“Kurtlar Vadisi”nin İbrahim Velidinin həyat hekayəsi

“Kurtlar Vadisi”nin İbrahim Velidinin həyat hekayəsi
22:27 23 May 2017
143 Şou
Ölkə mətbuatı
A- A+

"Kurtlar Vadisi" serialında  Fikrət bəyin sağ əli kimi tanınan İbrahim Velid obrazını canlandıran, sevilən aktyor Payidar Tüfekçioğlu bu yaxında vəfat edib. 

Milli.Az lent.az-a istinadən Payidar Tüfekçioğlunun həyat hekayəsini təqdim edir.

Həyatı və karyerası

Türkiyənin məşhur teatr, kino və serial aktyoru Payidar Tüfekçioğlu 1962-ci ilin ilk günündə, 1 yanvarda İzmirdə dünyaya göz açıb. Aktyor uzun illər Antalya Dövlət Teatrı, Bursa Dövlət Teatrı və İstanbul Dövlət Teatrlarında çalışıb. 2009-cu ildə isə Tüfekçioğlu İstanbul Dövlət Teatrlarından təqaüdə çıxıb. Aktyor 2000-ci ildə "Avni Dilligil"də "Bağla bu işi" tamaşasındakı roluna görə "Ən yaxşı kişi aktyor" mükafatına layiq görülüb. 2007-ci ildə isə Afife Jale teatr mükafatlarında "Yeraltından Qeydlər" tamaşasındakı performansıyla yenə "Ən yaxşı kişi aktyor" mükafatını alıb.

Payidar Tüfekçioğlunun həyatı boyunca ən əsas işlərindən biri də kino və seriallardakı bir çox obraz səsini səsləndirmək olub. O, məşhur xarici filmlərin türkcə dublyajında Brus Uillis, Silvester Stallone, Samuyel L.Cekson, Morqan Frimən, Klint İstvud, Alen Delon, Markello Mastroianni, Yul Brayner, Paul Neuman kimi tanınmış və sevilən aktyorların səsini canlandırıb. O, eyni zamanda bəzi türk seriallarındakı aktyorların da səsini səsləndirib. Bunlardan "Dəli Ürək" serialında Kənan İmirzalıoğlunu, "Kar Otaq" serialında Orxan Qılıncı, "Şəfqət Təpə" serialında Mərt Qılıncı və s. göstərmək olar.

Aktyor özü də bir çox seriallarda rol alıb: "Ölümsüz Eşq", "Naciyəni kim sevməz?", "Hökmdarın bir günü", "Qeyri-adi hekayələr", "Kurtlar Vadisi Pusu", "Yunus Əmrə eşqin səfəri", "Sudan bezmiş balıqlar"və s. Payidar Tüfekçioğlu, "Yunus Əmrə eşqin səfəri" serialında canlandırdığı "Tapdıq Əmrə" rolu ilə tamaşaçıların böyük rəğbətini qazanıb.

Aktyorun rol aldığı ən məşhur teatr tamaşalarından "Yeraltından Qeydlər", "Amedius", "Mərasim", "Ayaktakımı arasında", "Quldurlar", "Bağla bu işi", "Otel", "Onun ölümü", "Bataqlıq gözəli", "Dəli", "Bədən", "Mavi pullu balıq", Tənəkə", "Barış", "Yarpaq tökümü", "Ayı", "Kadı", "Oresteia Afife Jale: Nezihe Araz", "Dünən gecə yolda gedərkən", "Çox gülməli bir şey oldu", "Qərb Yakasının hekayəsi", "Dantonun ölümü", "Ballar balını tapdım", "Körpə yuxusu", "Yeddi ərli  Hürmüz", "Toxum və torpaq", "Oyunlarla Yaşayanlar", "Gılgamış", "Yoxlar Dağı ndakı qar", "Maqbet", "Mesopatomiya trilogiyası", "Əfrasiyabın hekayələri"ni və s. misal göstərmək olar. Aktyor "Dəniz gözləyirdi" filmində də rol alıb.

Ailəsi

Payidar Tüfekçioğlu özü kimi məşhur olan aktrisa Minə Tüfekçioğlu ilə ailəli idi. Həyat yoldaşı Minə Tüfekçioğlu aktyorun son anlarına qədər hər zaman yanında olub. Cütlüyün xoşbəxt evliliklərindən Tılsım adlı qızları var. Mine Tüfekçioğlu da həm teatr, həm də serial sektorunun əhəmiyyətli adlarından biridir. Aktrisa hazırda son zamanların ən məşhur seriallarından biri olan "İçəridə"də rol alır. Minə Tüfekçioğlu müsahibələrinin birində həyat yoldaşı ilə eyni peşədə olmağın xoşbəxt evliliklərinin sirri olduğunu deyib: "Həyat yoldaşım başqa peşədə olsaydı ailəmiz davam edə bilməzdi. Bir tamaşadan əvvəl stressli, kədərli olanda bir-birimizi dəstəkləyirik. Əgər eyni peşədə olmasaydıq ailə həyatımız davam edə bilməzdi. Təsəvvür edin, həyat yoldaşı hər gün səhər açılana yaxın evə gəlir. Hansı kişi buna dözər? Ona görə də, eyni peşədə olmağımız sayəsində problem yaşamırıq".

Ölümü

Payidar Tüfekçioğlu il başlayandan səhhətində ciddi problemlər yaşamağa başlayıb. Aktyor qaraciyər nəqli üçün növbəsini gözləyirdi. Mayın 18-i saat aktyor müalicə olunduğu xəstəxanada 55 yaşında dünyasını dəyişib. Aktyorun ölüm xəbərini eşidən yaxınları və sənətçi dostları xəstəxanaya axın edib. Bir gün sonra aktyorla vida mərasimi təşkil edilib. Mərasimə aktyorun həyat yoldaşı Minə Tüfekçioğlu və qızı Tılsım Tüfekçioğlu başda olmaqla teatr dostları ilə çoxlu sayda sevənləri qatılıb. Mərasimdə aktyorun həyatından bəhs edən bioqrafik film nümayiş olunub. Sənətçinin sevənləri səhnəyə çıxaraq, xatirələrini və duyğularını paylaşıb. Aktyor Çəngəlköy Qəbiristanlığında dəfn edilib.

Müsahibəsi

Aktyor Payidar Tüfekçioğlu bir müddət əvvəl səsləndirmə işi ilə bağlı maraqlı müsahibə verib. Aktyor bildirib ki, bu işə 1979-1980-ci illərdə dövlət teatr sənətçisi Atilla Olqaç sayəsində başlayıb: "O dövrün texnologiyası başqa idi, studiyada səs eşitmədən davamlı eyni səhnəni izləyərək, 4-5 dəfə məşq edərək eyni duyğu ilə və xarakterə uyğun olaraq səsin ağıza oturdulmasını təmin edirdik. İndiki texnologiyadan çox daha primitiv idi. Sonra karyerama TRT-də, birinci adam, ikinci adam, ofisiant, taksi sürücüsü kimi kiçik səsləndirmə işləri edərək davam etdim. Yavaş-yavaş dublaj etdiyim rollar böyüdü. İlk baş rol səsləndirməsi "Böyük Tələ" ("Wiseguy") serialında oldu".

- Yaxşı səsləndirmənin incəlikləri nədir?

- Duyğu dəyişməyini dərhal qavrayıb səsə əks etdirmək mütləqdir. Bundan əlavə, əsas şərt dilini doğru və aydın şəkildə istifadə edib təmiz danışmaq lazımdır. Diksiyan və səsin yaxşı olmalıdır. Məsələn, mən səsimi qorumaq üçün səhər-axşam çoxlu miqdarda buzlu su içirəm.

- Hər kəs dublyaj edə bilərmi?

- Baytar, həkim, vəkil kimi fərqli peşələrdən bir çox adamın sırf səsləri gözəl olduğu üçün və yaxınlarının tövsiyəsi ilə dublyaj studiyasına gəldiyini görürəm. Ancaq bu işi görmək üçün yalnız səsinin gözəl olması kifayət etmir.

- Səs sənətində 35 ildir çalışırsız. Ötən illəri göz önünə gətirəndə olduğunuz yer sizi qane edirmi?

- Keçdiyim 35 ilə baxanda görürəm ki, ən kiçik rolu belə məşq etmədən səsləndirməzdik. Hətta VHS sisteminə keçəndən sonra hamımız video-pleyer alıb evdə məşq edir, tamamilə hazır olduğumuzda səsləndirməyə gedirdik. İndiki vaxtda nə danışacağımızı belə bilmədən (sənədli filmdi, serialda, kinodu və s.) studiyaya girib, teksti əlimizə alıb oxuyuruq. Olduğum mövqe məni qane etmədiyi kimi, bu işi edən digər həmkarlarımı və yalnız bu işlə ailəsini dolandırmaq üçün çalışan dostlarımızı da qane etmir.

- Ölkəmizdə səsləndirmə sənətçilərinin əməklərinin qarşılığını yetəri qədər aldıqlarını düşünürsünüzmü?

- 5 mindən çox dublyaj etmiş biri olaraq bunu deyə bilərəm ki, dublyaj sənətçiləri təəssüf ki, layiq olduqları dəyəri görmür. Bəzi adamlar istisna olmaqla, bir çox sənətçi heç kimin xəbəri olmadan yoxsulluq içində yaşayır. Bəziləri küçələrdə, bəziləri də qocalar evində yox olub gedir. Kimisi də aldığı bank krediti səbəbindən intihar edir.

- Səsləndirmə sənətçilərinin ən böyük problem nədir?

- Napoleonun dediyi kimi - pul, pul, pul.

- Dublyaj etmək istəyən gənclərə tövsiyələriniz nələrdir?

- Biz indiki gənclərə görə daha şanslı nəsil idik. Məzun olan kimi dövlət teatrında staja başlaya bilirdik. Şərtlər və təhsil sistemi bizim zamanımızda daha yaxşı idi. İndi hər universitetin konservatoriya hissəsi var və təhsil qeyri-kafidir. Konservatoriyalardan məzun olan gənclər işsiz olduğu halda mən nə tövsiyə edə bilərəm? Məncə dublyaj və aktyorluq bir-birindən ayrıla bilməyən bütünlükdür. İşə hörmət bizim sahəmizdə çox əhəmiyyətlidir.

Gənc səsləndirmə sənətçilərinin ən böyük əskikliyi nədir?

- İntizamsızlıq, duyğu əskikliyi, konsentrasiya ola bilməmək, böyük düşünmək və gözlədiklərinin böyük olmağı.

- Məşhur adları səsləndirmiş olmaq sizə nə hiss etdirir? Çətinlik çəkdiyiniz bir ad olubmu?

- Heç bir çətinliyim olmayıb, hamısını da çox yaxşı səsləndirmişəm.

- Dublyajını etdiyiniz adlar sayənizdə işin qaymağını yediyi halda sizlər geri planda qalırsınız. Bu necə bir duyğudur?

- Onlar bol-bol qaymaq yesinlər, biz də bir qaşıq oğurlayaq.

- Ölkəmizdəki səsləndirmə sənətçiləriylə xaricdəki səsləndirmə sənətçiləri arasında nə kimi fərqlər görürsünüz?

- Xaricdə bu işi edənlərin peşəsi var. Haqları qorunur. Onlarda birlik var. Amma bizdə birlik yoxdur, peşə yoxdur. Onlara səhiyyə təminatı verilir, amma ölkəmizdə dublyaj sənətçilərinin səhiyyə təminatı yoxdur. Bu əhəmiyyətli problemlər varsa, başqa nə saya bilərəm ki?...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/547598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR