Bakı. Trend:
Mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə iki nəfər mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və tərəflərdən birinin digərinə bıçaq zərbəsi vurması ilə nəticələnib. Hadisəni törədən şəxs isə qaçıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sakinlərdən biri o biri küçədən keçən polis maşınını görüb və ona yaxınlaşaraq yardım istəyib. Əlahiddə Çevik Polis Alayının əməkdaşları - polis serjantları Yavər Rəcəbov və İntiqam Manafov vaxt itirmədən hadisə yerinə gələrək yaralı Rövşən Ağayevi təcili xəstəxanaya göndəriblər.
Vətəndaşlar hadisəni törədənin qaçdığı səmti nişan veriblər. Polis əməkdaşları dərhal həmin istiqamətdə axtarış tədbirlərinə başlayaraq ətraf küçələri, döngələri diqqətlə axtarıblar. Birdən köynəyi cırılmış, qan-tərin içində olan bir nəfər diqqəti cəlb edib. Üst-başındakı qan izlərindən həmin adam daha çox şübhə doğurduğundan o, saxlanılıb. Bakı şəhər sakini Zaur İsmayılov olduğu müəyyən edilən həmin şəxs hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşlarının iştirakı ilə cinayətin aləti olan bıçaq onun tulladığı yerdən tapılıb götürülüb.
Sonrakı araşdırmaların aparılması üçün Z.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilib.
Hadisə barədə Əlahiddə Çevik Polis Alayının bölük komandiri, polis mayoru Fikrət Abdullayev bildirib ki, hər iki əməkdaş ekstremal vəziyyətdə düzgün qərar qəbul etməklə cinayət hadisəsinin vaxtında açılmasına nail olublar. Bu işdə vətəndaşların polisə dəstəyi, vaxtında müraciətinin də xüsusi əhəmiyyəti olub.