Azərbaycanlı aktrisa: "Mənim başıma gələnləri Allah heç kimə yaşatmasın" - FOTO

Azərbaycanlı aktrisa: "Mənim başıma gələnləri Allah heç kimə yaşatmasın" - FOTO
21:05 18 May 2017
Ölkə mətbuatı
A- A+

Aktrisa Ceyran Qasımovanın Milli.Az-a müsahibəsi.

- Ceyran xanım, sizi tamaşaçılar "Vicdan haqqı" serialından tanıdılar. İstərdim oxucularımıza özünüz haqqında ətraflı məlumat verəsiz.

- Mən Tərtər rayonunda anadan olmuşam. Ana tərəfim İranlıdır. İncəsənət Universitetində dram və kino aktyoru fakültəsində, xalq artisti Eldar Quliyevin kursunda oxumuşam. 4 il təhsil aldıqdan sonra ailə həyatı qurdum. Ona görə də sənətdən bir müddət uzaqlaşdım. Yenidən Rövşən İsaxın "Vicdan haqqı" serialı ilə efirlərə qayıtdım.

- Demək ki, ailənizi sənətdən üstün tutdunuz.

- Bəli, ailəmi sənətdən üstün tutdum. Fikirləşdim ki, sənətə gec də gəlmək olar, amma ailəni dağıtmaq olmaz. Həmişə arzu edirdim ki, qismət olsun, sənətə qayıdım. Bu da mənə nəsib oldu, bundan sonra sənətimi inkişaf etdirəcəm.

- Olmaya yoldaşınız da istəmirdi sənətdə olmağınızı?

- Biz nişanlı olanda mənim qayınanam və qayınatam xahiş etmişdi ki, biz səni sənətdə istəmirik. Mən təyinatımı Ağdam Dram Teatrına alsam da, amma heç o teatrda da işləmədim. Ana olandan sonra isə teatra qayıtmaq barəsində fikirləşmədim. 1993-cü ildə AzTV-də diktorluq və aparıcılıq üzrə müsabiqə keçirilirdi, mən orada sənəd verdim. Rəhmətlik Tariyel Vəliyev o vaxt gənclər redaksiyasının rəhbəri idi. O, çox istəyirdi ki, orada çalışım. Elə oldu ki, qızm xəstələndi, bu arzum da yerinə yetmədi.

- Ailənizi bütövlüklə qoruyub saxlaya bildinizmi?

- Bu haqda danışmaq istəmirəm.

- Sənətdən uzaqlaşdığınız bir vaxtda seriala necə dəvət gəldi? Axı sizi heç kim tanımırdı...

- Rövşən İsax mənim tələbə yoldaşım olub. Aktyor Rauf Şahsuvarov da mənim tələbə yoldaşımdır. Bir dəfə mən Raufla görüşəndə ona sənətə qayıtmaq istəyimi bildirmişdim. Rauf Rövşənlə görüşəndə demişdi ki, Ceyran artıq qərar verib, sənətə qayıtmaq istəyir. Rövşən də bunu eşidib mənə zəng edib, seriala dəvət etdi. Bundan əvvəl də bir serial var idi, istəmişdilər getməmişdim.

- Bəzən sənətkarlar seriallarımızda "naşı, xam" aktrisa olmayan insanların çəkilməsinə etiraz edirlər. Bu sözlər sizə necə təsir edir?

- Deyilən sözlərdə bəlkə də həqiqət var, mən heç kimi qınamıram. Biz 4 il universitet həyatında müxtəlif tamaşalarda oyanyırdıq. Elə bilirəm ki, o tamaşalardan sonra Rövşənin yaddaşında iz qoymuşdum. Bilirsiz, məni tanıyan adam seriala çəkdi, tanımayan rejissor məni hələ bundan sonra görüb tanıyacaq.

- İllər sonra serialda çəkilmək sizə çətinlik yaratmadı ki?

- Xeyr, heç bir çətinlik olmadı. Bir iki bölümdə sıxılıb, çəkinirdim. Amma Azad Şükürov yanımda idi deyə öyrəşdim. Onu da deyim ki, Azad müəllim mənim universitetdə də müəllimim olub. Rövşənlə işləmək çox asan gəldi mənə. Rövşən hamımızın dilini bilir, bilir ki, bizə necə yaxınlaşmaq lazımdır.

- Amma bir çox sənətkarlar Rövşən İsaxdan şikayətçidir. İstər indiki serialda olanlar, istərsə də əvvəlki serialların qəhrəmanları...

- Mən elə deməzdim. Mənim yerlərim Rövşənin öz evində çəkilir. Orada onun yoldaşı və uşaqları olur. Onlar bu iş üçün ailəlikcə canfəşanlıq edirlər. Biz özümüzü çox rahat hiss edirik. Elə bilirik ki, öz evimizdəyik. Rövşənin kiminsə xətrinə dəyməsini görməmişəm. Bəzi rejissorlar var ki, vəzifəsindən istifadə edib aktyoru incidir. Mən bunu Rövşəndə heç vaxt görmədim. Əksinə, bizə elə bir tərzdə yaxınlaşır ki, başımız ağrısa belə, ağrımızı unuduruq.

- Bəlkə qrup yoldaşınızdır deyə sizi incitməyib?

- Sizin bu fikriniz qızımın da fikrinə bənzədi. Həmişə mənə olan münasibətindən gəlib evdə danışanda qızım deyir ki, "o, sənə öz işçisi kimi tələbkar yanaşmır. Mənə elə gəlir ki, o, tələbə yoldaşı kimi sənin xətrini çox istəyir". Onun bu cür münasibəti mənə yox, hamıyadır.

- Ekran işində baş rollardan birini canlandıran Kəmalə Müzəffər serialı tərk etdi. Qarşı tərəfdən açıqlama olsa da, Rövşən İsax susdu. İstərdim serialda çəkilən bir aktrisası kimi buna aydınlıq gətirəsiz.

- Kəmalə xanımla mən 2 dəfə çəkilişdə birlikdə olmuşam. Kəmalə xanımı başqa bir çəkilişdə görməmişəm. Bu barədə mən heç bir söz deyə bilməyəcəyəm. Əgər nəsə bir problemləri olubsa da, öz aralarında olub. Ağızdan ağıza kim nə qədər eşidibsə, mən də o qədər eşitmişəm. Gözümlə heç nəyi görməmişəm. Mən də sizin kimi saytlardan oxuyuram. Bəzən mənə sual verirlər ki, Dilarə gələcək? Vallah mənim də məlumatım yoxdur.

- İstərdinizmi Dilarə yenidən seriala qayıtsın?

- Əlbəttə, istərdim. Niyə də istəməyim ki?! İstərdim gəlsin. Çünki serialın əsas qəhrəmanı Dilarə idi.

- Amma gəlin razılaşaq ki, seriala Dilarəyə görə baxanlar daha çox idi. O serialı tərk edəndə, yəqin ki, tamaşaçıların üsyanını gördünüz?

- Dilarə əsərdə aparıcı qadın rolu idi. O, Rövşənin qələminin yaratdığı gözəl bir obraz idi. Kəmalə xanım ora gələndə çox sevindik, çünki çox gözəl oynayırdı. Amma niyə belə etdiyini yenə də Rövşən bilir. Dilarə ekran işində itib. Hələ bilmirik ki, itib, ölüb, yaşayır, ya üzə çıxacaq. Bəlkə bir gün gəlib qapını döyəcək girəcək içəri. Bəzi qadınlar yazırlar ki, biz seriala baxmırıq, çünki Dilarəni rus qadınının ayağına verdiniz. Hələ verilməyib axı. Qələm mənim əlimdə olsaydı, bunu başqa cür yazardım.

- Səmimi deyin, Dilarə obrazını siz canlandıra bilərdiz?

- Səmimi deyim ki, Dilarə obrazını hər bir aktrisa yarada bilərdi. Yaratdığımız Dilarə obrazı tamaşaçılar tərəfindən bu cür sevilərdi, ya yox, bax bunu bilmirik. Bu hisslər hamıya tanış bir hisslərdir. Hamının həyatında bu cür hadisələr baş verə bilər.

- Serialda oynadığınız rolunuzun sizə həyatda uyğunluğu varmı?

- Obrazlar elə bölünüb ki, tamaşaçı bu serialı sevir. Hər kəs öz işinin öhdəsindən çox yaxşı gəlir. Şəfiqə kimi yaşayan qadınlar çoxdur. Ona görə də mənim dostluğumda olan qadınlar mənə yazırlar ki, sizin obraza baxanda sizin özünüzü görürük. Çoxu qayınana kimi məni bəyənir. Yolda kişilər də mənə deyir ki, Allah hamının evində belə xanım nəsib etsin. Söz eşidən, söz götürən, ailəsini sevən..

- Həyatda çox susmusuz?

- Bəli, mən çox susmuşam. Çox şeyləri udmağa çalışmışam həyatda. Kimsə deyə bilməz ki, Ceyran mənim xətrimə dəyib. Heç kimlə konfliktim olmayıb.

- Övladlarınız böyükdür?

- Bəli, qızım universiteti bitirib. Oğlum da fotoqrafdır. Həyatda məni yaşadan bu iki övladımın varlığıdır.

- Yəqin ki, bu serialdan sonra hədəfləriniz daha böyükdür.

- Bu yolda irəliləməyi qarşıma məqsəd qoymuşam. Yaxşı təkliflər olsa, çəkiləcəyəm.

- Qorxmursuz yenə də sənətdən geri qalarsız?

- O qorxu məndə yoxdur. Bu barədə heç düşünməmişəm. Sənətdən heç vaxt geri çəkilmərəm. Bunu zaman göstərəcək. Əgər sənətdən getsəm, bunu dərd də etmərəm. Allah böyük dərdlər göstərməsin. Bir daha geri qalsam, öz istəyimlə olmaz.

- Demək ki, sənətinizi müvəqqəti sevirsiz.

- Xeyr, sənətimi çox sevirəm. Mənim başıma gələnləri Allah heç kimin başına gətirməsin. Demək istəyirəm ki, öz istəyimlə sənətdən ayrılmaram.

Əli Rəhimoğlu
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/545111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR