İSLAMİADA: Azərbaycanın yeni standartları və Bakıdan başlanan həmrəylik

İSLAMİADA: Azərbaycanın yeni standartları və Bakıdan başlanan həmrəylik
16:58 24 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

“Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartları tətbiq etdik”.

Prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə dediyi bu sözlər Azərbaycanın idman təcrübəsinin, kreativ təşkilatçılıq bacarığının ifadəsidir.

Azərbaycan standartları

Hələ 2012-ci ildə Avropanın musiqi yarışmasını – “Eurovision”u Bakıda keçirərkən Azərbaycanın buna nail olacağına şübhə edənlər tapılmışdı. Hərçənd, bu şübhəçilərin əksəriyyətinin siyasi məqsədləri də var idi. Lakin “Eurovision” mahnı yarışmasının təşkilatçılığı ilə Azərbaycan öz dəsti-xəttini formalaşdırdı. Dünyaya “Avropa standartları” ixrac edən “Köhnə Qitə” Azərbaycan standartları qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Bunun məntiqi davamı olaraq, 2015-ci ildə keçirilən I Avropa Oyunlarında da məkan olaraq Azərbaycan seçildi. Azərbaycanın yüksək təşkilatçılığı ilə Avropanın idman tarixində ilkə imza atıldı.

Bakıdan verilən mesaj

Bunların fonunda, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da möhtəşəm olacağı, İslam aləmində böyük iz buraxacağı əvvəlcədən bəlli idi.

Mayın 12-də baş tutan açılış mərasimi ilə Azərbaycan öz dəsti-xəttini bir daha nümayiş etdirdi. Mərasimdə İslam dininin mütərəqqiliyi, elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu nümayiş etdirdi. Əslində bu Bakıda dünyaya islamofob düşüncələrə verilmiş gözəl mesaj idi. Bununla yanaşı, mərasimdə Azərbaycan xalqının zəngin, qədim tarixi, mədəniyyəti bütün İslam aləminə və dünyaya təqdim olundu. Eyni ecazkarlıq mayın 22-də keçirilmiş bağlanış mərasimində davam etdi.

Mayın 12-dən 22-nə qədər olan 10 gün ərzində isə Azərbaycan oyunları ən mükəmməl şəkildə təşkil etdi. Təbii ki, “Eurovision-2012” və I Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da Təşkilat Komitəsinin sədrinin Mehriban xanım Əliyevanın olması faktoru böyük rol oynadı. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə həll etmişdi. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsinin hazırladığı bütün beynəlxalq tədbirlər - 2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb.

Əslində dünyanı heyran qoyan Azərbaycanın təcrübəsi Prezident İlham Əliyevin dəstəyi ilə məhz xanım Mehriban Əliyeva tərəfindən yaradıldığını desək yanılmarıq.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bir daha sübut etdi ki, bu gün Azərbaycan dünya miqyasında əvəzolunmaz ölkəyə çevrilir.

Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. 2015-ci ildə I Avropa Oyunlarının, iki il sonra, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının məhz Bakıda keçirilməsi də bunu sübut etdi.

Bu, həm də Azərbaycanın İslam dəyərləri ilə müasirliyin təcəssüm etdiyi məkan olduğunun da sübutudur.

Avropa Oyunlarında olduğu kimi İslamiadanın da ölkəmizdə keçirilməsinin bir sıra mühüm səbəbləri mövcuddur:

- Azərbaycan dünya miqyasında böyük hörmətə, həmçinin müsəlman aləmində böyük rəğbətə layiq ölkədir.

- Bu, İslam dünyasının Azərbaycana olan böyük hörmətin və inamın təzahürüdür.

- Və təbii ki, təcrübə burada böyük rol oynayır.

IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünü, qüdrətini göstərir. Bir daha təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə, eyni zamanda, öz standartlarını tətbiq edə bilər. Oyunlarda əldə etdiyimiz qələbə isə Azərbaycan idmanının inkişafının nümunəsi oldu.

İdmançılarımız 54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq, tarixi qələbəyə imza atdı. Və bir daha sübut olundu ki, Azərbaycan dünya miqyasında güclü idman dövlətidir. Qələbin kökündə dayanan amillər də diqqətdən yayınmır.

- Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən idmanda da öz bəhrəsini verir.

- İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində idmanın inkişaf etdirilməsi sahəsində atılmış addımlar bugünkü yüksək nəticələrin əsasında dayanan başlıca amildir.

Bu oyunlarında Azərbaycanın qələbəsi təkcə aktivindəki medalların sayının çoxalması ilə yekunlaşmadı. Ortada ciddi siyasi və iqtisadi dividentlər var.

Siyasi divident

1. Yarışları 50-dən çox ölkədə 1 milyarddan artıq tamaşaçı izlədi. Bu, Azərbaycanın təbliğində böyük rol oynayan amildir.
2. Bu yarışlar Azərbaycanın İslam dünyasında nüfuzunu daha da möhkəmləndirəcək.
3. Oyunlar zamanı yaranacaq əməkdaşlıq beynəlxalq siyasi arenada bizə dəstək verən ölkələrin sayını artıracaq.
4. Bu oyunlar Dağlıq Qarabağ həqiqətlərinin tanınması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığı haqq mübarizəsinə mühüm töhfə olacaq.
5. Bununla yanaşı, Azərbaycanda multikultural dəyərlərin təbliği baxımından bu oyunlar mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın multikulturalizm modelinin İslam aləminə yayılmasında və ölkəmizin cəlbedici mərkəzə çevrilməsində əsas faktordur. Beynəlxalq mədəni və idman tədbirləri siyasi diplomatiyada uğur qazanmağa təsir edən amillərdir. Biz, I Avropa Oyunlarında bunun şahidi olduq. İslamiada bu prosesin davam etdirildi.

İqtisadi divident

1. Bu oyunlar Azərbaycana turist axınını təmin edəcək.
2. Bu oyunlar həm də Azərbaycanın sabitlik adası olduğunu göstərdi. Sabitlik isə ilk növbədə xarici investorlar üçün cəlbedici faktordur. Hesab etmək olar ki, perspektivdə Azərbaycana gələn xarici sərmayələrdə ciddi artımlar müşahidə ediləcək.

Azərbaycanın bu oyunlardan əldə etdiyi ən böyük qazanclardan biri isə ölkədə idman ənənəsinin davam etdirilməsidir. Bu ənənənin davamı və dövlətin idmançılara olan qayğısı gənc nəslin idmana daha çox meyillənməsinə müsbət təsir göstərir. Bu isə ölkəmizin gələcəyinin daha sağlam olması deməkdir.

İslam dünyasının qazancı

Bakıda İslam dünyası da böyük qazanc əldə etdi. Hər şeydən öncə İslam ölkələrinin idmançılarının bir araya gəlməsi ilə gələcək həmrəyliyin də əsası qoyuldu. Oyunların keçirilməsinin başlıca məqsədi də məhz İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətmək idi. Azərbaycanın da müsəlman aləmində siyasəti ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi problemlərə son qoyulsun. Azərbaycanın buna nail olduğunu əminliklə deyə bilərik.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/200025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR