Futbol millimiz İslamiadanın qalibi oldu

Futbol millimiz İslamiadanın qalibi oldu
22:59 21 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan iki oyunla komandalar öz mükafatlarına qovuşublar.

 

Finalda millimiz Oman yığması ilə qarşılaşıb. Qrupda keçiridiyi oyunlarda iki heç-heçə və bir qələbə ilə ikinci yerin sahibi kimi yarımfinala adlayan yığmamız yarımfinalda Əlcəzairə gücünü göstərib.

 

Yaşar Vahabzadənin yetirmələri ərəblərə iki cavabsız qol vuraraq həlledici mərhələdə oynamağa haqq qazanıb. Artıq qızıl medalların bir addımlığında olan komandamız doğma meydan amilindən də yararlanaraq tarixi şansı əldən verməyib.

 

Matça fəal başlayan yığmamız ilk yarım saatın tamamında artıq 2:0 hesabı ilə öndə idi. Mahir Mədətov 17 və 28-ci dəqiqədə iki dəfə ərəbləri məyus edib.

 

İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə nisbətən fəallaşan rəqib qollardan birinin əvəzini çıxa bilib. Ancaq Oman millisinin bundan artığına gücü çatmayıb.

 

Sona qədər qələbə hesabını qorumağı bacaran millimiz yekunda IV İslam Həmrəyliyi Oyunlarını çempion kimi tamamlayıb.

 

Bürünc medal uğrunda isə Kamerunla Əlcəzair yığmaları qarşılaşıblar. Ərəblər 2:0 hesablı qələbə ilə Oyunları 3-cü pillədə başa vurublar.

 

IV İslam Həmrəyliyi Oyunları

Futbol

 

Final

 

Azərbaycan – Oman - 2:1

Qollar: Mahir Mədətov, 17, 28 - Əl Yahyaei, 56

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR