Xəbər verildiyi kimi, jurnalistlər üçün tikilmiş ikinci bina iyulun 22-də istifadəyə veriləcək. Artıq media mənsubları elan olunmuş qaydalar çərçivəsində müvafiq sənədləri komissiyaya təqdim edir və bir çoxları elə düşünür ki, bu, sonuncu şansdır, bununla da media mənsubları üçün bina tikintisinə son qoyulacaq. Lakin Mətbuat Şurasınən sədri, millət vəkili Əflatun Amaşov ümidverici açıqlama ilə çıxış edib.
MŞ sədri "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə jurnalistlər
üçün üçüncü binanın da tikilə biləcəyini deyib.
O, hazırda jurnalistlərin istifadəsində olan birinci bina ilə bağlı
dövlət başçısına xahişini və onun da bu məsələyə xüsusi həssaslıqla
yanaşdığını xatırladıb: "Mənim üçün çox xoşdur ki, bu məsələni
xahiş kimi qaldırdım və cənab prezident çox böyük addım atdı. Cənab
prezidentlə görüşdə müəyyən məsələlərdən danışdıq. Eyni zamanda,
jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə
prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu,
kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə
təkliflərimiz oldu. Cənab prezident məsələyə çox diqqət və qayğı
ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın
tikilməsi ilə bağlı sərəncam imzaladı. Tezliklə binanın yeri
müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan prezidentinin
Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola
bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada
verildi, 255 mənzil ikinci binada veriləcək. İnanıram ki, bu,
sonuncu tikilən bina olmayacaq".