Köynəyinin cırıq olması cinayətkarı ələ verdi - Polislər yaralını xilas etdilər

Köynəyinin cırıq olması cinayətkarı ələ verdi - Polislər yaralını xilas etdilər
13:37 23 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidən keçənlər iki nəfərin mübahisəsinə ayaq saxlamalı olublar. Qısa mübahisə əlbəyaxa davaya çevrilib və tərəflərdən birinin digərinə bıçaq zərbəsi vurması ilə nəticələnib. Hadisəni törədən isə qaçıb aradan çıxıb.

Yerə uzanıb qalmış, ətrafı qan gölməçəsinə dönmüş yaralıya təcili yardım etmək lazım olsa da, ətrafa toplaşanlar təşviş içində nə edəcəklərini bilməyiblər. Sakinlərdən biri o biri küçədən keçən polis maşınını görcək tez ona yaxınlaşaraq yardım istəyib.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları - polis serjantları Yavər Rəcəbov İntiqam Manafov vaxt itirmədən hadisə yerinə gələrək yaralı Rövşən Ağayevi təcili xəstəxanaya göndəriblər.

Vətəndaşlar hadisəni törədənin qaçdığı səmti nişan verdikdən sonra polis əməkdaşları dərhal həmin istiqamətdə ətraf küçələri, döngələri diqqətlə axtarıblar. Birdən köynəyi cırılmış, qan-tərin içində olan bir nəfər diqqəti cəlb edib. Üst-başındakı qan izlərindən həmin adam daha çox şübhə doğurduğundan onu saxlayıblar. Bakı şəhər sakini Zaur İsmayılov olduğu müəyyən edilən həmin şəxs hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşlarının iştirakı ilə cinayətin aləti olan bıçaq onun tullandığı yerdən tapılaraq götürülüb. 

Sonrakı araşdırmaların aparılması üçün Z.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilib.   

Hadisə barədə Əlahiddə Çevik Polis Alayının bölük komandiri, polis mayoru Fikrət Abdullayev bildirib ki, hər iki əməkdaş ekstremal vəziyyətdə düzgün qərar qəbul etməklə cinayət hadisəsinin vaxtında açılmasına nail olublar. Bu işdə vətəndaşların polisə dəstəyi, vaxtında müraciətinin də xüsusi əhəmiyyəti olub. 

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR