Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı proseduru
dəyişib.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin
18 may 2017-ci il tarixli sərəncamı ilə qüvvəyə minən “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” qanunda əksini tapıb.
Bununla əlaqədar qanuna yeni maddə əlavə edilib. Beləliklə,
nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota
alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini
tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan
keçiriləcək. Eyni zamanda dövlət qeydiyyatının aparılması və daimi
uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsinin hansı hallarda
texniki baxışdan keçirilməyəcəyi də müəyyənləşdirilib. Bu zaman
Azərbaycana ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat
vasitəsinin istehsal olunduğu vaxt əsas götürüləcək. Hüquqi və
fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı
Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi
həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50
kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki
nəqliyyat vasitələri, onların qoşqularının və yarımqoşquları
istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət
qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.
İstehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə nəfərdə tutulmuş müddətdə vaxtda texniki baxışdan keçirilmişdirsə, bu halda da nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.