“Bakı-2017 dördüncü İslam Həmrəyliyi Oyunları uğurla keçib.
Azərbaycan bu oyunlarda növbəti qələbə qazandı”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların
məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə
görüşündə deyib.
Azərbaycan idmançılarının oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc
medal qazandığını və komanda hesabında birinci olduqlarını nəzərə
çatdıran dövlət başçısı bildirib ki, bu, böyük tarixi qələbədir:
“Bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan
dövlətinin inkişaf etdiyini göstərir. Biz idmançılarımızla fəxr
edirik. Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan
düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin
bəhrəsini verdiyini nümayiş etdirdi. Bu gün idman ölkəmizdə ictimai
proseslərdə xüsusi yer tutur. İdmançılara xüsusi münasibət var. Hər
bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir,
qürur hissi keçirir”.
Prezident qeyd edib ki, yarışların keçirildiyi 10 gün ərzində
Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik
göstərdi. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan idmançılarının qələbələri yaxın gələcəkdə uşaqların
idman bölmələrinə gəlişini daha da sürətləndirəcək: “Bu da nəticə
etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət
edir. Biz idmançılarımızın uğurları ilə fəxr edirik, bu, ölkəmizin
şöhrətini daha da artırır. İdman sağlam həyat tərzidir. Biz
ölkəmizdə sağlam həyat tərzinin üstünlük təşkil etməsini
istəyirik”.
İ. Əliyev əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi ölkə üçün tarixi hadisədir: “Bütün qurumlar yaxşı
işlədi, bir ailə, bir komanda kimi eyni amala xidmət etdi.
Uğurların təməlində dövlət qurumlarının sıx əlaqədə işləməsi amili
dayanır”.
Paytaxtda və bölgələrdə idmanın inkişafı üçün yaradılan şəraitdən
danışan dövlət başçısı oyunların yüksək səviyyədə keçirilməsində
birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin
rolunu xüsusi qeyd edib: “Əməliyyat Komitəsi də çox yaxşı işlədi”.
(apa)