28 May-Respublika Günü Tehranda qeyd edildi

28 May-Respublika Günü Tehranda qeyd edildi
02:24 24 May 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İrandakı səfirliyində mayın 23-də Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, qəbulda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov,  XİN və parlamentin nümayəndələri, İrandakı diplomatik korpusun nümayəndələri, eləcədə BMT-nin İrandakı əlaqələndiricisi Geri Luis  iştirak ediblər.

 

Səfirliyin həyətində quraşdırılmış böyük monitorda Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəniyyəti haqqında film nümayiş olunub.

 

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra açılış nitqi ilə çıxış edən ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci il mayın 28-də məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb. Səfir bildirib ki, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dil elan olunması, milli ordunun və dövlət idarəetmə qurumlarının təşkili Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilib.

 

Səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə 28 May - Respublika Günü kimi qeyd edilir.

 

“Bu gün qürurla deyə bilərik müstəqil Azərbaycan  dünyanın  əksər ölkələri ilə uğurlu ikitərəfli əməkdaşlıq qurub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri var”, - deyə  B.Hüseynov bildirib.

 

Səfir vurğulayıb ki, tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən, Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir.

 

B.Hüseynov, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb: “Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Azərbaycan və İran münasibətləri ortaq tarixə, mədəniyyətə, xalqlarımızın ənənəvi dostluğuna söykənir.  Son 4 ildə Azərbaycan və İran prezidentləri 8 dəfə görüşüb, müxtəlif sahələri təmsil edən nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfərləri həyata keçirilib, 50-yə yaxın sənəd imzalanıb. 2016-cı ildə isə ölkələrimiz arasında ticarət dövriyyəsi 75 faizədək artıb”.

 

Sonra çıxış edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Respublika günü münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. 

 

M.Vaezi həmçinin İslam Həmrəylik Oyunlarında Azərbaycanın çempion olması münasibəti ilə ölkəmizi təbrik edərək  İran-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib.  

 

İran rəsmisi dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə ümidvar olduğunu deyib.

 

M.Vaezi iki ölkə arasında dini və mədəni oxşarlıqların çox olduğunu vurğulayıb: “Ümid edrəm hər iki ölkə həmişə bir-birinə dəstək olacaq. Əminəm ki, Azərbaycan və İran əlaqələri İranda yeni hökumətin təşkili ilə qonşu ölkələrə nümunə olacaq bir səviyyədə qurulacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR