Ərdoğanın “nöqtə” qoymaq üçün getdiyi Vaşinqton səfərinin atmosferi geosiyasi mənzərədə daşların yerindən oynadığını göstərdi. Və bu, heç də gözlənilməz deyildi. Çünki prezident postuna əyləşəndən sonra U dönüşü edən Tramp Suriyanı bombalamaq və Şimali Koreyaya “desant” çıxarmaqla yanaşı, YPG-yə (PKK-nın Suriya qanadı olan PYD-nin silahlı qolu) açıq dəstəyi ilə əvvəl dilə gətirdiyi “Türkiyə Yaxın Şərq regionunu daha yaxşı tanıyır, onun strategiyasına uyğun hərəkət etmək lazımdır” sözlərinin də yalnız boş bəyanat olduğunu göstərdi. Trampın gedişləri onun gəlişindən sonra ABŞ-Türkiyə münasibətlərinin müttəfiqlik çərçivəsinə qayıdacağı haqda yaranan ehtimalları da alt-üst etdi. Və aprelin 25-də Türkiyənin Sincarı bombalaması ilə başlanan qarşıdurmanı əslində “Amerika-Türkiyə müharibəsi” adlandırmaq olar.
Amerika-Türkiyə döyüşü:
- Aprelin 25-də Türkiyə təyyarələri İraqın şimalındakı Sincar
bölgəsi ilə Suriyanın şimalında Karakoç dağında 30-a qədər PKK-PYD
hədəflərini vurdu. Terror təşkilatının ABŞ-la birlikdə bir ildən
çoxdur qurduqları qərargahlar, sığınacaqlar bir gecədə məhv edildi.
Hansı ki, Sincar PKK üçün “ikinci Qəndil” olduğu qədər Karakoç da
PYD üçün eyni əhəmiyyətə malikdir. Ankara terrorçuların bu planına
icazə verməyəcəyini əvvəldən bəyan etmişdi. Lakin diqqət çəkən
məqam Amerika əsgərlərinin də həmin bölgədə terrorçularla birlikdə
olması idi. Hücumdan öncə Türkiyə ABŞ-ı məlumatlandırmış və
“əsgərlərinizi bölgədən çəkin” xəbərdarlığı etmişdi. Zərbədən qısa
müddət öncə Karakoçda PYD ilə birlikdə olan ABŞ-ın yüksək rütbəli
hərbçiləri bölgəni tərk etdilər. Vaşinqton Ankaranın zərbələrinə
qarşı sərt reaksiya verdi.
- Aprelin 27-də amerikalı zabitlərdən biri Karakoça gəldi və türk
ordusunun məhv etdiyi bazalara baxış keçirtdi. Onunla birlikdə
bölgəyə baxış keçirənlər arasında Türkiyədə “qırmızı siyahı” ilə
axtarılan PKK liderlərindən Abdi Ferhad Şahin də var idi. Bu,
ABŞ-ın terrorçulara açıq dəstəyinin ifadəsi idi və Vaşinqton bunu
gizlətmək istəmirdi. Əksinə, bununla Türkiyəyə mesaj verirdi. Bu
mesaj həm də cavab hücumunun olacağından xəbər verirdi.
- Aprelin 27-də cavab hücumu baş verdi. YPG Suriya ilə sərhəddəki
Türkiyə Silahlı Qüvvələrinin postlarına hücum etdi. 2 gün ərzində
11 posta edilən 13 hücumda türk əsgərləri itki vermədi, əvəzində 18
terrorçu məhv edildi. YPG-nin (həm də Amerikanın) hücumuna sərt
reaksiya verən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “bir gecə
qəfil gələ bilərik” xəbərdarlığı lokal müharibənin davam edəcəyinə
işarə idi. Lakin Ankara hücumu hərbi yox, diplomatik sferada
başlatdı.
- Mayın 3-də Ərdoğan Rusiyaya səfər etdi. Putinlə görüşün əsas
müzakirə mövzusu Suriya idi və “döyüşlərin olmadığı bölgələr”lə
bağlı razılıq əldə olundu. Mayın 4-də keçirilən Astana görüşündə
Rusiya, Türkiyə və İran Suriyada “döyüşlərin olmadığı bölgələr”in
yaradılması haqda qərar qəbul etdilər. Beləliklə, Suriyada bəzi
bölgələr Amerika təyyarələri üçün bağlandı. Bu, Suriyada
Ankara-Moskva-Tehran üçbucağının hakim mövqeyi qoruması və
Vaşinqtonun sıxışdırılması idi. Gözlənildiyi kimi, ABŞ Astana
qərarını qəbul etmədiyini bəyan etdi. Ərdoğan Putinlə görüşərək,
Suriya ilə bağlı qərarın tərəfi olmaqla ABŞ səfərinə əli güclü
getmək niyyətində idi. Lakin ABŞ-ın PKK-PYD ilə bağlı mövqeyini
dəyişdirmək, yaxud ən azından bunu dəqiqləşdirmək gedişini də
etdi.
- Mayın 9-da Türkiyə Baş Qərargah rəisi Hulisi Akar, Milli
İstihbarat Təşkilatının şefi Hakan Fidan və Ərdoğanın sözçüsü
İbrahim Kalın Vaşinqtona gedərək, Ağ Evdə Trampla görüşdü. Qapalı
keçirilən bu görüş haqda məlumat açıqlanmasa da, görüşdən dərhal
sonra Trampın PYD-yə ağır silahların verilməsi ilə bağlı Pentaqona
təlimat verməsi “müharibənin davam etdirildiyini” göstərdi.
Ərdoğanın nümayəndələri Trampın mövqeyini dəyişdirə bilməmişdi,
lakin nə düşündüyünü öyrənə bilmişdilər. Bu görüşdən sonra
Ərdoğanın “Bu vergüldür, mən nöqtəni qoymaq üçün gedirəm” sözləri
ABŞ-Türkiyə münasibətlərinin dönüş nöqtəsinə - ya
düzəlməsi, ya da tamamilə qırılması - gəldiyi fikrini önə
çıxardı.
- Ərdoğan Vaşinqton səfərindən öncə Çinə səfər edərək son həmləsini
də etdi: Pekində Türkiyə, Rusiya və Çin liderlərinin bir araya
gəlməsi həm də ABŞ-a qarşı böyük cəbhənin formalaşması mesajı
idi.
Və Türkiyə prezidenti son həmləsi ilə Vaşinqtona gücünü
artıraraq yola düşdü. Hesab etmək olardı ki, ABŞ ona qarşı
cəbhədə Türkiyənin yer almaması üçün Ərdoğanla razılaşacaq. Lakin
Trampın “PKK və İŞİD-ə qarşı Türkiyə ilə birgə mübarizəyə
hazırıq” açıqlaması Ərdoğanın Ağ Evdə istədiyinə nail
olmadığını göstərir. Çünki Tramp YPG-nin adını çəkməmiş, yalnız iki
terror təşkilatından bəhs etmişdi. ABŞ PKK-ya gizli dəstək versə
də, bu təşkilatı terror təşkilatı kimi tanıyır və Trampın bəyanatı
sadəcə diplomatik ritorika idi. YPG-yə gəlincə, PKK-nın quyruğu
olan bu qruplaşmaya dəstək davam edəcək. Ərdoğan da görüşün
nəticələri haqda danışarkən, ABŞ-ın mövqeyində dəyişiklik
olmadığını açıqladı.
Görünür, Tramp Obamadan qalan yarımçıq planları davam etdirmək
niyyətindədir və YPG-yə dəstəyin arxasında da Suriyada atacağı
addımların konturları aydın görünür:
1. YPG Rakka əməliyyatında Pentaqonun “əsas gücü”
olaraq istifadə ediləcək. ABŞ Suriya Demokratik Qüvvələri (SDQ) adı
altında əsasən YPG-dən ibarət qüvvə yaradıb. Məqsəd Suriyada Əsədə
alternativ güclərin ipini öz əlində saxlamaqdır. Çünki Suriya
müharibəsi başlayanda Əsədə qarşı çıxan müxaliflər əsasən türk
bayrağı altında birləşib. Bu, Ankaranın bölgədə güclü olması
deməkdir. Vaşinqton da məhz SDQ üzərindən oynayaraq, PKK terror
qruplaşmasının tərəfdaşlarını ön plana çəkir. Rakka əməliyyatında
məhz YPG-nin “əsas güc” kimi istifadə edilməsi də təsadüfi deyil:
Bununla, YPG dünyanın gözündə İŞİD-ə qarşı döyüşən
“qəhrəman” olacaq, hansı ki, indiyə qədər ABŞ dünya ictimaiyyətinə
onları məhz belə təqdim edir; ABŞ Rakka əməliyyatında YPG-dən
istifadə etməklə başqa güclərin, eləcə də Türkiyənin iştirakının
qarşısını alır.
2. YPG-yə dəstək nəinki Suriyada, ümumiyyətlə
yaxın Şərqdə ABŞ-ın “vəkalət müharibəsi”ni aparacaq gücün
formalaşması deməkdir. Obama dönəmində bu müharibə əsasən İŞİD
vasitəsilə aparılırdı. Lakin İŞİD-in “istifadə müddəti” artıq başa
çatıb və Tramp özünün “yerli ordusunu” yaradır.
3. YPG-yə dəstək Trampın Obamadan qalma “kürd
dəhlizi” planını tamamlamaq niyyətindən də xəbər verir. Hansı ki,
bu, Türkiyənin cənub sərhədlərində “kürd dövləti”nin yaradılmasının
başlanğıcıdır. Türkiyə “Fərat qalxanı” əməliyyatına başlamaqla bu
planın həyata keçməsinin qarşısını aldı. Görünür, seçki dövründə
“qınına” çəkilən ABŞ özünə gələrək, bu planları yenidən gündəmə
gətirir. Lakin bu plan yaxın perspektivdə “rəfdə saxlanılacaq”, ən
azından Suriyada “qələbə” qazanana qədər.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması da yaxın
perspektivdə Vaşinqton və Ankaranın izləyəcəyi siyasəti
proqnozlaşdırmağa imkan verir.
“ABŞ YPG-yə verilən silahların Türkiyəyə qarşı istifadə
edilməyəcəyinə dair təminat verib”, - Çavuşoğlu
bildirir.
Məhz bu təminat Vaşinqton və Ankaranın zaman qazanmaq (hər biri
özlüyündə) gedişi etdiyini göstərir.
Ankara: Ərdoğan Vaşinqton səfərində ABŞ-ın YPG-yə
dəstəkdən imtina etməyəcəyini anladı. Buna görə də indiki məqamda
vaxt qazanmaq üçün YPG-nin Türkiyəyə hücum etməyəcəyinin təminatını
alıb. Güman ki, Türkiyə ABŞ-ın Suriyada aktiv müharibəyə
qoşulmasını gözləyir və ümid edir ki, Suriya amerikalılar üçün yeni
İraq olacaq. Əgər belə olacaqsa, o zaman YPG-yə dəstək və “kürd
dəhlizi” planı arxivə göndərilə bilər. Türkiyə prezidentinin
açıqlamaları da Ankaranın zamana ehtiyacının olduğunu deməyə əsas
verir.
Birincisi, Ərdoğan “kürd dəhlizi”nə icazə
verməcəyəklərini və Suriyanın şimalından gələcək istənilən
təhlükəyə anında cavab verəcəklərini bəyan etdi.
İkincisi, Ərdoğanın “Mən Suriya mövzusunda
da qapımızı döyəcəklərinə inanıram. Hazırda Rakka mühasirədədir.
Nələrin baş verəcəyini gözləyəcəyik. Amma Türkiyə mütləq meydanda
olacaq. Suriyada da, İraqda da” sözləri də deməyə əsas
verir ki, Ankara gözləmə mövqeyinə keçir.
Üçüncüsü, güman ki, Türkiyə ABŞ-ın Suriyada
“qələbə çalmaması” üçün Rusiya ilə dolayısı yolla olsa belə
əməkdaşlıq edəcək. Çünki amerikalıların qələbəsi avtomatik olaraq
Türkiyə əleyhinə planlara yaşıl işıq yandıra bilər.
Vaşinqton: Tramp da öz növbəsində Türkiyəyə YPG
təminatı verməklə vaxt qazanmağı düşünür.
a) Bu vaxt Amerikaya indiki məqamda Türkiyənin
mövqeyini neytrallaşdırmaq üçün lazımdır. Çünki amerikalıların
yaxın perspektiv üçün əsas hədəfi Suriyada Rusiya və İranı
sıxışdırmaqdır. Bunun üçün Türkiyəni “ofsayt”da saxlamaq
lazımdır.
b) Vaşinqton Türkiyəni neytrallaşırmaqla əslində
YPG-ni bölgədə daha da gücləndirmək niyyətindədir. Yəni Ankaraya
təminat verir və onun hər hansı hücumunun qarşısını alır. Vaxtdan
istifadə edərək, YPG-nin silahlandırılmasını gücləndirir və bu
terrorçulardan bölgədə ciddi ordu yaradır.
c) Türkiyəyə təminat həm də ona görə verildi ki,
Rakka əməliyyatı uğurla başa çatdırılsın. Əgər Rakka əməliyyatı
uğurlu olacaqsa, ABŞ-ın əli Suriyada güclənəcək, Rusiya və İrana
daha güclü şəkildə hücum edə biləcək.
d) Ən son hədəf isə vaxtdan istifadə edərək,
bölgədə gücləndirdiyi YPG-dən “kürd dəhlizi” planını həyata
keçirmək üçün Türkiyəyə qarşı istifadə edəcək.
Görünən odur ki, Yaxın Şərqdə Ankara-Vaşinqton döyüşü davam
edəcək.
Asif Nərimanlı