AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıb

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalanıb
11:37 19 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Səlcuq Universiteti (SU) Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcəklər.
Akademiyadan "Report"a verilən məlumata görə, bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın Səlcuq Universiteti ilə əməkdaşlığının elm və təhsilin inteqrasiyasına təkan vermək, bu sahədə qarşılıqlı, faydalı münasibətləri qurmaq baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə universitet arasında kadr və təcrübə mübadiləsinin aparılması ikitərəfli əlaqələrin möhkəmlənməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.
Sonra tərəflər əməkdaşlıqla bağlı müzakirə aparıblar. Razılığa əsasən, AMEA-dan magistrant və doktorantlar Mövlanə Mübadilə Proqramında iştirak edə biləcəklər. Sənəd akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsini, o cümlədən tərəflər arasında kadr mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən hər iki qurum birgə elmi video konfrans və görüşlər də keçirəcəklər.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və SU-nun professoru Alattin Aköz də iştirak ediblər.
Sonda sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və SU-nun rektoru, professor Mustafa Şahin imzalayıblar.




Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-ve-turkiyenin-selcuq-universiteti-arasinda-anlasma-memorandumu-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR