"Bir müddət idmandan kənarda qaldım və..."

“Baş məşqçimiz Reza Mehmandusta sehrbaz deyirəm. O insanın necə gücə malik olduğunu görmək lazımdır. Onun Azərbaycan taekvondosuna böyük xeyri dəyib”.

Bunu Metbuat.az-a "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan taekvondoçu Ramin Əzizov deyib:

"Qələbələrin ardınca bir müddət idmandan kənarda qaldım…

5 yaşımdan idmanla məşğul oluram. Atam idmançı olub, o, məni bu sahəyə yönləndirib. İlk qələbəm 2005-ci ildə gənclər arasında Avropa Çempionatında olub. Bürünc medal qazanmışam. Beynəlxalq turnirlərdə qalib olmuşam. 2009-cu ildə böyüklər arasında Dünya Kubokunda 3-cü olmuşam. İndividual dünya ikinciliyi və birinciliyim olub. 2011-ci ildə London Olimpiadasının təsnifat turnirinin çempionu olmuşam. 2012-ci ildə Avropada böyüklər arasında ikinci olmuşam. 2014-cü ildə Avropada ikinci olmuşam. 2015-ci ilin yanvarında təlim məşq toplantısında ayağım sındı. Avropa Oyunlarına hazırlıq mərhələsində zədə aldığım üçün Oyunlara qatıla bilmədim. Avqustda məşqlərə qayıtsam da, sentyabrda ayağım eyni yerdən yenidən sındı. 2016-cı ilin axırına qədər bərpa prosesinə görə oyunlardan kənar qaldım. Bu ilin əvvəllərindən etibarən həkimlər döyüşə icazə verdi. Mart ayında 3 turnirdə iştirak edərək, bürünc, gümüş, qızıl medallar qazandım.

Oyunların Azərbaycanda keçirilməsi mənə xüsusi məsuliyyət hiss etdirirdi…

Günümün demək olar ki, yarısını təlim məşq toplantılarına həsr edirdim. Məşqlər çox ağır keçdi. Oyunların Azərbaycanda keçirilməsi mənə xüsusi məsuliyyət hiss elətdirirdi. İlk rəqibim iordaniyalı idi. İkinci rəqibim türkiyəli, finaldakı rəqibim isə iranlı idi. İlk rəqibimə 27-8, yarımfinaldakı rəqibimə 13-7, finaldakı rəqibimə isə 16-14 hesabı ilə qalib gəldim. İordaniyalı rəqibimlə ilk dəfə idi ki, qarşılaşırdım. Türk və iranlı rəqiblərimlə isə ikinci dəfə idi qarşılaşırdım. Həmin rəqiblərimə bu vaxta qədər qalib gəldiyim üçün taktiki gedişlərimi demək olar ki, bilirdilər. Buna görə də onlarla döyüş çətin idi. Finaldakı rəqibimlə oyunda 7-0 hesabı ilə irəlidə idim, hakimlərin səhvi ucbatından geri düşdüm. Son 3 saniyədə görüşün taleyini həll elədim.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR