"Heç kəsə medallarıma toxunmağa icazə vermirəm"


Karate üzrə dünya çempionu, Dünya Kubokunun sahibi Şahin Atamov Metbuat.az-ın bu dəfəki qonağıdır.

- Şahin Atamovun idmana gəlişi, əldə etdiyi nailiyyətlər

- Karate ilə 8 yaşımdan məşğul olmağa başlamışam. İlk medalımı 1998-ci ildə Moskvada beynəlxalq arenada çıxış edərək, 3-cü yerə çıxmaqla aldım. WKF (Ümumdünya Karate Federasiyası) üzrə Avropa Çempionatına isə ilk dəfə Yunanıstanda, 2005-ci ildə qatılmışam. Komanda olaraq orada 3-cü yeri qazandıq. 2006-cı ildə Yaponiyada gənclər arasında keçirilən dünya çempionatının qalibi oldum. Sonra İsveçrədə keçirilən dünya kubokunda 1-ci yeri tutdum, ABŞ-da gənclərin Olimpiya həftəsində 1-ci oldum. Bu dərəcələri gənclər arasında qazanmışdım. 75 kq-da döyüşən zaman uğur əldə edə bilmirdim. O çəki dərəcəsi mənə uğursuzluq gətirirdi. 2009-cu ildə əsgərliyə getdim, 1 il ərzində çəkim artdı. Əsgərlikdən gələndən sonra özümü 84 kq-dan yuxarıda sınamağa başladım. Hazırda eyni formadayam. Böyüklər arasında ilk qələbəm 2010-cu ildə Serbiyada oldu. Orada artıq mən çəki dərəcəsini dəyişmişdim. 84+ çəki dərəcəsində iştirak edirdim. 3-cü yeri qazandım. Əksəriyyət deyirdi ki, mənim qalib olmağım təsadüfi olub, bəxtim gətirib və s. 2 il sonra dünya çempionatında finalçı oldum, beləliklə də, onların şübhələri yoxa çıxdı. Əziyyət çəkirdim və bunun nəticəsini gördüm. 2013-cü ildə Dünya çempionatının qalibi oldum.

- Avropa idmançılarına qalib gəlmək üçün hansı taktika köməyinizə gəlir?

- Düzdür, belə baxanda boyum uyğun gəlmir, çünki Avropa idmançıları giqantlardır. Mənim boyum isə onlara uyğun deyil. Sürətdə onları qabaqlayıb qalib gəlirəm, və yaxud taktiki gedişatda onları qabaqlayıram. Bəzən boy məndə sırf idmanla bağlı kompleks yaradır. Adam baxır hansısa rəqibinə, deyirsən ki, ay Allah, bunun boyu məndə olsa idi, bəlkə dünyada mənim tayım olmazdı. Elə boy-buxunlu idmançılar görürəm ki, xaraktercə zəif olur. Məsələn, ürəyi olmur döyüşə. Onun əl-ayağı məndə olsa idi, daha böyük uğurlara imza atardım. Bu günki günə də şükr. Az nəticələrim olmayıb. Həyatda isə boyla bağlı kompleksim yoxdur. Allah verən boy-buxundur.

- Karateyə gəlməyinizə vəsilə olan şəxs?

- Anam gənc vaxtı professional həndbolçu olub. Dayım da SSRİ vaxtında gizli şəkildə karate ilə məşğul olub. Karateyə gəlməyimin əsas səbəbkarı isə qohumumuzdur. O insan çox sağ olsun ki, məni idmana yönəldib.

- 2015-ci il Avropa Oyunlarına qatıla bilməməyiniz nə ilə bağlı idi?

- 2015-ci il mənimçün uğursuz olub. Avropa Oyunlarına 2 gün qalmış avtomobil qəzası keçirdim. Ondan əvvəl də məşqdə kapilyarlarım cırıldı. İdmançının travması olanda istər-istəməz çıxışlarına təsir edir, zəif olur. Mən göz götürən adamam. Gözə, nəfsə inanıram. Nəyisə deyirəmsə, planlaşdırıramsa, o iş həmişə yarımçıq qalır. Mənim xeyir işimdən əvvəl həmişə pis nəsə baş verir. Allahın qismətidir, bəlkə də mən orda qalib olsaydım, başıma başqa işlər gələ bilərdi. Bu günki günə şükr. Karatenin Olimpiya Oyunlarına daxil olması hamımıza ümid verir ki, biz də Olimpiya çempionu ola bilərik.

- Sənət qısqanclığınız varmı?

- Hər idmançıda sənət paxıllığı olur. Mən idman cəhətdən kimdənsə geri qalmaq istəmirəm. Nəticə baxımından uğurlar qazanmaq istəyirəm. Yüksək zirvələri fəth etməyə iddialıyam.

- Rəqibi ciddi qəbul etməməyin fəsadları

- Bəziləri maraq xatirinə, hobbi kimi yarışa çıxır. Elələri üçün idman, qalibiyyət elə də önəmli deyil. Bəlkə də onlar idmana boş yanaşdıqlarına görə uğur qazanırlar. Bəziləri isə gecə-gündüz əziyyət çəkir, stress keçirir, çox fikirləşir. Mən məsələn, döyüş qabağı çox stress keçirirəm. Döyüş olacağı günün gecəsi yatmıram. Mümkün deyil, yata bilmirəm fikirdən. Analiz eləyirəm ki, nə olar, nə olmaz, rəqib nə edə bilər. Bəlkə rəqib məndən də çox məşq eləyib, daha çox fəndləri var. Stress məni daha məsuliyyətli edir. Rəqibini dəyərləndirib məsuliyyətli yanaşsan, uğur da olacaq. Əgər boş saysan, o rəqib səni rahat şəkildə məğlub edə bilər. Sən rəqibi əvvəlki döyüşlərdə zəif görmüsən deyə, sonradan da onun haqqında zəif kimi düşünməməlisən. Yoxsa, məğlub olarsan.

- İslam Oyunlarında da iştirak edə bilmədiniz.

- Hədəfim İslam Oyunlarında iştirak olsa da, bir neçə ay bundan əvvəl öd kisəsindən əməliyyat keçirdim. Əməliyyat məşq prosesimi geri saldı. Mayın 7-də Avropa Çempionatından qayıtmışam. Böyüklər arasında 3-cü oldum.

- Medallarınızı harda saxlayırsız?

- Atam mebel ustasıdır, medallarımı atamın evdə düzəltdiyi stenddən asmışam. Evdə tapşırmışam, nə uşaq, nə də böyük medallarıma toxuna bilməz. Medallara görə evdə 1-2 dəfə mübahisəm də düşüb. Mən onlara görə əziyyət çəkmişəm, illərimi vermişəm. Medallarımı tərimlə qazanmışam. Onu hansısa uşaq götürüb o üzə, bu üzə apara bilməz. Övladım hələ ki, yoxdur. Öz övladım olsa belə, ona da medallarıma əl vurmağa icazə vermərəm. Bacım uşaqları da yaxşı bilir ki, dayının medallarına toxunmaq olmaz (gülür).

- Medallarınız kimi dəyərli, əlçatmaz yerdə saxladığınız şəxs kimdir?

- Valideynlərim həyatımın ən dəyərli varlıqlarıdır. Mənim üçün hər kəsdən hər şeydən, önəmli, anam və atamdır. Həyatda hər bir insanın devizi olur. Mənim də devizim valideynlərimdir. Onların canı sağ olsun, mənə kifayətdir. Onlara heç nə olmasın. Mən yarışa çıxanda psixoloji olaraq həmişə valideynlərimi fikirləşirəm. Fikirləşirəm ki, uduzsam, onların başı aşağı ola bilər. Özümdən əvvəl ana, atamı fikirləşirəm. Onlar mənim stimulumdur. Hər şeyə görə valideynlərimə borcluyam.

- Məşqçi kimi tələbələrinizə məsləhətiniz nə olur?

- 7-8 aydır ki, məşqçiyəm, tələbələrimin valideynlərinə deyirəm ki, əgər bu uşağın marağı yoxdusa, siz onu məcburi karateyə gətirməklə karateçi olmayacaq. Onsuz da mən onun başının üstündə dayananda məşq eləyir, o tərəfə keçəndə məşq eləmir. Ciblərindən, boğazlarından pul kəsib məşqə verirlər. Ondansa uşağın hara həvəsi varsa, daha çox hara meyllidirsə, ora da yönləndirmək lazımdır. Yox, əgər tək mübarizlikdirsə, karateyə marağı varsa, buyursunlar, canla, başla məşq keçərəm.

- Azarkeşlik etdiyiniz futbol komandası və ya futbolçu?

- Futbolu sevmirəm, baxmağı isə ümumiyyətlə sevmirəm. Marağım yoxdur. Komanda olaraq məşqlərdə oyun günü olur. Yalnız həmin gün uşaqlarla futbol oynayırıq. Futbolçulardan yalnız Ronaldoya İslam ölkələrinə kömək etdiyinə görə simpatiyam var, amma azarkeşi deyiləm.

- Başqa ölkələrdən təkliflər gəlirmi?

- 2 ay Özbəkistanın baş məşqçisi işləmişəm. Şərait məni qane etmədiyinə görə orda qalmadım. Hazırda ərəb ölkəsindən təklif almışam. Amma getmək istəmirəm. Ona görə ki, əgər məşqçi kimi başqa ölkəyə getsəm, gərək idman karyeramı dayandıram. Onu da istəmirəm.

- Nə vaxtsa idmana əlvida demək fikrində olmusunuz?

- Bir vaxtlar karyeramı dayandırmaq istəyirdim. Yorulmuşdum. Bəzi faktlar var idi ki, məni yormuşdu, uzaqlaşmaq istəyirdim. Heç kim heç kimə düşmənçiliyini, səndən xoşu gəlmədiyini 100% açıq şəkildə göstərmir. Amma sən özlüyündə bilirsən ki, bu insanın səndən xoşu gəlmir. Sağ olsun ailəm, yaxınlarım, onlar məni getməyə qoymadı. Bilirəm ki, valideynlərim hər an, udub-uduzmağımdan asılı olmayaraq mənim yanımdadırlar. Mənə olan münasibətləri dəyişmir.

- Kimə dost deyə bilirsiniz?

- Dostum yoxdur. 2-3 nəfər var ki, o insanlara bel bağlaya bilərəm.Əvvəllər dostluqda çox yanılmışam.Ürəyimi belə çıxarıb verdiyim insanlardan qarşılıq görmədim. Çox pis hərəkətlər gördüm onlardan. Mən hər adamla oturub-durmuram, hər adamla münasibət qurmuram. Məsələn, elə adam olur ki, münasibət qurmaq istəyir, amma mən seçim edirəm. Həmin insanın mərdliyinə, mənə qarşı münasibətinə baxandan sonra onunla yoldaşlıq edib-etməyəcəyimə qərar verirəm.

- İdmançı xanımlarla ailə qurmaq problem yarada bilərmi?

- Ailə qurmaq üçün əsas olan tərəflərin bir-birini başa düşməsidir. O insanı görəndə sevinəsən, sənə xoş ola. Həyat yoldaşım başqa sahədəndir. Həyatdır, heç nəyi bilmək olmur. İdmançı olsa idi belə, sevdiyim üçün evlənərdim.

- İdman xanımı kobudlaşdıra bilirmi?

- Güləş, cüdo, boksda qadın incə ola bilməz. İstər-istəməz qadında kişi hormonları oyanır. Əzələ çıxır, qızda da əzələ oldusa, ona qız kimi baxmaq olmur, birtəhər görsənir. Karatedə, atletikada, gimnastikada isə incəliklər var.

- Zövq aldığınız əyləncə növü?

- Tez-tez kinoya gedirəm. Hazırda kinoteatrları komediya janrında çəkilmiş filmlər zəbt edib. Sevməsəm də, məcburiyyətdən baxıram. Əsasən xarici ölkələrin istehsalı olan müharibə, döyüş filmlərinə baxmağı sevirəm.

- Mətbuatda haqqınızda neqativ yazılarla yəqin ki, rastlaşmısınız…

- Mətbuatla mütəmadi maraqlanıram. Bir neçə dəfə haqqımda neqativ yazıların yazıldığını görmüşəm. Zəng eləyib açıqlama tələb etdikdə isə deyiblər ki, reytinq xatirinə eləmişik. Adımdan istifadə eləyib kiməsə söz atıblar. Məsələn, məndən soruşublar ki, siz bir qadını yarı yolda qoyub gedərsiz ? Demişəm ki, yox. Səhəri gün oxumuşam ki, yazıblar: mən Füzuli müəllim kimi elə hərəkət eləmərəm, qadını yarı yolda buraxmaram. Füzuli müəllim bizim ağsaqqalımızdır. O, karateni Azərbaycana gətirən insanlardandır. Mən ona qarşı elə söz deyə bilərəmmi? Məni məcbur eləsələr də, demərəm.

- Övladlarınızın idmançı olmasını istəyərdinizmi?

- Hələ ki, övladım yoxdur. Övladlarım gələcəkdə idmana maraq göstərərsə, onlarda istək və bacarıq görsəm, mütləq onları bu sahəyə yönəldərəm.

- Çayxanada oturmaqdansa, faydalı bir işlə məşğul olmaq lazımdır...

- Elə gənclər var ki, küçələrdə, çayxanalarda oturub vaxt keçirir. Çayxanada oturduqca, o insanın beyni pis fikirlərlə dolur. Səhəri gün o, oğru da ola bilər, adam öldürən də, narkoman da. Başını idmanla qatsa, incəsənətlə, rəqslə məşğul olsa, vaxtı da boşa getməz, pisliklərdən uzaq olar.

- Bəzi idmançılarımız “dopinq qalmaqalı”na görə oyunlardan kənarlaşdırılır. Sizcə onlar bunun karyeralarına vuracağı zərbəni əvvəlcədən düşünə bilmirmi?

- WKF-in siyahısına əsasən preparatlardan istifadə haqqında təlimat alırıq. Dopinqə düşməyənləri, tərkibində dopinq olmayanları yarış gününə qədər qəbul edirik. Vitamin atmasaq, enerjimiz də olmaz. İdmançı bilməlidir ki, qadağan olunmuş qida və ya içkilərdən istifadə onun karyerasına xələl gətirə bilər. Kofeni də çox içəndə dopinqə çevrilir. Kolada da dopinq var. 10 il əvvəl dopinqi göstərməyən cihaz hazırda ən cüzi nöqtəni belə göstərir.

- İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançılarımıza ürək sözləriniz…

- Azərbaycana medal qazandıran, Azərbaycanın bayrağını yüksəldən idmançılarımızı təbrik edirəm. Onlar bizim fəxrimizdir. İdmanda udmaq da var, uduzmaq da. Professional idman elə bu cür də olmalıdır. Əbədi olan bir şey yoxdur. Uduzan idmançı isə məqsədi varsa, məqsədə doğru gedib gələcəkdə daha böyük nailiyyətlər qazana bilər. Buna isə məşqlər, əziyyət vasitəsilə nail olmaq mümkündür.

- Qarşıdakı planlarınız?

- Bu il bir neçə turnirə qatılacam. Növbəti il Serbiyada Avropa Çempionatı, böyüklərin Dünya çempionatı keçiriləcək. Əsas fikrimi isə medal qazanmağa yönəltmişəm.Hər qazanılan medal idmançının reytinqini qaldırır. Reytinqdə isə üstün olsan, Olimpiyaya lisenziya qazana bilərsən. Bu çox önəmli faktordur. 2020-ci ildə Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Olimpiadanın iştirakçısı olmaq hamımızın arzusudur. Çünki orda elə məhdudiyyətlər var ki, ora düşmək belə çox böyük qələbədir. Hər çəki dərəcəsində 10 idmançı iştirak edəcək. 3 çəki dərəcəsi var. Dünya üzrə 30 karateçi Olimpiadada iştirak edəcək. Tam gücümlə ora hazırlaşacam.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR