Tortun yumşaq olması üçün belə bişirin...

“Napoleon” tortunu müxtəlif reseptlə hazırlayırlar.

Metbuat.az dadı damağınızda qalacaq “Napoleon” tortunu hazırlamağın qaydasını təqdim edir:

Tərkibi:

Xəmir üçün:
2 yumurta
300 q kərə yağı
6 st. un
100-150 ml su
0,5 ç.q duz
4 x.q sirkə
300 ml su

Bişmiş krem üçün:

5 yumurtanın sarısı
1,5 l süd
3 x.q nişasta
300 q şəkər tozu
Vanil
250 q kərə yağı

Hazırlanmasına gəldikdə, soyuq kərə yağını unun üzərində sürtgəcdən keçirin. Duz səpin. Yumurta, su və sirkəni qarışdırıb buraya əlavə edin. Xəmir yoğurun. Onu bir ləyənə qoyub ağzına qida örtüyü çəkin, 1,5-2 saat soyuducuda saxlayın.

Soyuq xəmiri bir neçə bərabər hissəyə bölün. Hər birini 2 mm qalınlıqda yayın. Siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz.

Krem üçün: Südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun. Yumurta sarısı, 1 stəkan süd, şəkər tozu, nişasta və vanili çalın. Qaynayan südə əlavə edin, bu zaman onu daim qarışdırın. Qatılaşanacan qarışdıraraq bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremi tədricən əlavə edərək çalın.

Korjlardan bir-ikisini xırdalayın (tortun üstünə səpmək üçün). Korjların arasına krem çəkin, üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin. 1-2 saat saxlayın. Bu müddətdə krem korjlara hopacaq və onları yumşaldacaq. İti bıçaqla tortun kənarlarını hamarlayın. Yenə krem çəkin.

Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üstünə və kənarlarına səpin. Tortun tam özünü tutması üçün bir neçə saat saxlayın.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR