AKP-nin qurultayında terror hazırlayan İŞİD-çi Qusar sakinidir

AKP-nin qurultayında terror hazırlayan İŞİD-çi Qusar sakinidir
13:34 23 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Ankarada mayın 21-nə keçən gecə polislə atışmada öldürülən iki İŞİD-çi də Azərbaycan vətəndaşlarıdır.

Lent.az-ın məlumatına görə,  virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların kimlikləri hələ açıqlanmayıb. Bununla belə terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan digər İŞİD üzvünün Azərbaycan vətəndaşı Abhüseyn Cəlilov olduğu açıqlanıb. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini də yayıb.

Xatırladaq ki, Ankarada öldürülən terrorçuların hakim AKP-nin ötən bazar günü keçirilən növbədənkənar qurultayına qarşı terror hücumu planlaşdırdıqları açıqlanıb. Ankara valisi Ercan Topaca jurnalistlərə bildirib ki, bu terrorçuların izinə İstanbulda yaxalanan Azərbaycan vətəndaşının ifadəsi əsasında düşmək mümkün olub.

Bu arada terrorçunun atası Ravil Cəlilov Azvision.az-a bildirib ki, oğlu Dağıstanda olduğu zaman İŞİD-çilərə qoşulub: “Abhüseyn üç il öncə Dağıstana işləməyə getmişdi. O, tikintidə işləyirdi. Daha sonra onu Dağıstandan deportasiya etdilər. Abhüseyn orada olan zaman saqqalılara qoşulmuşdu. Kəndə qayıdandan sonra saqqal saxlayırdı. Ailədə, qohumlarımız arasında heç kəs onun yolunu getməyib. Abhüseyni Dağıstanda olan saqqalı uşaqlar öz tərəflərinə çəkdilər. Oğluma həmişə deyirdim ki, saqqal saxlama, bu yoldan çəkil, öz yoluna qayıt. Başa salırdım ki, bu yolun sonu yoxdur. Məcbur edirdim ki, saqqalını kəssin”.

 

R.Cəlilovun sözlərinə görə, oğlu Qazaxıstana işləmək üçün gedəcəyini gedərək hamıdan gizli Türkiyəyə yollanıb.

 

“Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir. Türkiyəyə getməsi barədə məlumatımız yox idi. O, bizi aldatdı. Mən və həyat yoldaşım onu bu yoldan çəkindirməyə çalışırdıq. Oğlumu evləndirmişdik. Fikirləşirdik ki, bu yoldan çəkinər. Həyat yoldaşı da onun yolunu tutdu”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR