“...sifətimə şillə vurdu, burnum qanadı” - tanınmış baş redaktor

“...sifətimə şillə vurdu, burnum qanadı” - tanınmış baş redaktor
22:04 24 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“1967-ci ildə Culfa rayonunun Saltaq kəndində dünyaya gəlmişəm. Əkiz qardaşım İlqarla uşaqlığımız Saltaqda keçib. 1974-cü ildə Saltaq kənd 8 illik məktəbinə getmişik. Məktəbi bitirməyimizə 2 il qalmış məktəbimiz 10 illik oldu. 1984-cü ildə orta məktəbi bitirib hər ikimiz Azərbaycan Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olduq. Ailəmizin maddi vəziyyəti ağır olduğundan axşam şöbəsində təhsil alıb, gündüzlər "Azərneftkimyazavodtəmir" Trestinin 1 nömrəli Təmir-tikinti idarəsində yardımçı fəhlə işləyirdim. O illərdə axşam şöbəsində qiyabi oxuyanları hərbi xidmətə çağırırdılar. 1985-ci ilin may ayında hərbi xidmətə yollanmışıq. Əkiz qardaşım İlqarla İrkutsk vilayətinin Zima şəhərində 2 il əsgərlikdə olmuşuq. Bizdən 6 ay sonra o biri qardaşımı da əsgər aparmışdılar. Təsəvvür edin, bir ailənin eyni vaxtda 3 oğlunun hərbi xidmətdə olması sıradan bir hadisə deyil.”

 

Bu sözləri “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyir. Bu gün onun doğum günüdür. Elə bu münasibətlə də Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı məhz odur.

 

“Çoxuşaqlı ailə olmuşuq. Rəhmətlik anam o dövrün qayda-qanunlarına görə çox uşaq dünyaya gətirib, böyütdüyünə görə “Qəhrəman ana” fəxri adına layiq görülmüşdü. Hətta anama bu münasibətlə SSRİ Nazirlər Sovetinin sədri tərəfindən qızıl medal da təqdim olunmuşdu. 10 övladı olub. Çox çətinliklə böyümüşük. Orta məktəb illərində digər kənd uşaqları kimi çətinliklərimiz də olub, qayğısız çağlarımız da. Düşünürəm ki, çətin günlərimiz qayğısız günlərimizdən çox olub. Orta məktəb illərimiz əzab-əziyyətlə keçib. Dərsdən qayıdan kimi təsərrüfatla məşğul olmaq, eyni zamanda, dərs oxumaq zəhmət tələb edirdi. Qoyun-quzu da otarmışam, tarlada da işləmişəm, dərslərimi də oxumuşam. “İlk dərs günüm” deyəndə həyəcanlı olduğumu xatırlayıram. İbtidai sinif müəllimimiz Müzəffər Məhərrəmov olub. Ədalətli, tələbkar müəllim idi. Gözəl insandır. Uşaqlara diqqət və qayğı göstərərdi. İndi 80-ə yaxın yaşı var. Bu gün də ağsaqqal kimi onun qayğısını hiss edirəm. Bütün müəllimlərimi hörmətlə xatırlayıram. Ölənlərə rəhmət diləyir, qalanlara cansağlığı arzu edirəm. Kəndimə bağlı adamam. Dünyanın harasında oluramsa olum, özümü ən rahat, sərbəst hiss etdiyim yer – ana ocağı, ata evimdir. Hər dəfə doğulduğum kəndə ayaq basanda hökmən müəllimlərimlə görüşürəm. Onların yanında özümü yenə şagird kimi hiss edirəm.

 

 

Sevimli müəllimlərinin adını sadalayır: “Ələkbər müəllim, məktəbin direktoru Dövlət müəllim, Hüseyn müəllim rəhmətə gedib. Dil-ədəbiyyat müəllimim Həsən müəllim, Rafiq müəllim, məktəbin ən ciddi və savadlı müəllimlərindən biri – Zülfüqar müəllim yaşayırlar. Allah onlara uzun ömür versin!

 

Sevmədiyi müəllim də olub. İnciməsin deyə adını çəkmədən onunla bağlı xatirəsini danışır.

 

“Rəsmxət dərsi deyirdi. Sinifdəki qızların da əvəzinə həndəsi fiqurları çəkirdim. Qızlar üçün çəkdiyim rəsmlərə “5” verirdi, mənə “4”. Deyirdim, axı mən öz işimə daha çox can yandırmışdım, niyə onlara “əla”, mənə “yaxşı” verirsiniz (gülür)?!. Təbii ki, bunlar hamısı tarixdə qalıb, bu gün o müəllimlərimin adını fəxrlə çəkirəm. Çox tələbkar müəllimlərimiz olub. Bənənyar kəndindən Əkbər müəllim vardı. Riyaziyyat dərsi deyirdi. Yeddinci sinifdə oxuyurdum. Bir dəfə dərsimi zəif oxuduğuma görə sifətimə bir şillə vurdu. Hətta burnum qanadı. Onun bu hərəkətini yüksək qiymətləndirdim. Axı, o vaxt məni bugünkü Vüqar Rəhimzadə olmağım üçün vurmuşdu. Allah ona rəhmət eləsin! Sinifdə 22 şagird idik, bir ildə onlardan 8-i ali məktəbə qəbul olunmuşdu.

 

Deyir, ilk məqaləsini məktəb illərində yazıb.

 

 

“İndi “Arazın səsi” adlanır, o illərdə “Zəfər” qəzeti idi. İlk yazım beşinci sinifdə oxuyanda o qəzetdə çıxmışdı. Sovxoz həyatı, məktəb, idmanla bağlı yazılarım dərc olunardı. Eyni zamanda “Şərq qapısı” qəzeti ilə də əməkdaşlıq etmişəm. Habelə “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan pioneri” qəzetləri ilə də sıx əməkdaşlığım olub. O illərdə jurnalistika, hüquq və bir neçə ixtisas vardı ki, oraya qəbul olunmaq üçün təcrübə tələb olunurdu. Özümü sınamaq məqsədi ilə sənədlərimi Azərbaycan Neft və Kimya İnstitutuna təqdim etdim. Xoşbəxtlikdən elə həmin ildə də ali məktəbə qəbul olundum. Birinci kursdan sonra hərbi xidmətə getdim. Ordan qayıdandan sonra oxumaqdan imtina etmək istədim. Qardaşlarım məni bu fikirdən çəkindirdilər. Təhsilimə davam etdim. Sonralar Bakı Dövlət Universitetinin Hüquq fakültəsini də bitirdim. Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dosentiyəm. Elmi işimi jurnalistika sahəsindən müdafiə etmişəm. Doktorluq işimi yekunlaşdırmaq üzrəyəm”.

 

 

Sovet dövründə digər məktəblilər kimi onlar da üzüm yığmağa gediblər.

 

 

“Üzüm yığımı sentyabrın sonlarında başlayırdı. Bir vedrəyə 1 “bilka” verirdilər. Vedrəni təhvil verdikcə, boş vedrəyə “bilka” atıb qaytarırdılar. Gün ərzində 1-1.5 manat qazanırdıq. Bundan əlavə, qəzetdən yaxşı qonorar alardım. Yaxşı xatırlamıram, ya 6-cı, ya da 7-ci sinifdə oxuyan zaman pulumu yığıb, “Desna” markalı velosiped almışdım. Çünki uşaqlıqdan velosiped həsrətində olmuşduq. Velosiped almaq imkanlı ailələr üçün adi bir iş olsa da, bizim üçün əlçatmaz kimi görünürdü. Yaxşı yadımdadır, qardaşım Malik velosipedi Naxçıvandan almışdı. Oradan kəndimizə özü sürüb gətirmişdi.

 

- Dərsdən qaçmısınız?

 

 

- Yox. Payız vaxtı ən maraqlı əyləncəmiz aşıq oyunu olardı. Aşıqları 3 qəpikdən satardıq. 10 qəpiyə velosiped kirayələmək olurdu. 3 qəpikləri yığıb velosiped sürürdük. Amma heç vaxt dərsdən qaçmamışam. Sakit, intizamlı şagird olmuşam. Düşünürəm ki, bu intizamlılıq müsbət mənada öz yaxşı effektini ortaya qoyub. Müəllimimin sözünə qulaq asmasaydım, təbii ki, dərslərimi də yaxşı oxumayacaqdım. Allah rəhmət eləsin, fizika dərsini tədris edən Səyyad müəllim çox tələbkar müəllim idi. Bir dəfə dərsdə şuluqluq etmişdim, məni yumruqla necə vurmuşdusa, qolum şişmişdi.

 

- Parta yoldaşınız kim olub?

 

 

- Bəxtiyar Novruzov. Sonra dəyişdilər, Həbib Səfərov oldu. Qardaşım İlqarla da bir sinifdə oxumuşuq. Onunla da eyni partada oturmuşam.

 

- Qardaşınızla dalaşmırdınız?

 

 

- Heç vaxt. Atamı kiçik yaşlarımda itirmişəm. Rəhmətlik çox ciddi insan idi. Anamız bizi çox çətinliklə böyüdüb. Bizim üçün çox fədakarlıq edib. Həyatımdakı ən ağır iz buraxan hadisə anamın həyatdan köçməsi olub. Ona görə yox ki, o, rəhmətə getdi. Təbii ki, insan bir gün dünyaya gəldiyi kimi, bir gün də dünyadan köçməlidir. Bu, təbii haldı. Böyüdük, boya-başa çatdıq, anamızın bizə müqəddəs qayğılarının əvəzini vermək məqamında onu itirdik. Adam həmişə düşünür ki, anamın qulluğunda duraydım. Təəssüflər olsun, zaman baxımından imkan olmadı. Bax, o, məni çox narahat edir. Anamın qulluğunda yetərincə dura bilmədik. Bu, məni daim sıxır.

 

 

“Payızda qovurma qovurardıq. Məsələn, mən qazanın yanından keçəndə anam xəlvətcə çağırıb qovurmadan bir tikə götürüb ağzıma qoyardı. Eləcə də, o biri qardaşlarımı. Bir-birimizdən gizlin, hamımızı yedirdərdi.

 

“Camış qatığı! Camış qatığı!”

 

 

- O vaxt məktəblərdə dərslər mayın 24-də başa çatar, 25-də son zəng olardı. Məktəb bitəndə bizi ekskursiyalara aparardılar. Məmməd Səid Ordubadinin ev muzeyini, Nəiminin qəbrini ziyarət etmişik, baramaçılıq fabrikində olmuşuq. Sinif yoldaşım vardı - Əli. Allah ona rəhmət eləsin! Onun bir sözü heç vaxt yadımdan çıxmır. Ekskursiyaya gedəndə evdən yemək götürərdik. Biri soyutma yumurta gətirərdi, digəri kartof. Əligilin camışları vardı. O, camış qatığı gətirmişdi. “Camış qatığı! Camış qatığı!” qışqıra-qışqıra hamını yeməyə dəvət edərdi.

 

- Məktəb illərində sevgi-məhəbbətlə aranız nrcə olub?

 

 

Olub. Çox dərinə getməyək. Çox təxribatçı sualdır (gülür). Sevinirəm ki, çox sağlam, məni sevən, mənim də sevdiyim ailəm var. Uşaqlarımızın qayğısını məndən də çox çəkən onların anasıdır. Və mən daim onlara qarşı həssasam, onlar da mənə qarşı diqqətcildirlər. Ailəmdən, həyat yoldaşımdan, övladlarımdan çox razıyam. 3 oğul atasıyam. “Qəhrəman ata” demək olar mənə. Böyük oğlum hərbi xidmətdədir. BDU-nun məzunudur. İnşallah, yayda xidmətini başa vurub qayıdacaq. İkinci oğlum BDU-nun sonuncu kursunda oxuyur. Üçüncü oğlum orta məktəbə gedir. Arzu edirəm bütün ailələr bizim ailəmiz kimi sağlam olsun!

 

 

Son zəng...

 

 

- Kəndimizin yaxınlığından çay axır. Əlincə çayı. Əvvəl çayın sahilində qeyd etdik, sonra getdik Ordubada. Məmməd Səid Ordubadinin ev muzeyinə. Qoyun almışdıq. Ordubadın Üstüb kəndinin yuxarı hissəsində kabab bişirdik. Hərə bir tikə götürüb yeyirdi. Sinif yoldaşım Hidayət isə bir dəfə dişləyib yanına yığırdı ki, kimsə əl vurmasın, özü yesin (gülür). 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR