Metro istifadəçilərinin NƏZƏRİNƏ!

Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib. Bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yeniliklərdən danışıb:

“Laboratoriyada yeni alınan cihazlar var ki, onlar vasitəsilə stansiyalarda, tunellərdə, qatarlarda analizlər aparılır. Yay mövsümü olduğuna görə, xüsusilə havanın təmizliyi məsələsinə xüsusi diqqət yetiririk. Stansiyalarda havanın təbii axını nəzərə alınaraq, Bakı metropoliteninin ərazisindəki bütün ventilyatorların qurğusu ona görə müəyyən edilir. Məsələ ilə bağlı işlər mayın 16-dan etibarən artıq yekunlaşıb, plan təsdiq olunub. Ventilyatorların yay qrafikinə keçilib. Ümumiyyətlə, bir neçə ildir ki, havalandırma sistemində dəyişikliklər edirik. Əvvəlki ventilyatorlar dəyişdirilib, istismar müddətini başa vurmuş və vurmaqda olan ventilyatorlar hamısı yenisilə, daha müasiri ilə əvəz olunub. Onlar həm mühərrik baxımından daha güclüdür, eyni zamanda qənaətcildirlər. Cihazlar insan həyatı üçün hər hansı bir təhlükə yaratmır. Çalışırıq ki, maksimum dərəcədə metroda havalandırma yaxşı təşkil olunsun. Bəziləri deyir ki, qatarlarda havasızlıqdır, istidir. Demək istəyirəm ki, söhbət vaqonlardan gedir. Bəli, bizim mövcud qatarlarımızda kondisioner sistemi quraşdırmaq olmur. Çalışırıq ki, qatarlarda təbii havalandırmanı maksimum şəkildə təmin edək ki, insanların səhhətində problem yaranmasın. Qatarlar istismar müddətini başa vurmadığına görə, orada kondisioner sisteminin quraşdırılması da gündəmdə deyil. Bunun üçün bir neçə il tələb olunur”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR