Beynəlxalq Muğam Mərkəzində “Natiq ritm qrupu”nun konserti kecirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində “Natiq ritm qrupu”nun konserti kecirilib (FOTO)
20:01 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünən Beynəlxalq Muğam Mərkəzində əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm qrupunun “Ritm varsa həyat var” adlı solo konserti baş tutub.

Trend-in məlumatına görə, musiqi mədəniyyətimizin tarixində ilk dəfə zərb alətlərinin birgə ahəngini gerçəkləşdirən “Natiq ritm qrupu” bir daha tamaşaçıları təəccübləndirməyi bacarıb.

Natiq Şirinov nağara alətinə yeniliklər gətirən, nağara alətini ölçüləri və xanalarında özünəməxsus eksperimentlər aparan sənətkar kimi tanınır.

İfaçı, həm də Azərbaycanın ilk ritm bəstəkarıdır. O, öz musiqi qrupu ilə birlikdə beynəlxalq mükafatlarla və adlarla təltif olunub.

Konsertdə ilk öncə həyatın hər bir anında, təbiətdə mövcud olan hər bir səsdə ritmin mövcudluğunu nümayiş etdirən video çarx nümayiş olunub. Bir çox ilklərin yaşandığı konsertdə Azan da səslənib. Sonra diametri 1 metr olan, Qafqazda ən böyük nağaranın ritmləri altında “Həyat varsa ritm var” adlı kompozisiya səsləndirilib. Konsert zamanı qrupun ifasında “Qatar” kompozisiyası, Şahmar Ələkbərzadənin “Nağara” şeri, “Mehriban” kompozisiyası, “Qaval rəqsi”, “ Bir qəlbdə iki ruh”, “Söz və ritm”, “Nağarada arabeska”, “Qaytağı” musiqi nömrələri ifa olunub.

Qeyd edək ki, qrupun tərkibində Ümüd Şirinov, Hikmət Rzayev,Elbəy İsgəndərov, Seymur Cəbrayılov, Fərid Nəzirov,Məqsəd Əzizov, Namiq Şirinov, Bayram Üzeyirov, Anar Abbasov, Samir Əliyev çıxış ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Tamaşaçılar arasında ölkəmizə gələn turistlər də çoxluq təşkil edib.Onlarda Milli musiqi aləti olan nağaranın ecaskar səsi ilə tanış olublar. Natiq Şirinov qeyd edib ki, bu konsertin Bakıda kecirilən IV İslam Həmrəyliyi Oyunları ərəfəsinə təsadüf etməsi də olduqca simvolikdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2756515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR