Bakı ətrafında daha bir bərbad yol gözəlləşdi - FOTO

Bakı ətrafında daha bir bərbad yol gözəlləşdi - FOTO
10:57 22 May 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Binəqədi-Novxanı-Corat avtomobil yoludur.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, 14 km uzunluğunda olan avtomobil yolunun 6,5 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri artıq yekunlaşıb. Ümumilikdə yolun sözügedən hissəsinin 80 min kv.m sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1,2 km-lik hissəsində 1,5 m enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri. İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılır. Bundan öncə isə bu hissədə aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılaraq yekunlaşdırılıb.

Avtomobil yolunun mövcud eni isə 7-9 m arası dəyişirdi. Layihəyə uyğun olaraq yol 12 m-ə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 m diametrində yeni dairə inşa olunub. Bundan başqa, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12,5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR