Bütün dünya, Hindistanın Gudivada bölgəsinin ucqar
kəndlərdən birində yaşayan 106 yaşlı Mastanamma nənədən danışır.
Amma dünya ondan yaşının çoxluğuna görə danışmır. Yeri gəlsə, ondan
da yaşlıları var bu cahanda. Məsələ burasındadır ki, Mastanamma
nənə ömrünün bu ahıl çağında “youtube” sosial şəbəkəsinin
fenomenlərindən biridir.
ARB TV-nin “Pəncərə” verilişində bu fenomen qadınla bağlı maraqlı
sujet yayımlanıb.
Belə ki, 106 yaşlı nənənin fenomen olma səbəbi bişirdiyi
yeməklərdir.
Mastanamma nənənin sözlərinə görə, o, yemək bişirməyə 6 yaşında
olarkən başlayıb. Tarixi rəqəmlərlə ifadə etsək, ilk dəfə Şərqin bu
qədim ölkəsində qolunu çırmalayıb yemək hazırlayanda, Qərbdə 1-ci
dünya savaşı gedirdi. Bu həmdə o deməkdir ki, nənə tam 100 ildir
yemək bişirməklə məşğuldur.
Bir əsr aşpazlıq təcrübəsi olan nənə hazırladıqları yeməkləri tək
nəvə-nəticəsiylə bölüşmür. Yüz minlərlə insana da təqdim edir.
Təbii ki, virtual olaraq. Onun hazırladığı yeməklərin videosu
“Country Foods” adlandırılan şəxsi “youtube” hesabına yüklənir və
“youtube”dan onu nə az, nə çox, tam 300 mindən çox insan daimi
olaraq izləyir. Ağbirçəyin videolarını youtuba nəticələri yükləyir.
Uşaqlar deyirki, əvvəl-əvvəl sırf yumor xatirinə, maraq üçün
nənəmizin videolarını paylaşırdıq. Sonra gördük ki, arvad
məşhuri-aləm oldu. Dünyanın hər yerindən baxmağa və yazmağa
başladılar.
Ağbirçəyin qulaqları bir az zəif eşitsə də, gözləri yaxşı görür və
öz smartfonu var. Hesabında paylaşılan videolara da elə istifadə
etdiyi telefonuyla baxır. Özünü “youtube”da gördükcə bu onun xoşuna
gəlir.
Mastanamma nənəyə “Hardan öyrənmisən belə bişirməyi? Bu yaşda necə
bacarırsan?” sualı verilərkən, onun cavabı bu cür olur: “Mən çox
güclüyəm və heç kimdən deyil, özüm öyrənmişəm yemək bişirməyi”.
Dediyinə görə yeməklərinə dad verən əsas amil mətbəxinin
ədviyyatlarıdır. Mətbəx isə bağbağçadır, tarladır. Ən çox
tərəvəzlərdən, mərcidən, balıqdan, yumurtadan istifadə edir.
Xüsusilə yumurtadan geninə-boluna yararlanır.
Dediyinə görə ömrünün uzun olmasının bir səbəbi də məhz yumurtadan
və ədviyyatlardan çox istifadə etməsidir.
Ən məşhur yeməyi qarpızın içində bişirilən toyuq ətidir. Biz
toyuğun içini doldurub ləvəngi hazırlayırıq. Mastanamma nənə isə
toyuğu qarpıza doldurub indiyski ləvəngi hazırlayır. Deməli öncə
bir qarpızı götürüb kəsib içini oyub çıxarırlar. Daha doğrusu içini
yeyib bitirdikdən sonra keçirlər yeməyin digər hissəsinə, hissələrə
bölünmüş toyuq ətinin üzərinə bibər, pomidor, soğan, qırmızı istiot
və müxtəlif ədviyyatlardan əlavə edib onu yaxşıca qarışdırırlar.
Sonra ora biraz bitki yağı da əlavə edilir. Ardınca Mastanamma nənə
bu qarışığa bir az zəncəfillə sarımsaq və yerli göyərti növlərindən
əlavə edir. Daha sonra içi boş qarpıza banan yarpağı yerləşdirib
həmin toyuq əti qarışığını ora doldurur. Bitirdikdən sonra yarpaqla
qarışığın üstünü örtüb qarpızın papağını da başına qoyur. Sonra isə
xəmirlə qarpızın kəsilmiş yerini sarıyır. Beləcə qarpız ləvəngisi
odun üstündə bişməyə başlayır.
O, yeməklərini heç vaxt qazda bişirmir. Odun və digər təbii yanacaq
növləriylə alışdırılan ocaqda bişirir. İstifadə etdiyi ərzaqların
miqdarını isə gözəyarı seçir. Hərhalda 100 illik təcrübə bu mövzuda
səhv edə bilməz. Bu ailə, süfrə örtüyü və ya qab əvəzinə banan
yarpaqlarından istifadə edir. Onlar yeməklərini əllə yeyir. Çəngəl,
bıçaq və qaşıq onlara yaddır. Mətbəx adamlarına isə bir tövsiyyəsi
var, deyir ədviyyatlardan bol istifadə edin ki, yeməkləriniz
ləzzətli olsun.