindistanın bu ölkəyə qarşı hər hansı bir hücumuna nüvə silahı ilə cavab verəcəklərini açıqlayıb.

“Dayanın, Çinin pulunu götürməyin!”

Hindistanı yalnız qərb sərhədlərindəki narahat etmir. Cənub-şərqi Asiya son illərdə Nyu-Dehli tərəfindən Hindistan xarici siyasəti üçün prioritet elan edilib. Amma Çin Hindistanı daha aktiv sıxışdırır.

Cənub-şərqi Asiya ölkələri ilə iqtisadi və strateji əməkdaşlığın aktiv inkişafını nəzərdə tutan “Look East!” (“Şərqə bax!”) siyasəti hind rəhbərliyi tərəfindən hələ 1991-ci ildə elan edilmişdi. İqtisadiyyatdan başqa, müdafiə sahəsində də əməkdaşlıq nəzərdə tutulurdu. Çinin artan təsiri fonunda Hindistan region dövlətlərinin təhlükəsizliyinin zamini rolunda çıxış edərək onlarla münasibətlərini inkişaf etdirməyi planlaşdırırdı. Bu konsepsiya ABŞ tərəfindən dəstəklənirdi və cənub-şərqi Asiyada Hindistanla ABŞ-ın maraqları obyektiv uyğun gəlirdi. Bundan başqa, amerikalılar ümid edirdilər ki, Hindistan-Çin qarşıdurması gec-tez Hindistanı ABŞ-ın regionda strateji müttəfiqi etməyi bacaracaq.

Narendra Modi hakimiyyətə gəlişindən sonra “Look East!” siyasətini “Act East!” (“Şərqdə hərəkət et!”) konsepsiyası ilə əvəz etdi. Modi və xarici işlər naziri Suşma Svaraj cənub-şərqi Asiya ölkələrinə tez-tez getməyə, hind hərbi gəmiləri Cənubi Çin dənizinin sularına girməyə başladı, Hindistan-Myanma-Tailand strateji şosesinin çəkilməsi üzrə işləri aktivləşdirdi. Layihəyə pulu Nyu-Dehli ayırdı.

Amma çinlilər daha sürətli oldular. Si Cinpinin rəhbərliyi altında Çin cənubi-şərq qonşularının infrastruktur layihələrində daha aktiv iştirak edir. Çinlilər regionda möhkəmlənərək rəqiblərini burada sıxışdırıb çıxarırlar. Apreldə Kamboca hökuməti ölkədə artıq bir ildir işləməyən Amerika hərbi inşaatçıları ilə müqaviləni cırdı və onların əvəzinə Çin mühəndislərini dəvət etdi. İqtisadiyyatla yanaşı, hərbi əməkdaşlıq da inkişaf edir. Üç ay əvvəl Kamboca rəhbərliyi Çin ordusu ilə təlimlərə üstünlük verərək amerikalılarla birgə təlimlərdən nümayişkaranə şəkildə imtina etdi.

Çin pulu və Pekinin vəd etdiyi perspektivlərə qarşı durmaq çətindir. Hətta Çinlə bağlı ənənəvi şübhələri olan Vyetnam belə əməkdaşlığa hazır olduğunu ifadə etdi.

Nyu-Dehli isə cənub-şərqi Asiya ölkələrini yorulmadan xəbərdar edir: “Dayanın, Çinin pulu götürməyin! Çin sizi özünə iqtisadi cəhətdən bağlayacaq, siyasi liderlərinizi ələ alacaq, sizi borc bataqlığına salacaq və sonra sizin xarici siyasətinizə şəxsi maraqları üçün təsir edəcək”.

Amma hindlilərə demək olar ki, qulaq asmırlar. Nyu-Dehli hələ ki, məsləhətlər, Pekin isə pul və inkişaf üçün şans verir.

Sıxan boyunbağı

Hindistanı ən çox narahat edən Çinin Hind okeanındakı fəaliyyətidir. “Mirvari boyunbağısı” cənub dənizlərində Çin bazaları və dayaq məntəqələrinin şəbəkəsidir. Nyu-Dehlidə hesab edirlər ki, şəbəkə Hindistanın boynunu sıxır.

Çinin Şri-Lanka barəsində siyasəti xüsusi narahatlıq yaradır. Ada ölkəsi bu yaxın vaxtlara kimi hind təsir zonasında idi və Qərbin maliyyə yardımını alırdı. 2011-cidə məlumatlar dərc edildi ki, ölkənin silahlı qüvvələri və polisi üsyançı tamillərə qarşı çoxillik müharibənin gedişatında hərbi cinayətlər törədib. Ölkə hakimiyyəti faktiki olaraq günahkarları cəzalandırmaqdan imtina etdikdən sonra, Avropa İttifaqı və ABŞ maddi yardımları kəskin azaltdı. Şri-Lanka hökuməti maliyyənin başqa mənbələrini tapmaq üçün Çinə müraciət etdi.

O vaxtdan ölkələrin əməkdaşlığı yüksək templərlə artır. Pekin aeroportlar, dəmir yolları, şoselər və dəniz portlarının tikintisinə sponsorluq edərək demək olar ki, Şri-Lankada pul dağıdır. Çin ada dövlətinə 8 milyard dollarda hərbi kömək edib və 1,5 milyard dollara başa gəlmiş böyük “Colombo Financial City”nin qurulmasına sponsorluq edib. Çinin sualtı gəmiləri Kolombo dəniz bazasına tez-tez qonaq gəlir.

Şri-Lanka hakimiyyəti Çinin investisiyalarını itirməmək, həm də Hindistanı çox hisrləndirməmək üçün çoxvektorli siyasət yürütməyə çalışır. Belə ki, bir neçə gün əvvəl Narendra Modinin adaya səfəri zamanı yüksək vəzifəli qonağı qıcıqlandırmamaq üçün Çin sualtı gəmisinin Kolomboya girməsinə icazə vermədilər. Amma bu səfər Şri-Lankanın baş naziri Ranilu Vikramasinqxenin “Bir kəmər - bir yol” sammitinə getməsinə maneə olmadı.

Amma Modinin sərt mövqeyi həm ölkə daxilində, həm də xaricdə tənqid olunur. Siyasətçilər və jurnalistlər xəbərdarlıq edirlər ki, Nyu-Dehlinin Çinin meqalayihəsindən imtinası ölkəni iqtisadi inkişaf tempini itirmək təhlükəsi üz-üzə qoyur.

Hind hakimiyyəti isə eyni zamanda körpüləri yandırmamağa çalışır. Hindistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi bazar ertəsi bildirdi ki, Nyu-Dehli bu məsələdə öz prinsipial mövqeyini rəhbər tutaraq, Çinə “Bir kəmər – bir yol” təşəbbüsü haqqında konstruktiv dialoqa daxil olmağa təklif edir: “Biz Çin tərəfindən müsbət cavabı gözləyirik”.

Pekindən dərhal cavab gəldi.

“Mən anlamıram ki, Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi nə deməyə çalışır. O, “konstruktiv” deyəndə nəyi nəzərdə tutur? Mətbuat katibinin fikrincə, Çin hansı “müsbət cavab”ı verməlidir? Bizim ideyalarımız və hərəkətlərimiz özü hər şeydən xəbər verir. Bizim hədəflərimiz aydındır. Biz lap əvvəldən Hindistanın bu layihədə iştirakını dəstəkləyirdik”.

Hind sərtliyinə Çin cavabı dəqiqdir: Hindistan çox böyük bazardır və əməkdaşlıq hər iki ölkəyə xeyir gətirəcək. Nyu-Dehlini buna inandırmaq qalır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR