Zakir Həsənov Gürcüstanda yaşayan şəhid ailələri ilə görüşüb

Zakir Həsənov Gürcüstanda yaşayan şəhid ailələri ilə görüşüb
14:12 21 May 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 21 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində Zakir Həsənov mayın 21-də Tbilisidəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib. Abidə önünə əklil qoyub, onun xatirəsini ehtiramla yad edib.
Sonra nazir, Azərbaycanın Gürcüstandakı səfirliyində, bu ölkədəki Ağsaqqallar Şurasının rəhbərliyi, eləcə də icma nümayəndələri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların valideynləri və yaxınları ilə görüşüb.
Görüşdə nazir Prezident İlham Əliyevin salamlarını soydaşlarımıza çatdırıb, Azərbaycan dövlətinin onlara daim diqqət və qayğı göstərdiyini bildirib.
Nazir deyib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən oğulları sırasında Gürcüstanda doğulub boya-başa çatmış insanlar da var. Onların bir neçəsi orden və medallarla təltif olunub.
Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olunmuş, Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Elşən Məmmədov Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif edilib.
Nazir medalı şəhidin atası Vaqif Məmmədova təqdim edib.
Vaqif Məmmədov Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini bildirib və oğlunun şəhid olmasından qürur hissi keçirdiyi vurğulayıb. Şəhid atası nitqini “Vətən sağ olsun” sözləri ilə bitirib.
Z.Həsənov ötən ilin aprel döyüşlərində şəhid olmuş pilot, “Azərbaycan Bayrağı” ordenli, Dmanisi rayonunun Yanıqlı kəndindən olan Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə Müdafiə Nazirliyinin xatirə hədiyyəsini təqdim edib.
Qeyd edək ki, Zakir Həsənov Gürcüstana səfəri çərçivəsində mayın 22-də bu ölkənin prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və müdafiə naziri Levan İzoriya ilə görüşəcək.
Mayın 22-də isə Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Görüşlərdə ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq, üçtərəfli əməkdaşlığa dair memorandum imzalanacaq.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/zakir-hesenov-gurcustanda-yasayan-sehid-aileleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR