​Kino çox vacibdir, cənablar!

Son illər yerli kino bazarında sözün yaxşı mənasında bir canlanma hiss olunur. İstər sosial şəbəkələr olsun, istərsə də yerli KİV-lərdə hər gün kimlərinsə qala gecələri, bər-bəzəkli fotosessiyaları, cicili-bicili ədası, yerə-göyə sığmayan aktrisacıqların güllü-çiçəkli selfilərini gorürük. Ciddi və qeyri-ciddi mətbu orqanlarının sayəsində isə bu proseslər xeyli tirajlanır. Hər halda, bu sahəyə pul yatırmaq və nələrəsə cəhd yaxşı qarşılanmalıdır. Biri var sakit hadisələri izləyəsən və heç nə etmədən özünə kino dühası deyəsən, biri də var düha olmadan nə isə etməyə çalışasan. Amma əsas mövzu bu deyil. Hazırki dövrdə çəkilən filmlərin heç olmasa birinin ciddi mövzusu varmı?

Bakı kinoteatrlarında nümayiş olunan ciddi mövzulu yerli istehsal olan film adı çəkə bilərsiniz? Sualımı özüm cavablandırım. 2012-ci il 2 avqust Milli Kino Günü saat 18:00-da Elxan Cəfərovun çəkdiyi “Dolu” filminin təqdimat gecəsi.Təm-təraqsiz və “selfilərsiz”, sadə bir təqdimat. “Dolu”nun üstünlüklərini və çatışmazlıqlarını sadalamaqdan uzağam. Kifayət qədər sevindirici məqamlar var idi, bəzi nöqsanlar da öz yerində. Amma istənilən halda, mövzu baxımından və təqdimat cəhətdən “Dolu” öz missiyasını yerinə yetirdi. Bu kommersiya lahiyəsi deyildi, əyləncəli kino da deyildi.

Gələk əsas məsələyə, müasir Azərbaycan kinosunun komediyaya çevrilməsinə. Bəli, Bəli komediya. Lakin tragikomediya... Qurşaqdan aşağı zarafatların meydan suladığı, bayağı hırıltı, nidalı komediyalar. Nədənsə iki-üç klip cəkməklə özünü rejissor adlandıran şəxslər asan yolu seçərək pul qazanmaq istəyirlər. Və ən sadə yolda bir neçə sosial şəbəkə qəhrəmanının aktyorluğa calanması olur. Film uğursuz olanda isə əsas bəhanə kimi maliyyə çatışmazlığı önə çəkilir. Bəylər, nəzərinizə çatdırım ki ,normal film çəkmək üçün heç də çox vəsait şərt deyil. Misal üçün Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadoluda”sını və Zaza Uruşadzenin “Mandarinlər” filmlərini göstərmək olar. Hər iki film məhdud büdcə ilə çəkilsə də, kino tarixinə adını yazdıra bilib.

Kino çox vacibdir, cənablar! Paslanmış Azərbaycan kinosunu qış yuxusundan oyatmaq lazımdır. Bu isə sözün hər mənasında professional olan rejissorların və bu sahə ilə bağlılığı olan şəxslərin üzərinə düşür.

P.S. Rövşən İsaxın “Aktrisasını, İlqar Nəcəfin “Butasını” və xatırlamadığım bir neçə uğurlu filmi çıxmaq şərti ilə.

P.S. Aleksey Balabanov əfsanəvi “Brat” (Qardaş) filmini çəkən zaman vəsait çatışmazlığı səbəbindən filmin çox hissəsini bir dubla lentə alıb...

Rüfət Xəlilov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR