Bu, tarixi hadisə oldu - "Azərbaycan doğru və nümunəvi model seçib"

Bu, tarixi hadisə oldu - "Azərbaycan doğru və nümunəvi model seçib"
08:05 23 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, onun uğurla yekunlaşması və Azərbaycanın medalların əyarına görə bütün müsəlmanlardan önə keçərək 1-ci yeri tutması çox böyük tarixi əhəmiyyət daşıyır".

Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Onun fikrincə, Azərbaycanın qazandığı uğurlar onun düzgün yolda olduğunu göstərir: "Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyini hələ təzəcə qeyd edib. Bu qısa müddət ərzində Azərbaycan inkişaf yolunda böyük addımlar atıb. Addımların, inkişafın nəticəsidir ki, Azərbaycan İslamiadada ən çox qızıl medal qazanan ölkə oldu. Bu, o deməkdir ki, Azərbaycan bir dövlət kimi artıq öz yerini tapıb və yer də ön sıralardadır. Bu həm də göstərir ki, Azərbaycan düzgün yoldadır və o, bizi hər sahədə inkişafa aparır. İdman isə onun təsirli, ən güclü və effektiv qollarından biridir. Çünki idman həm millətin sağlamlığı, həm də uğur və qələbələr deməkdir. Kənardan təzyiqlərə məruz qalmasına, torpaqlarımızın bir hissəsinin Ermənistanın işğalı altında olmasına, dünyada iqtisadi böhran yaşanmasına baxmayaraq, Azərbaycan həm İslam Həmrəliyi Oyunlarını ən yüksək səviyyədə keçirə bildi, həm də bu Oyunlarda ilk yeri tutdu. Bizdən ərazi, əhali, iqtisadi imkanlarına, yeraltı və yerüstü sərvətlərinə görə və s. baxımdan böyük və güclü dövlətlər var. Lakin o ölkələrin əksəriyyətində vəsaitlər boş yerə xərclənirsə, bizdə onlar idmana, sağlamlığa yönəldilir. Bu bir daha sübut edir ki, Azərbaycan düz yoldadır".

E.Ələsgərov qeyd edib ki, Azərbaycanın bu böyük uğuru onu sevməyənlərə, düşmənlərə göz dağıdır: "Azərbaycanın İslam ölkələri arasında idmanda birinci yeri tutması o deməkdir ki, o, öndə gedən dövlətlər arasında iddialı addımlarla irəliləyir. Biz də xalq olaraq bunu doğru-düzgün dəyərləndirməliyik. İndiki böhranlı və qeyri-stabil dünyada stabillik və inkişaf yolunu seçmişik, bunun da nəticəsini İslamiadanın yekun nəticələrində görürük".

Ekspert hesab edir ki, əgər Azərbaycanın inkişaf modeli uğur qazanırsa, deməli bu, doğru və nümunəvi modeldir: "İslam aləmi dövlətlərin fərqli modellərindən qurulub. Elə dövlət var ki, yaşıl bayrağı ilə müsəlman dövləti sayılır, eləsi var ki, idarəetmə sistemi din üzərində qurulub. Azərbaycanın dövlət modeli isə ən demokratik və nümunəvi olanıdır. Azərbaycanın bu qələbəsi həm də onun yaratdığı dövlət modelinin, idarəetmə sisteminin uğurudur. Cəmiyyətdə həm multikulturalizm mövcuddur, əhalinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, digər dinin ardıcılları ilə uzun əsrlər boyu dinc yanaşı yaşayır, həm dünyəvi dövlət kimi burada mədəniyyət və incəsənət inkişaf edir, həmçinin dövlətimiz ictimai-siyasi, sosial-iqtisadi, eləcə də hərbi baxımdan güclənir, onun beynəlxalq münasibətlər sistemindəki rolu artır. Bu isə Azərbaycanın dünyaya bir örnək ölkə olması deməkdir. Hazırda bəzi yerlərdə müsəlmanlar arasında qarşıdurmaların olduğu bir vaxtda Azərbaycan İslam aləmində yeni bir konsepsiya irəli sürüb. Biz istəyirik ki, müsəlmanlar idmanla həmrəylik tapsınlar, qan-qadadan əl çəksinlər və hər yerdə sülh bərqərar olsun".

Qeyd edək ki, mayın 12-dən 22-dək Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçirilib. Oyunlarda 54 ölkədən 3 minədək atlet 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparıb. Yekunda Azərbaycan medalların əyarına görə bütün ölkələri geridə qoyaraq ümumi hesabda birinci yeri tutub. Sıralamada Türkiyə ikinci, İran İslam Respublikası isə üçüncü olub.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR