28 May - Respublika Günü Misir mətbuatının gündəmində (FOTO)

28 May - Respublika Günü Misir mətbuatının gündəmində (FOTO)
10:43 23 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev 28 May - Respublika Günü münasibətilə bu ölkənin nüfuzlu və geniş tamaşaçı auditoriyasına malik “Nil Mədəniyyət” və “Əl-Masriyyə” kanallarına müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, T.Rzayev Azərbaycanın 1918-20-ci illər ərzində ilk müstəqillik tarixindən danışaraq, ölkəsinin Şərqdə, İslam dünyasında ilk demokratik respublika olduğunu, qısa müddət ərzində ölkəsində ilk parlamentin təsis edildiyini və qadınların səsvermə hüququnun tanındığını bildirib. 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğu və son illər ərzində əldə edilən uğurlardan danışan T.Rzayev ölkəsinin regionda aparıcı ölkə olduğunu, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini bildirib.

Müsahibəsində səfir bu il Misir-Azərbaycan diplomatik münasibətlərinin yaradılmasının 25-ci il dönümünə toxunub və ötən illər ərzində iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, 40-dan çox sənədlərin imzalandığını, mədəniyyət günlərinin keçirildiyini, siyasi, iqtisadi-ticari əlaqələrin yaxşı səviyyədə olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi İli elan etdiyini vurğulayan səfir ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçdiyini qeyd edib.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2757673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR