Azərbaycan dünya ölkələrini sülhə, həmrəyliyə çağırır

Azərbaycan dünya ölkələrini sülhə, həmrəyliyə çağırır
12:52 23 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda növbəti möhtəşəm beynəlxalq idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları, idman və dostluq bayramı başa çatdı. Bakı müxtəlif ölkələrin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqə qurmaq şəraiti yaratdı. Düz 15 gün ərzində dünyanın diqqəti Azərbaycana cəmləndi, ölkəmizin belə irimiqyaslı idman yarışını yüksək səviyyədə təşkil etdiyini gördü.

Dünyada artıq idman ölkəsi kimi tanınan Azərbaycan İslamiadaya ev sahibliyi etməklə kifayətlənmədi, güclü idmançıları ilə qoşulmaqla yarışlara daha da maraq qatdı, rəqabət yaratdı, İslam Həmrəyliyi Oyunlarını daha nüfuzlu idman yarışına çevirdi. 21 idman növü üzrə keçirilən Bakı-2017 İslam İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı iştirak etdi. Bu rəqəmlər isə özlüyündə bir rekord göstərici idi.

269 dəst medal uğrunda mübarizədə Azərbaycan qalib oldu - idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc olmaqla ümumilikdə 162 medal qazandılar.

Təbii ki, bu uğurlar son illərdə dövlətin bir sıra sahələrə, o cümlədən idman sahəsinə diqqət və qayğısının nəticəsidir.

Son dövrlərdə Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi, Avropa Oyunları, Formula 1 kimi çox milyonlu tamaşaçı auditoriyasına malik iri beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizə turist axınının artmasına səbəb oldu. Bu mənada, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təşkili, şübhəsiz ki, ölkədə turizmin inkişafına əlavə töhfə verəcək, Azərbaycana yeni dividendlər gətirəcək.

Bu gün müsəlman ölkəsi olmaqla yanaşı, demokratik dəyərlərə önəm verən, müasir Azərbaycan beynəlxalq aləmdə nüfuzlu, öz sözünü deyən, əməkdaşlığa açıq ölkədir. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan həyata keçirdiyi irimiqyaslı layihələrlə regional əməkdaşlığa mühüm töhfə verir, eyni zamanda iri beynəlxalq tədbirlər, o cümlədən idman yarışları təşkil etməklə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsinə səy göstərir.

Bakı bu 15 gündə 54 ölkəni, yəni dünyanın ¼-ni "Sülh, həmrəylik" şüarı altında birləşdirdi. Azərbaycan müharibə şəraitində olsa da, ərazilərinin 20 faizi işğal edilsə də, sülh tərəfdarı olduğunu göstərdi, bu Oyunlar vasitəsilə dünya ölkələrini barışa, həmrəyliyə səslədi. Azərbaycan nümayiş etdirdi ki, qanlı toqquşmaların, münaqişələrin artdığı XXI əsrdə qlobal problemlərdən yeganə çıxış yolu məhz sülh və birlikdir.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə bir daha sübut etdi ki, Olimpiya Oyunları kimi daha böyük tədbirləri də yüksək səviyyədə təşkil edə bilər, həm də təhlükəsizliyi tam təmin etməklə.

Tam əminliklə söyləmək olar ki, Azərbaycanın təşkil etdiyi IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyi və əməkdaşlığı tarixində yeni səhifə açacaq.

Bəxtiyar Hacıyev

Trend

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR