Zirvə toplantısında Azərbaycan-Ermənistan gərginliyi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) zirvə toplantısında Ermənistan-Azərbaycan nümayəndə heyəti arasında gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, QDİƏT-in 25-ci quruluş ildönümünə həsr edilmiş zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyan Azərbaycan Respublikası Milli Məclisin sədri Oqtay Əsədovun, “təşkilata üzv ölkələrdən biri hələ də zəhərli ideologiyasından vaz keçmək bilmir” sözlərinə sərt reaksiya verib.

Hovakimyan yersiz şəkildə, “QDİƏT siyasi günahlandırma yeri deyil" deyə Oqtay Əsədova etirazını bildirib”.

Milli Məclisin sədri Oqtay Əsədov çıxışı zamanı Azərbaycan torpaqlarının işğal altında olması, 1 milyona yaxın insanın məcburi köçkün həyatı yaşaması məsələlərinə toxunub:

“Təəssüf ki, təşkilata üzv ölkələrdən biri zəhərli ideogiyasından vaz keçmək bilmir. Şiddət və zorakılığı davam etdirir. İdeologiyaları vasitəsilə bölgəni çirkaba bürüyür. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır. Beynəlxalq hüququ pozur. BMT TŞ-nın qətnamələrini heçə sayır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa borcludur”.

İki tərəf arasında mübahisəyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qarışıb.

İclasa sədrlik edən Ərdoğan, "siz çıxışınız üçün ayrılan vaxtın hamısını siyasi məsələlərə ayırdınız" deyərək, Ermənistan tərəfinə iradını bildirib:

Ərdoğan Rusiya baş naziri Dmitri Medvedyevə işarə edərək, Dağlıq Qarabağ münaqişəsinin həllinin Minsk qrupunun əsas öhdəliklərindən olduğunu xatırladıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR