Davud Kazımovun 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək

Davud Kazımovun  90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək
16:17 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçiriləcək.
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq.
Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Sənətin sirlərini ilk olaraq Pionerlər evindəki rəssamlıq dərnəyində alan sənətkar, 1941-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilini davam etdirib. Onun rəssam kimi yetişməsində müəllimləri K. Xanlarov, B. Mirzəzadə, Ə. Məmmədov, L. Pridatok, A. Qorçakov, S. Bəhlulzadə, M. Rəhmanzadə kimi görkəmli fırça ustalarının əməyi olub.
Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətimizdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoyub. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr verib.
Rəssam Azərbaycan təbiətinin gözəlliklərini, Azərbaycan xalqının entoqrafik incəlikəri və adət-ənənələrini, zəhmət insanlarının həyat tərzini rənglərin dilli ifadə edib.
Davud Kazımov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, özünün çoxillik zəngin sənət təcrübəsini gənc rəssamlar nəslinin yetişməsinə sərf edərək milli rəssamlıq məktəbinin inkişafına töhfələr verib. 1947-1966-cı illərdə ilk rəssamlıq təhsilini aldığı Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonralar isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoq kimi fəaliyyət göstərib.
Davud Kazımovun bənzərsiz yaradıcılığı nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda yüksək dəyərləndirilmiş və sevilib. Rəssamın əsərləri Almaniya, İtaliya, Çexoslovakiya, Türkiyə və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilib.
Davud Kazımov 2015-ci ildə vəfat edib.
Sərgidə rəssamın “Şahdağ”, “Göygöl”, “Şamaxı yolu”, “Çöl gülləri”, “Batabat”, “Abşeron mənzərəsi” kimi tabloları nümayiş olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/davud-kazimovun-90-illiyine-hesr-olunmus-yubiley-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR