Türkiyə-Yunanıstan gərginliyinin səbəbləri

Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Egey dənizində təlim keçirir.

Metbuat.az xəbər verir ki, hər il olduğu kimi 13-26 mayda keçirilən təlimlər bu il “Dəniz qurdu-2017 ” adı altında baş tutacaq.

Təlimlərdə 54 gəmi, 4 patrul təyyarəsi, hərbi-dəniz aviasiyasının 19 vertolyotu və Sahil Mühafizəsinin 7 patrul kateri iştirak edir.

Hərbi təlimlərin mövzusunu dəniz və hava məkanında təhlükələr təşkil edib.

Türkiyənin bu il də NATO üzvlərini təlimdə iştiraka dəvət etməsi Yunanıstanın kəskin etirazına səbəb olub. Yunanıstanın Ankaradakı səfiri Kuriakos Lukakis NATO üzvlərini 22 mayda gerçəkləşdirilməsi nəzərdə tutulan dəvətdən imtina etməyə çağırıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu Yunanıstanın Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizində keçirdiyi təlimlərə sərt reaksiyasının səbəblərindən danışıb:

“Türkiyə donanmasının hər il mütəmadi olaraq 13-26 may aralığında bu cür təlimləri keçirilir və NATO-ya üzvü ölkələr də müşahidəçi qismində təlimlərə qatılır. Bu il yunan tərəfinin üzv ölkələrə tədbirdə iştirak etməmək çağırışı Avropa Birliyi ilə Türkiyə arasında yaşanan soyuq münasibətlər, yunanlarla çoxdan həll edilməsi lazım olan iki əsas problem kontekstində dəyərləndirilə bilər. Bu iki problemdən biri təlimərin keçiriləcəyi Egey dənizi ilə bağlıdır. 2015-ci ildə Yunanıstanın baş naziri Aleks Çiprasın Türkiyə səfəri zamanı da yunan tərəfi Egeydə türk gəmilərinin aktivliyindən şikayətçi olmuşdu, hətta yumşaq şəkildə rəsmi Ankaranı dəniz sərhədlərini pozmaqda da günahlandırmışdılar. Bildiyiniz kimi, Yunanıstan Egey dənizini bir yunan dənizi olaraq görməkdədir və Türkiyəni öz quru sularında həbs etmək niyyətindədir. Bunu isə Türkiyə qəbul edə bilməz. Bu səbəbdən mübahisəli beynəlxalq sularda hərbi gəmilərini üzdürməkdə və hava sahəsində də hərbi təyyarələrini uçurtmaqdadır. Yunan tərəfi bu fəaliyyəti sərhəd pozuntusu kimi qiymətəndirir. Amma problem dənizin ədalətli paylaşımı və ya Türkiyənin haqlarını da diqqətə alan razılaşma və işbirliyi ilə həll ola bilər”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR