ICD ilə AMEA YTP arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

ICD ilə AMEA YTP arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
17:36 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev 14-18 may tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam İnkişaf Bankı İdarə Heyətinin 42-ci toplantısında iştirak edib.

AMEA Yüksək Texnologiyalar Parkından Trend-ə verilən məlumata görə, 2000-dən çox iştirakçının qatıldığı toplantıda üzv ölkələrdə təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, bu sahədə təcrübə mübadiləsi, təşəbbüs və innovativ fikirlərin paylaşılması, özəl sektorla əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində AMEA YTP-nin direktoru V.Babayev İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru Xalid əl Əbudi ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. V.Babayev AMEA Yüksək texnologiyalar Parkının fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkı elmi-tədqiqat işlərinin innovativ məhsullara çevrilməsi və kommersiyalaşdırılması sahəsində böyük əhəmiyyətə malikdir. AMEA YTP-nin direktoru milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruri olduğunu bildirib. Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə vermək təmsil etdiyi qurumun qarşısına qoyduğu əsas məqsəddir.

ICD-nin baş icraçı direktoru Xalid əl Əbudi bildirib ki, özəl müəssisələrin yaradılması, inkişafı və müasirləşdirilməsi məqsədilə üzv ölkələr arasında investisiya axınını genişləndirmək və onları iqtisadi inkişafa təşviq etmək rəhbərlik etdiyi qurumun prioritet məsələlərindən biridir.

Sonra ICD ilə AMEA YTP arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Hər iki tərəf birgə əməkdaşlıq nəticəsində kiçik və orta sahibkarlığın inkişafı üçün investisiya layihələrinin həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2756413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR