Gəncənin içməli su və kanalizasiya sistemi yenidən qurulur (FOTO)

Gəncənin içməli su və kanalizasiya sistemi yenidən qurulur (FOTO)
15:29 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi üzrə işlərə başlanılıb.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bu münasibətlə Gəncə şəhərində keçirilmiş tədbirdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı sayəsində son illər şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır: “Respublikanın ikinci böyük şəhəri sayılan Gəncənin sosial-iqtisadi inkişafında içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Ötən müddətdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilərək şəhərin içməli su təchizatı yaxşılaşdırılıb. Ümidvarıq ki, layihənin növbəti mərhələsi üzrə işlər qısa müddətdə yekunlaşacaq”.

E.Məmmədov Gəncə şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə görülmüş işlər barədə məlumat verərək bildirib ki, artıq şəhərə müxtəlif mənbələrdən suyun verilməsi təmin edilib. Hazırda Gəncə şəhərində su və kanalizasiya şəbəkələrin tikintisi işləri davam etdirilir: “Bu gün icrasına başlanılan 4-cü mərhələ çərçivəsində Gəncə şəhərində həcmi 5 min kubmetr olan su anbarının, 195 kilometr içməli su, 144 kilometr kanalizasiya şəbəkəsinin, 41 kilometr kollektorun və 2,3 kilometr mikrotunelin inşası nəzərdə tutulur. Bu mərhələ üzrə görüləcək işlər 80 min nəfər sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdıracaq. Tikinti-quraşdırma işlərinin keyfiyyətlə icra olunması üçün bütün zəruri tədbirlər görüləcək”.

Layihənin podratçı şirkəti olan “Azəraqrartikinti” ASC-nin direktoru Bayram Heydərov Göygöl və Goranboy rayonlarında icra etdikləri layihələr haqqında məlumat verib. B.Heydərov 4-cü mərhələdə 30 ay müddətində nəzərdə tutulan işlərin 24 aya tam keyfiyyətlə təhvil veriləcəyini bildirib.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə görülən işlərə görə şəhər sakinləri adından dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib.

Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılıb. Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2014-cü ilin fevralında başa çatdırılıb.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, 4 km magistral su kəməri, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 km anbarlararası xətt inşa edilib.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək. 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir və ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 81 km içməli su, 70 km kanalizasiya şəbəkəsi çəkilib. Eyni zamanda şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulmuş, 7 minə yaxın sayğac quraşdırılıb.

Layihənin növbəti mərhələlərində Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatdırılacaq.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Xatırladaq ki, Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ötən əsrin 30-cu illərindən başlanılıb. Müxtəlif illərdə yaradılmış 515 km içməli su şəbəkəsi mövcuddur. Gəncə şəhərinə içməli su Qızılqaya, Göygöl su mənbələrindən və subartezianlardan verilir. Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alırlar.

Gəncə şəhərində 315 km uzunluğunda kanalizasiya şəbəkəsi mövcuddur və şəhərin təqribən 45 faizini əhatə edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2758690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR