XİN: Ermənistan açıqlaması Yenilənmiş Madrid prinsipləri ilə ziddiyyət təşkil edir

XİN: Ermənistan açıqlaması Yenilənmiş Madrid prinsipləri ilə ziddiyyət təşkil edir
18:18 18 May 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan rəhbərliyinin açıqlaması ATƏT-in baş katibinin saxlanmasına təqdim edilmiş Yenilənmiş Madrid prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib.

H.Hacıyev qeyd edib ki, münaqişənin mərhələli şəkildə həllini nəzərdə tutan Yenilənmiş Madrid prinsiplərinin 1-ci bəndində Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal edilmiş rayonlardan Ermənistan qoşunlarının çıxarılması nəzərdə tutulur: "Burada məntiq işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması müqabilində sülhün təmin olunmasıdır".

XİN rəsmisinin sözlərinə görə, beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, Azərbaycan ərazilərinin işğalını davam etdirərək bunun həyata keçirilməsinə və nəticə etibarilə mövcud status kvonun dəyişməsinə maneə olan tərəf məhz Ermənistandır. Ermənistan rəhbərliyinin parlamentdəki son çıxışı bunun daha bir əyani sübutudur:

"Ermənistan rəhbərliyinin Azərbaycanda yaşayan ermənilərin vəziyyətinin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışmasının BMT nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş öz müqəddəratını təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Ermənistan rəhbərliyi beynəlxalq hüququn ali prinsipi olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini güc tətbiq etməklə ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə çalışır. Əslində öz müqəddəratını təyin etmə prinsipi etnik təmizləmə nəticəsində didərgin düşmüş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin Dağlıq Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR