Dünən Beynəlxalq Muğam Mərkəzində əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə "Natiq ritm qrupunun "Ritm varsa, həyat var" adlı solo konserti baş tutdu.
Musiqi mədəniyyətimizin tarixində ilk dəfə zərb alətlərinin birgə ahəngini gerçəkləşdirən "Natiq ritm qrupu" bir daha tamaşaçıları təəccübləndirməyi bacardı. Natiq Şirinov nağara alətinə yeniliklər gətirən, nağara alətini ölçüləri və xanalarında özünəməxsus eksperimentlər aparan sənətkar kimi tanınır.
Milli.Az xəbər verir ki, ifaçı həm də Azərbaycanın ilk ritm bəstəkarıdır. O, öz musiqi qrupu ilə birlikdə Beynəlxalq mükafatlarla və adlarla təltif olunmuşdur.
Konsertdə ilk öncə həyatın hər bir anında, təbiətdə mövcud olan hər bir səsdə ritmin mövcudluğunu nümayiş etdirən video çarx nümayiş olundu. Bir çox ilklərin yaşandığı konsertdə Azan da səsləndi. Sonra Qafqazın ən böyük diametri 1 metr olan nağaranın ritmləri altında "Həyat varsa, ritm var" adlı kompozisiya səsləndirildi. Konsert zamanı qrupun ifasında "Qatar" kompozisiyası, Şahmar Ələkbərzadənin "Nağara" şeri, "Mehriban" kompozisiyası, "Qaval rəqsi", " Bir qəlbdə iki ruh", "Söz və ritm", "Nağarada arabeska", "Qaytağı" musiqi nömrələri ifa olundu.
Qeyd edək ki, qrupun tərkibində Ümüd Şirinov, Hikmət Rzayev, Elbəy İsgəndərov, Seymur Cəbrayılov, Fərid Nəzirov, Məqsəd Əzizov, Namiq Şirinov, Bayram Üzeyirov, Anar Abbasov, Samir Əliyev çıxış etdilər.
Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. Tamaşaçılar arasında ölkəmizə gələn turistlər də çoxluq təşkil edirdi. Onlarda milli musiqi aləti olan nağaranın ecaskar səsi ilə tanış oldular. Natiq Şirinov qeyd edib ki, bu konsertin Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunları ərəfəsinə təsadüf etməsi də olduqca simvolikdir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində